Prezident İlham Əliyev Gədəbəy rayonunun
içməli su təchizatı layihəsinin
açılışında iştirak edib
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Sabahınız xeyir, sizi ürəkdən salamlayıram. Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir.
Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var.
Bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasətin bir təzahürüdür. Çünki siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub. Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir.
Gədəbəy rayonunda ekoloji vəziyyət çox yaxşıdır. Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır. Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki, Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə etsin. Biz buna nail olduq.
İnsanların sağlamlığı üçün əlbəttə ki, ikinci mühüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəydə həll olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana açılıbdır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir.
Digər infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik yarımstansiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.
Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, - vətəndaşlar məsələ qaldırmışdılar ki, kənd yolları bərbad vəziyyətdədir. Biz bu məsələni də tədricən həll etdik. Gədəbəydə üç kənd yolu layihəsi icra olunmuşdur və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir. Əslində Gədəbəydə 100-dən bir qədər çox kənd var. Gədəbəydə bütün kənd yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki yolların bərbad vəziyyətdə olması həm insanları narahat edirdi, gediş-gəliş çətinləşirdi, həm də bu, kənd təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı, iqtisadi potensialı artır. Gözəl kənd yollarının mövcudluğu sizə imkan yaradacaq ki, öz məhsulunuzu bazarlara daha da tez bir zamanda çatdıra biləsiniz. Ümumiyyətlə, inkişaf üçün – turizmin, kənd təsərrüfatının inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır.
Gədəbəy rayonunda
qazlaşdırma 52 faiz səviyyəsindədir. Bu da rayonun
relyefi ilə bağlıdır. Amma tədricən
qazlaşdırma da artmalıdır. Beləliklə,
rayonda bütün infrastruktur problemləri həll olunur.
Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye
müəssisələri yaradılır. Mənə
verilən məlumata görə, qızıl mədəni sahəsində
600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral sular zavodu çox
yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib.
Bu, həm daxili bazarı təmin edir, eyni
zamanda, ixrac potensialı da yaranır. Bu da
rayonun iqtisadi inkişafına böyük dəstəkdir.
Gələcək illərdə
emal sənayesinin, kənd təsərrüfatının
inkişafı əlbəttə ki, rayon üçün
prioritet olaraq qalacaq. Biz hamımız – siz də, fermerlər də,
sahibkarlar da növbəti illərdə bu istiqamətdə
çalışmalıyıq ki, məhsuldarlığı
artıra bilək. Mən yolla gələndə
gördüm ki, fermerlər artıq dağların
yamaclarında da əkin işlərinə
başlamışlar. Yəni, bu, nəyi
göstərir? Onu göstərir ki,
artıq bütün yerlər əkilib. Bu
da çox sevindirici haldır ki, indi fermerlər artıq
dağlara da çıxıblar və orada da əkin işləri
aparırlar. Biz gələcəkdə istehsalın
artımına ancaq məhsuldarlığın artımı
hesabına nail ola bilərik. Dünən
Göygöl rayonunda açılan kənd təsərrüfatı
laboratoriyasının fəaliyyəti nəticəsində biz
buna nail ola bilərik. Ona
görə, bütün fermerlərə, kəndlilərə
məsləhət görürəm ki, məhsuldarlığın
artımına böyük diqqət göstərsinlər.
Bu, ilk növbədə, onlara və dövlətə
lazımdır. Çünki biz
özümüzü bütün ərzaq məhsulları ilə
tam şəkildə təmin etməliyik.
Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi
hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir.
Bu, onu göstərir ki, ölkəmizdə
sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə
belə müsbət dinamika var. Çünki indi bəzi
ölkələrdə əhali nəinki artır, azalır.
Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə
miqrasiya, nə təbii azalma var. Çünki ölkə
iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri
açılır, insanlar üçün şərait
yaradılır, bax, belə gözəl
infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları
öz torpağına çox bağlıdırlar. Ancaq
biz bu amili mütləq həmişə yadda
saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni
tələblər qoyur. Yeni məktəblər,
uşaq bağçaları, xəstəxanalar tikilməlidir,
infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq
məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları
ilə tam təmin etmək üçün böyük
işlər görürük. Ancaq bizim
torpaq fondumuz məhduddur. Ona görə,
bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın
artımı hesabına inkişaf etməlidir, o cümlədən
Gədəbəy rayonunda.
Gədəbəydə bir
gündə həm yarımstansiyanın, həm limonad
zavodunun, həm Heydər Əliyev Mərkəzinin
açılışı, həm də içməli su
layihəsinin istifadəyə verilməsi göstərir ki,
ölkəmizdə işlər yaxşı gedir. Gədəbəy
rayonunda sosial-iqtisadi məsələlər öz həllini
tapır. Rayonun gələcək
inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcək, yeni sərəncam imzalanacaq ki, bu
günə qədər həll olunmamış məsələlər
də öz həllini tapsın və rayonda işlər həmişə
yaxşı getsin. Mən sizi bu gözəl
hadisə - içməli su layihəsinin başa
çatması münasibətilə ürəkdən təbrik
edirəm.
***
Gədəbəyin inkişafına
göstərdiyi diqqət və qayğıya görə rayon
ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq
edən Məlahət ƏLİYEVA dedi:
-Möhtərəm cənab Prezident,
icazə verin bütün gədəbəylilər adından
Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz” deyim.
