Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Şəmkir rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Şəmkirçay su anbarı, su-elektrik stansiyası, xalça toxuma müəssisəsi, Olimpiya idman kompleksi, Bayraq meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 60 mənzilli 3 yaşayış binası inşa edilmiş, rayon mədəniyyət mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmiş, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsalemal müəssisələri yaradılmış, 18 mindən çox yeni yeri açılmış, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə ötən əsrdə inşa edilmiş və qəzalı vəziyyətdə olan ikimərtəbəli 5 binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 54 mənzilli 1 yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 avqust 2017-ci il

 

Azərbaycan.- 2017.-23 avqust.- S.1.