Xalq da, ordu da qələbəyə köklənib
Füzulinin işğalından 24 il ötür
Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə 23 avqust 1993-cü il tarixində Azərbaycanın böyük təbii sərvətlərə, güclü iqtisadi potensiala, qiymətli tarixi-mədəni abidələrə malik Füzuli rayonunu işğal etdi. Təcavüzkara qarşı qanlı döyüşlərdə Füzuli rayonu böyük itkilərə məruz qaldı. Qüvvələr nisbətindəki fərq, düşmən tərəfində olan hərbi-texniki üstünlük Füzuli uğrunda döyüşlərin taleyini həll etdi. Füzuli rayonu bu ağır döyüşlərdə 1100 nəfərdən çox şəhid verdi. 113 nəfər düşmən tərəfindən girov götürüldü. 1450 nəfər yaralanıb müxtəlif dərəcədə sağlamlığını itirdi, əlil oldu. Valideynlərini itirən çox sayda uşaq yetim qaldı. Rayonun 139.393 hektar ümumi ərazisinin 125.368 hektarı (50 kənd və rayon mərkəzi) hələ də işğal altındadır. Ermənistan silahlı qüvvələri rayon mərkəzini, kəndləri görünməmiş qəddarlıqla dağıtmış, odlara qalayıb viran qoymuşdur.
Qarabağ savaşında ağır itkilərə məruz qalmağımızın səbəbi illər keçsə də, suallar doğurur, müzakirələrə meydan açır. Biz cənnətməkan bölgələrimizi düşmən təcavüzündən qoruya bilərdikmi? Bu suala cavab vermək üçün həmin dövrün tarixi şəraitini xatırlamaq çox vacibdir. Ölkədə hakimiyyət uğrunda siyasi çəkişmələr tüğyan edirdi. Orduda vahid komandanlıq yox dərəcəsindəydi. Ayrı-ayrı siyasət dəllallarına məxsus silahlı dəstələr Qarabağın müdafiəsinə deyil, şəxsi maraqlara xidmət edirdi. Hakimiyyətdə təmsil olunan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəetmədə yol verdiyi böyük səhvlər Qarabağ savaşındakı uğursuzluqları, torpaqlarımızın işğalını labüd etdi.
Xalqın təkidli tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıdan ulu öndər Heydər Əliyev üzərinə düşən tarixi xilaskarlıq missiyasını şərəflə yerinə yetirməyə nail oldu. Ulu öndər qanunsuz silahlı birləşmələri ləğv etdi. Ordu vahid komandanlığın tabeliyinə verildi. Milli-etnik zəmində alovlanan separatçılıq ocaqları söndürüldü. Qardaş qırğını qığılcımları, yenicə müstəqillik qazanmış dövlətin məhv olmaq təhlükəsi aradan qaldırıldı. Güclü sərkərdənin, müdrik rəhbərin iradəsi ilə həyatımızın bütün sahələrində arzuolunan yeniliklər reallaşdı. Orduda nizam-intizam yaradıldı.
Müəllifi ulu öndər Heydər Əliyevin olduğu uğurlu “Horadiz əməliyyatı” ordumuzun tarixinə şanlı qəhrəmanlıq səhifəsi yazmışdır. Ordumuz güclü əks-hücumla Füzulinin işğal olunmuş xeyli ərazisini azad etdi. Rayonun 21 kəndi və strateji cəhətdən böyük əhəmiyyətə malik olan Horadiz qəsəbəsi erməni silahlı qüvvələrindən tamamilə təmizləndi, düşmən böyük itki verib xeyli geri çəkilməyə məcbur edildi. Doğma ev-eşiyindən, isti yuvasından didərgin salınıb respublikamızın müxtəlif kənd və şəhərlərinə səpələnmiş on minlərlə füzulililər dövlətin qayğısı sayəsində doğma yurda qayıdıb əsaslı təmir və bərpa olunmuş evlərinə qovuşdular, yeni salınmış qəsəbələrdə hər cür şəraiti olan mənzillərdə rahatlıq tapdılar.