Bu yol Böyük Qayıdış yoludur

 

Prezident İlham Əliyevin yenidən bərpa etdirdiyi Cəbrayılın Cocuq Mərcanlı kəndi işğal altındakı torpaqlarımıza geri dönüşün müjdəçisidir

 

Həsrətlərin ən nisgillisi yurd həsrətidir deyirlər, onu isə çəkənlər bilər. Gözləri yollarda qalanlar, yurd həsrəti ilə qovrulanlar, bircə dəfə torpağının qoxusunu alıb, havasını içinə çəkmək üçün alışıb yananlar bilər. İllərdir torpaq nisgili, vətən dərdi yüz minlərlə qaçqın və məcburi köçkün soydaşımızın sinəsində sağalmaz yaraya çevrilib. Hər il avqustun 23-ü tarixi isə Cəbrayıl və Füzuli rayonlarından olan məcburi köçkünlərin köksündəki yaranın qaysağını qoparır. 24 ildir ki, ağrılı-acılı günlər yaşayan rayon sakinlərinə hər cür dövlət qayğısı göstərilsə də, yurd həsrəti bu gün də qəlblərini göynədir. Bu yaranın məlhəmi isə ancaqancaq doğma el-obaya qayıtmaqdır.

 

24 ildən sonra yanan ümid çırağı

 

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən ilin aprelində düşmən üzərində qazandığı tarixi zəfər yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağını yandırdı. Çünki bu zəfər Qarabağa, doğma yurda qayıdışın başlanğıcı olduBöyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanıldı.

Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi.

Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun 1993-cü ilin dekabrında başlamış, 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində azad edilən yaşayış məntəqəsidir. Ordumuz 1993-cü ildə işğal olunmuş Cocuq Mərcanlıya qədər irəliləmiş və kəndi azad etmişdi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olması səbəbindən kənddə yaşayış qeyri-mümkün idi. Ermənilər Lələtəpə yüksəkliyindəki mövqedən Cocuq Mərcanlı istiqamətində daim təhlükə yaradırdılar. 2016-cı ilin aprel döyüşlərindən sonra bu təhlükə aradan qaldırıldı, Lələtəpədə Azərbaycan bayrağı ucaldıldı.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu qələbəsi hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, qaçqın və məcburi köçkün soydaşlarımızın böyük sevincinə səbəb oldu. Həmin kənddə həyatın normal axarına qayıtması, insanların təhlükəsiz yaşaması, əsaslı yenidənqurma, bərpa işlərinə başlanılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı.

Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” tarixi sərəncamı dövlətin siyasi iradəsinin, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmaq əzminin real ifadəsi olmaqla, xalqın öz Prezidentinə sonsuz inamını, geriyə qayıdışa əminliyini daha da gücləndirdi. Bu sərəncam böyük tarixi-siyasi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətin artıq bu istiqamətdə əməli fəaliyyətə, real işə keçdiyini dünyaya, beynəlxalq ictimaiyyətə bəyan edən ciddi mesajı oldu.

 

Məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni

 

Dövlət başçısının müvafiq sərəncamlarından sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin bir neçə ay ərzində daşı-daş üstündə qoymadıqları Cocuq Mərcanlıda tikinti-quruculuq işlərinə başladı. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi.

Plana uyğun olaraq ərazidə ilkin mərhələdə 50 (ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20 ikiotaqlı, 25 üçotaqlı, 5 dördotaqlı) fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, elektrik yarımstansiyası inşa edildi, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. Subartezian quyusu qazıldı, 100 kubmetrlik su anbarı inşa edildi. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edildi. Yeni komplekt transformator məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırıldı. Hər bir ailə üçün 8 sot həyətyanı sahə ayrıldı. Prezident İlham Əliyevin tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü.

 

İşğalçı Ermənistanın viran qoyduğu kəndi Azərbaycan cəmi iki aya yenidən qurdu

 

Beləliklə, bu ilin mart ayında başlanan tikinti-quruculuq işləri may ayında başa çatdı və 24 illik yurd həsrətinin bitdiyi gün yetişdi. İyunun 14-də - Qurtuluş Günü ərəfəsində Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə səfəri ilə Böyük Qayıdış Konsepsiyasına start verildiyi gün kimi tariximizə yazıldı. Elə dövlət başçısı da bu tarixi günü belə qiymətləndirdi: “Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında olub. Bu bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir”.

Dövlət başçısı vurğuladı ki, işlər bununla bitmir. Növbəti mərhələdə təqribən 100 əlavə ev, tibb məntəqəsi tikiləcək və yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaq.

