Göygöldə əsaslı şəkildə yenidən
qurulan 4 saylı körpələr evi-uşaq bağçasının
açılışı olub
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.
Qeyd edildi ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.
Azərbaycan
dövləti gələcəyimiz olan
uşaqların təlim-tərbiyəsinin təşkili,
onların sosial müdafiəsinin gücləndirilməsi,
əsl vətənpərvər və sağlam
yetişməsi istiqamətində mühüm
layihələr icra edir.
Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan
şərait bu istiqamətdə
görülən işləri əyani surətdə təsdiq
edən nümunələrdən biridir.
Azərbaycan.-
2017.- 20 avqust.- S.2.