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin öz genişmiqyaslı fəaliyyətində daim prioritet olduğunu ən yüksək tribunalardan dəvələrlə bəyan edən Prezident İlham Əliyevin qayğı və diqqətindən Füzuli camaatına da yetərincə pay düşür. Bu qayğı sayəsində Horadiz qəsəbəsi inkişaf edərək müasir bir şəhərə çevrilib. Gözəlliyi, yaraşığı, səliqə-sahmanı ilə göz qamaşdıran, parlaq gecələri əlvan gündüzündən seçilməyən, düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Horadiz şəhəri bu gün öz möhtəşəmliyi ilə düşmənin göz dağına çevrilib. Cəbhə xəttində bütöv bir dağda Bayraq meydanı yaradılıb. Dağın zirvəsində dalğalanan üçrəngli bayrağımız düşmənlərimiz üçün hər zaman qorxu, təlaş və həyəcan mənbəyidir. Bu bayrağın işğal altındakı ərazilərimizdə - Füzulidə, Şuşada, Ağdamda, Laçında, Xankəndidə... dalğalanacağı gün uzaqda deyil. Bu, zamanın qaçılmaz hökmü olacaqdır. Gücü, qüdrəti, döyüş bacarığı gündən-günə artan Azərbaycan Ordusu bu arzunu uğurla reallaşdıracaq, Qarabağ həsrətli, yurd nisgilli ürəkləri sevinc, şadlıq selinə qərq edəcəkdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətini, Qarabağ münaqişəsi ilə bağlı yenilməz qətiyyətini, prinsipial mövqeyini birmənalı şəkildə bəyənən və müdafiə edən Füzuli camaatı çox nikbindir. Onlar uşaqdan böyüyə silaha sarılıb döyüşlərə atılmağa hər an hazırdırlar.
Bu gün isə dövlətə yük olmamaq, öz dolanışıqları üçün kimsəyə əl açmamaq üçün əkin-biçin işləri ilə məşğul olur, halal zəhmətlərinə güvənirlər. Artıq altıncı ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasında öz şərəfli yerini inamla qoruyub saxlayır. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılmış, 2700 hektar torpaq sahəsi müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edəcək aqroparkın istifadəsinə verilmişdir. 500 hektarlıq toxumçuluq təsərrüfatı yaratmaq istiqamətində işlər davam edir. 10 hektarlıq ərazidə isə müasir istixana təsərrüfatı fəaliyyət göstərir. Rayonda ənənəvi kənd təsərrüfatı sahəsi olan baramaçılığın inkişafına da böyük önəm verilir. Bu il rayonda 25 ton barama istehsal edilmişdir. Füzuli respublikanın ən çox barama istehsal edən üç rayonundan biridir. Bu il rayonda 2050 hektar sahədə pambıq əkilmişdir. Hazırda tarlalar qayğı ilə becərilir.
“Azərxalça” ASC-nin Horadiz şəhərində xalça fabriki açması bölgə əhalisində məmnunluq doğurur. 80 nəfərin çalışdığı fabrikdə toxunan Qarabağ xalçaları bir sənət əsəri olaraq dünyanı fəth edir.
Bu gün füzulililər işğal gününü göz yaşları ilə deyil, qələbəyə, torpaqlarımızın erməni işğalından tezliklə azad ediləcəyinə yenilməz inamla qeyd edirlər. Onlar Azərbaycan əsgərinin gücünə sonsuz inamları ilə xalq-ordu birliyinin sarsılmazlığını nümayiş etdirirlər. Bu cəbhə bölgəsində uşaq da, böyük də orduyla nəfəs alır. Hər kəs sevincini əsgərlə paylaşmağa, ən qiymətli varını əsgərlə bölməyə hazırdır.
Cari ilin iyunun 4-də erməni quldur dəstələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində Sahibə Allahverdiyevanın və onun körpə nəvəsi Zəhranın qətlə yetirilməsi erməni vəhşiliyinin törətdiyi növbəti qanlı faciədir. Bütün tərəqqipərvər, sülhsevər bəşəriyyəti hiddətləndirən bu hadisə ermənilərin iç üzünü bir daha açıb göstərir və bizi hər zaman ayıq-sayıq olmağa çağırır.
Qisas heç zaman qiyamətə qalmır. Füzulililər inanırlar ki, dədə-baba yurdumuz, cənnət Qarabağımız düşməndən tamamilə azad olunacaqdır. Bu yenilməz inamın mayasında Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyətli mövqeyi dayanır. İnam qələbənin yarısıdır deyirlər. Bu gün xalqımız da, ordumuz da qələbəyə köklənib.
Lazım QULİYEV
Azərbaycan. - 2017.-22 avqust.- S.11.