 

Şəhidlərimizin ölməz ruhunu şad edən azan səsi

 

Həqiqətən də dövlət başçısının söylədiyi kimi, Cocuq Mərcanlıda yeni həyat başlandı və illərdir torpaq, yurd həsrəti çəkən cocuq mərcanlılar doğma kəndlərinə dönüşün sevincini yaşadılar. 24 ildən sonra kənddə yandırılan Novruz tonqalı və məscidin minarələrindən səslənən azan səsi şəhidlərimizin ölməz ruhunu şad edəcək, işğalçı ordunun əsgərlərinin canına vəlvələ salacaq.

Buradakı evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Biləsuvar rayonundakı qəsəbələrdə, Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülməyə başlandı.

Prezident İlham Əliyev iyun ayının 15-də daha bir sərəncam imzalayaraq Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosialinfrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əlavə vəsait ayırdı. Beləliklə, kənddə tikinti-quruculuq işlərinin ikinci mərhələsi başlanıldı.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq dedi: “Məcburi köçkünlərin problemləri həmişəki kimi, bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə tam həyat qayıdacaqdır”.

 

Doğma yurda dönüşün sevincini yaşayan cocuq mərcanlılar

 

Düz, 24 il öncə avqust ayında doğma kəndi tərk etmək məcburiyyətində qalan cocuq mərcanlıların yeni həyatı bütün məcburi köçkünləri ümidləndirib. Hər kəs zəfər gününün uzaqda olmadığını düşünür.

Elə biz də həm köhnə cocuq mərcanlıların yeni həyatı, həm də bir neçə aydan sonra daha 100 ailəni sevindirəcək yeni mənzillərin və digər sosial obyektlərin tikintisi ilə tanış olmaq üçün Cəbrayıla üz tutduq.

Gözümüzün önündə boy-boy ucalan, gözəl, abad qəsəbəyə çevrilən Cocuq Mərcanlıdayıq. İsti yay günün olmasına baxmayaraq burada həyat qaynayır. Kəndin asfalt yolu ilə hərəkət edə-edə yeni sakinlərin özləri üçün qurduqları şəraitlə tanış oluruq.

Rast gəldiyimiz sakinlər gülərüzlə salamlaşır, sevinclərini bölüşməyə can atırdılar.

Həyətində samovar qalayan Avçı dayı bizi hörmətlə evə dəvət etdi. Həyətdə bizdən başqa da qonaq var idi. Onlar yenicə buraya köçmüş Məmmədovlar ailəsinin yaxın qohumları idilər. “Evgördüsü”nə gəlmişdilər. Çay süfrəsi arxasında əyləşib söhbətləşdik. Məlum oldu ki, Avçı dayı yeni qəsəbənin ən yaşlı sakinidir. 75 yaşlı ağsaqqal 24 ildən sonra doğulub boya-başa çatdığı yurda geri dönüşünü həyatının ən yaddaqalan günü hesab edir: “Bu kənddə ayaqyalın oynadığım qayğılı-qayğısız günlərim keçib. Ən xoş xatirələrim burayla bağlıdır. Necə sevinməyə bilərəm ki... 1993-cü ilin elə bu ayında yurdu qoyub getdik. 24 il yurd həsrəti ilə yaşadıq. Amma cənab Prezident bizim ən böyük arzumuzu gerçəkləşdirdi. Ona nə qədər minnətdarlıq etsək azdır. Ömrümün 24 ilini Xırdalan şəhərinin Sulutəpə qəsəbəsində keçirdim. Hər yer Vətən torpağı olsa da, doğma yurd yeri başqadır. İyul ayının 8-də yeni evimizə köçdük. Şəraitim, rahatlığım bir yana, burada özümü ana qucağındakı kimi hiss edirəm. Neçə illər idi pərən-pərən düşmüşdük. İndi illərlə görüşə bilmədiyim qohum-qardaşa qovuşmuşam. Bundan böyük xoşbəxtlik olar?! Bütün məcburi köçkünlərimizə bu hissi yaşamağı arzulayıram”.

Kəndin ağsaqqalı deyir ki, hələlik havalar istidir. Payızda həyətində meyvə ağacları əkəcək. Əkin-biçinlə məşğul olub, heyvandarlıq təsərrüfatı yaradacaq.

