Güclü özəl sektor sosial-iqtisadi inkişafın təminatçısıdır

 

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir

 

Ölkəmizdə biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür. Son illərdə iqtisadiyyatımızın artımı qeyri-neft sektoru hesabına təmin edildiyindən bu sektorun inkişafında aparıcı qüvvə kimi sahibkarlığa geniş meydan verilib.

Sahibkarların qanuni fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, vergi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi özəl sektorun inkişafına stimul verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun isə sahibkarlığın inkişafı üçün atılan növbəti addım kimi qiymətləndirildi. Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlar, nəinki sahibkarlar, eləcə də bütün ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı.

Sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoyub. Sahibkarlara dövlət səviyyəsində daim diqqət göstərilir. Onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran dövlət proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icrası ölkədə sahibkarlığın inkişafına münbit şərait yaradır. Təsadüfi deyil ki, sahibkarlara son 6 ayda 63 milyon manat, bu günədək isə ümumilikdə 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib. Bunun hesabına yeni istehsal sahələri, çoxsaylı yerləri açılıb. Beləliklə, investisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu mexanizm işə düşəndən sonra Azərbaycana 1,6 milyard manat dəyərində investisiya yatırılıb. Nəticədə, xeyli sayda yerləri açılır və yaxşı iqtisadi sənaye potensialı yaranır.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı Prezident İlham Əliyevin dövlətin sahibkara, sahibkarlıq fəaliyyətinə olan dəstəyinin bir daha təzahürü idi: “...Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm...”

Azərbaycan sahibkarına dövlət tərəfindən istər maddi, istərsə də mənəvi dəstək var. Qalır məsuliyyətlə, vicdanla işləmək, məhsullar istehsalını artırmaq və bunun üçün mövcud potensialdan səmərəli istifadə etmək! Zaman keçdikcə artıq müsbət nəticələri görmək mümkündür. Bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, pambıq 154 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtlispirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz, soğan, pambıq lifi, süd məhsulları isə dəfələrlə artıb. Sənaye məhsullarının ixracına gəldikdə isə qızıl 64 faiz, alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun isə 123 faiz artıb.

Növbəti mərhələdə ixracın coğrafiyasını genişləndirmək prioritet məsələlərdəndir. Azərbaycanın ənənəvi bazarları mövcud olsa da, məqsəd o bazarlarda mövqeləri daha da gücləndirməklə yanaşı, yeni bazarlara çıxmaqdır. Artıq Azərbaycan bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarını ixrac etməyə başlayıb. Çünki Körfəz ölkələrinin bazarı böyük və məsafə baxımından yaxındır.

İndi hədəf Avropa İttifaqı ölkələrinin bazarlarına çıxmaqdır. Bunun üçün sahibkarlarımız öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerlərini cəlb etməlidirlər. Bunun üçün Azərbaycan sahibkarlarının hər cür imkanları var.

Ümumiyyətlə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hərtərəfli inkişaf yolundadır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olmasının, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu davamlı şəkildə artırır. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçikorta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq həyata keçirilən kompleks və ardıcıl tədbirlər, dövlət dəstəyi, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi səmərəli nəticəsini verir. Ölkəmizdə sənaye və texnologiyalar parklarının, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin, biznes forumların, sərgilərin təşkili və s. kimi tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 18 avqust.- S.1;3.