Cənab Prezident, bu gün gədəbəylilərin
sevincinin həddi-hüdudu yoxdur. Sizin budəfəki
səfəriniz şəhərimizin ən böyük
probleminə son qoydu. Siz qeyd etdiyiniz kimi, uzun illər idi
şəhər camaatı sudan çox
böyük əziyyət çəkirdi. İnsanlarımız
yollarda qalmışdı, müxtəlif vasitələrlə,
müxtəlif mənbələrdən su
daşıyırdılar. Artıq bu
problem Sizin qayğı və diqqətiniz nəticəsində
öz həllini tapdı. Şəhərimizin
sakinlərinin canı bu əzab-əziyyətdən birdəfəlik
qurtardı. Bütün bunlara görə
Sizə gədəbəylilər adından minnətdarlığımızı
bildiririk. Sizə və ailənizə
cansağlığı arzulayırıq. Sağ olun.
***
Rayon sakini Tofiq MİRZƏYEV dedi:
-Cənab Prezident, bütün
bölgələrdə olduğu kimi, Gədəbəy
rayonunda da sürətli inkişaf gedir. Gündən-günə
gözəlləşən rayonumuzun siması tamamilə dəyişib.
Bu gün açılışını
etdiyiniz Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, onun ətrafı
gözəl Gədəbəyə xüsusi yaraşıq gətirir.
Cənab Prezident, rayonumuzda yollar əsaslı
təmir olunur, infrastruktur dəyişir, yenilənir. Yeni məktəb binaları, səhiyyə, turizm, mədəniyyət
sahələrində yeni obyektlər tikilir, parklar, istirahət
zonaları salınır. Bir sözlə,
Sizin diqqət və qayğınız nəticəsində Gədəbəydə
yaşamaq, istirahət etmək, qurub-yaratmaq daha gözəldir.
Bütün bunlara görə Sizə təşəkkür
edirik. Sizə, ailənizə
cansağlığı arzu edirik. Mənfur
düşmənlə üz-üzə olan mərd, qədirbilən
gədəbəylilər Sizə həmişə dəstəkdir,
arxadır. Allah Sizi qorusun, sağ olun.
***
Prezident İlham ƏLİYEV: Mənim
yadımdadır, birinci layihə Şəmkir-Gədəbəy
yolunun təmiri idi. O vaxt biz bu işə başlayanda yol
çox bərbad vəziyyətdə idi. O yolun çəkilişi
əslində Gədəbəyin həm Şəmkirlə, həm
ölkəmizin digər bölgələri ilə əlaqəsini
daha möhkəm, daha rahat etdi. Ondan sonra, siz də
qeyd etdiniz, bir çox məktəblər tikilib. Mənə verilən məlumata görə, Gədəbəy
rayonunda 60-dan çox məktəb tikilib və əsaslı təmir
edilib.
Dörd il bundan əvvəl
mən burada olarkən biz Aşıqlar Evinin
açılışını etmişik. Bu
gün mənə məlumat verildi ki, orada 100-dən çox
uşaq dərs alır. Biz aşıq sənətini
yaşadırıq və bu, bizim milli sərvətimizdir.
Yəni, Gədəbəydə hərtərəfli
inkişaf var. Əminəm ki, bu, gələcək illərdə
davam etdiriləcək. Yenə də qeyd
etməliyəm ki, bu günə qədər həll
olunmamış məsələlər də öz həllini
tapacaq.
SAKİNLƏR: Çox sağ olun.
***
Prezident İlham Əliyev “Gədəbəy
şəhərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi
üzrə görülən işlərin texniki-iqtisadi
göstəricilərini əks etdirən stendlərlə tanış oldu.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədri Qorxmaz Hüseynov dövlətimizin
başçısına görülən işlər barədə
məlumat verdi.
Bildirildi ki, layihə Azərbaycan
Hökuməti və İslam İnkişaf Bankı tərəfindən
birgə maliyyələşdirilən “Azərbaycanın 6
rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi”
çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə
alınmaqla Gədəbəy şəhərində 12 min nəfər
əhalinin içməli su və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb. Layihəyə əsasən,
Gədəbəy şəhərinin içməli su mənbəyi
olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu
tikilib. Şəhərin dayanıqlı su təchizatını
təmin etmək üçün ümumi həcmi 5500 kubmetr
olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri
və digər köməkçi infrastruktur inşa edilib.
Bundan başqa, Gədəbəy şəhərində
inşası planlaşdırılan 81 kilometr uzunluğunda
paylayıcı su şəbəkəsinin, şəbəkədaxili
iki nasos stansiyasının tikintisi başa çatıb, 2300
evə birləşmə verilib və sayğaclar
quraşdırılıb. Yeni yaradılan su təchizatı
sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz
suyun verilməsi təmin edilib.
Dövlətimizin
başçısının diqqətinə
çatdırıldı ki, Gədəbəy şəhərində
ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun
olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi
və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə
yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması
üçün məhsuldarlığı gündə 3500
kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə
tutulur. Hazırda tullantı sutəmizləyici
qurğunun tikintisi üzrə tender prosedurları davam
etdirilir. Bundan başqa, şəhərin su mənbələri
və su təchizatı qurğuları rayonun 11 min nəfər
əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd,
Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı
nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə
23 min nəfər faydalanacaq.
Layihənin icrasına qədər
olan vəziyyət barədə məlumat verilərkən
bildirildi ki, Gədəbəy şəhərinin mərkəzləşdirilmiş
içməli su təchizatı sistemi 1960-cı illərdə
yaradılıb. “Azərsu” ASC hazırda şəhərin
10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş
qaydada su alan əhaliyə hər gün
qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan
hissəsi isə tələbatını fərdi qaydada ödəyir.
Gədəbəy şəhərində
kanalizasiya sistemi isə indiyə qədər mövcud
olmayıb.
Prezident İlham Əliyev Gədəbəy
şəhərinə təmiz içməli suyun verilməsini
bildirən düyməni basdı.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.- 22 avqust.- S.3.