 

Cənab Prezident bizim üçün yaraşığı bir şəhərə bərabər olan kənd salıb

 

Sağollaşıb ayrılırıq. Bir qədər getdikdən sonra evinin kölgəsində sərinləyən digər bir ailə bizi içəri dəvət edir. Bura Nəsirovlar ailəsinin yeni mənzilidir. Evin ağbirçəyi Zenfira Nəsirova yurda qayıdışının sevincini bölüşməyə sözün belə aciz olduğunu söyləyir: “Bizim hisslər keçirdiyimizi bir özümüz bilirik, bir Allah. Biləsuvardakı qəsəbədə məskunlaşmışdıq. Tanrı dövlətimizin başçısına uzun ömür versin. Ermənilərin viran qoyduğu Cocuq Mərcanlını bizə geri qaytardı. Amma daha gözəl, daha yaraşıqlı şəkildə. Evlərin hamısının gözəl şəraiti var. Ermənilərin dağıtdıqları, xaraba qoyduqları kənddən heç əsər qalmayıb. Yaraşığı bir şəhərə bənzəyən kənd salıb cənab Prezident. İnsanlar elə xoşbəxtdirlər ki, sevinclərini paylaşmaqdan doymurlar. Burada yerləri açılır. Tezliklə hamımız çalışacağıq. Oğlum artıq işləyir”.

Zenfira xanımın oğlu Namiq Hüseynov isə dedi ki, “AzəravtoyolCəbrayıl rayonunun ləğv olunmuş avtomobil yolları idarəsini Cocuq Mərcanlıda bərpa edib, Hazırda həmin idarədə çalışır. Artıq onlar üçün yeni həyat başlayıb.

Digər sakinlərlə söhbətləşdik. Hər kəs sevinc içindədir. Onlara bu sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdar olan sakinlərin bir arzusu var - işğal altında olan bütün kəndlər, rayonlar Cocuq Mərcanlı kimi abadlığa, gülüstana çevrilsin.

Sakinlərlə xoş söhbətdən sonra üz tuturuq ikinci mərhələdə inşası davam etdirilən əraziyə.

 

Yeni 100 mənzilin tikintisi sentyabrda başa çatacaq

 

Hər kəs başındadır. Texnikalar işləyir, insanlar qurub-yaradırlar. Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən, burada 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olmaqla 100 ev tikilir. Bundan əlavə, ərazidə uşaq bağçası (50 yerlik), tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası (ATS- birgə) inzibati bina inşa olunur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Cocuq Mərcanlı kəndinin tikintisi üzrə baş texniki nəzarətçisi İlham Həşimovla söhbət zamanı məlum oldu ki, burada inşaat işlərinə 30-a yaxın texnika, 350 nəfərdən çox işçi cəlb edilib. Artıq 100 evin bünövrəsi bitib, 25 evin dam örtüyü vurulub, 50 evin hörgüsü başa çatıb. Hazırda daxili xarici suvaq işləri davam edir. Bundan başqa, klub-icma mərkəzi, uşaq bağçasının hörgü işləri başa çatıb. Digər sosial obyektlərin - tibb məntəqəsinin, poçt yarımstansiyanın da tikintisi davam edir.

Yol-küçə şəbəkəsinə təbii qum-çınqıl tökülüb, iki subartezian quyusunun 60 metrlik hissəsi qazılıb.

İlham Həşimovun sözlərinə görə, sentyabr ayının sonuna qədər 100 evin digər obyektlərin tikintisi başa çatacaq. Yeni salınan qəsəbə elektrik enerjisi, təbii qaz içməli su ilə təmin ediləcək.

 

Azərbaycan bir neçə ilə öz torpaqlarında yeni-yeni şəhərlər yaratmaq əzmindədir

 

İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri, gördüyümüz mənzərə bizdə böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin kəndin bərpası ilə bağlı verdiyi sərəncamların icrası cəmi 3 ay çəkir. Bununla da dünyaya nümayiş olunur ki, ermənilərin darmadağın edərək viran qoyduqları bir kəndi Azərbaycan dövləti qısa müddətə yenidən quraraq bərpa edir. Özüdaha möhtəşəm, daha əzəmətli.

Bu həm də Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycan dövlətinin tezliklə bütün Qarabağda abadlıq-quruculuq işlərinə başlamağa qadir olduğunu sübut edir. Həqiqətən, bu gün qüdrətli dövlətə çevrilən Azərbaycanın işğal altında olan torpaqlarında tikinti-quruculuq işləri aparması üçün yetərincə iqtisadi gücü var. Təki torpaqlarımız düşmən tapdağından azad edilsin. Azərbaycan dövləti bir neçə ilə öz torpaqlarında yeni-yeni şəhərlər, qəsəbələr yaratmaq əzmindədir. Tezliklə bu proses də gerçəkləşəcək. Dövlət başçısının Cocuq Mərcanlıda dediyi kimi: “Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq... Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd - Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-22 avqust.- S.8.