Sosial müdafiə nümunəsi
Tərtərdə qaçqın və məcburi
köçkünlər üçün
inşa olunan ən böyük yaşayış kompleksi
Prezident İlham
Əliyevin bu kateqoriyadan
olan soydaşlarımıza göstərdiyi
diqqət və qayğının bariz
ifadəsidir
“Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır... Hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək”.
İlham ƏLİYEV
Hər cür infrastrukturu
olan yeni qəsəbələr,
şəhərciklər salınır
Dövlət müstəqilliyinin 25-ci ildönümünü arxada qoyan Azərbaycan Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıq və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz müsbət nəticələrini göstərməkdədir.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Ölkəmizin inkişafı isə ilk olaraq vətəndaşların maddi rifah halının daha da yüksəlməsində, sosial problemlərinin uğurla həllində özünü qabarıq surətdə büruzə verir. Yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan daha da güclənir, sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır.
Bütün bunlar qaçqın və məcburi köçkün soydaşlarımızın həyatında da özünü qabarıq surətdə büruzə verir. Çünki qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması daim dövlətin xüsusi diqqət mərkəzindədir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na, ona edilən əlavələrə uyğun bu təbəqədən olan insanlar üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salınır. Həmin prosesin davam etdirilməsi daha çox sayda məcburi köçkünün sosial probleminin həllinə yol açır, doğma ata-baba torpaqlarından didərgin düşmüş insanların yüksək dövlət qayğısı ilə əhatə olunmasının növbəti real təsdiqi kimi çıxış edir. Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının bariz ifadəsidir.
6,2 milyard manatdan
çox vəsait xərclənib, 96 müasir yaşayış kompleksi
tikilib
Qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin öyrənilməsi və vaxtında həlli, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir.
Mehriban xanımın fəaliyyətində məcburi köçkünlərin sosial problemlərinin həlli ön planda yer alır. Bunu Birinci vitse-prezident kimi onun ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etməsi də aydın surətdə nümayiş etdirir. Məhz ölkənin Birinci vitse-prezidentinin verdiyi tapşırıqlara əsasən, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərə başlanılıb.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün indiyədək 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manat dövlət büdcəsinin, 2 milyard manat Dövlət Neft Fondunun, 1,4 milyard manat isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Ümumilikdə, indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı bir çox layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir: “...Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir”.
Ən böyük qəsəbələrdən
biri Tərtərdə salınıb
Dövlət başçısının tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda inşa edilən yeni yaşayış məhəlləsi bu günədək tikilmiş 96 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Hazırda qəsəbədə tikinti işləri yekunlaşmaq üzrədir. Elə bu məqsədlə Tərtərə səfər edib tikinti işlərinin gedişatı ilə tanış olmaq qərarına gəldik.
34 ədəd dördmərtəbəli binanın tikilməsi üçün ayrılan sahə böyük inşaat meydanına çevrilib. Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış massivində işlər sürətlə davam etdirilir. Tikintinin baş texniki nəzarətçisi İmran Süleymanovla söhbətimiz zamanı məlum oldu ki, burada əksəriyyəti məcburi köçkünlər olmaqla, 1500-ə yaxın işçi çalışır. Onların 350 nəfəri isə yerli sakinlərdir. İndiyədək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını söyləyən texniki nəzarətçi diqqətə çatdırdı ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilir. Qarşıya məqsəd qoyulub ki, yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.
Qəsəbədə tikilən 34 ədəd 4 mərtəbəli binada 120 birotaqlı, 504 ikiotaqlı, 472 üçotaqlı və 80 dördotaqlı mənzil olacaq. Eyni zamanda ərazidə 1200 şagird yerlik 3 mərtəbəli məktəb binası (700 yerlik akt zalı, 400 yerlik yeməkxana), 280 yerlik ikimərtəbəli uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub-icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilir. Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq. Sakinlərin su təminatını yüksək səviyyədə ödəmək üçün 5 subartezian quyusu qazılacaq. Ərazidə 4 su anbarı da inşa olunur. Məhəllədə bütün binalar mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılacaq. Bu məqsədlə 2 qazanxana inşa olunur.
İmran Süleymanovun sözlərinə görə, məhəllədə inşaat işlərinin sentyabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Aprel döyüşlərində dağıdılan 78 ev yenidən tikilərək məcburi köçkün ailələrinin istifadəsinə
verilib
Xatırladaq ki, ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəymişdi.
Hadisədən dərhal sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təmas xəttinə səfər edərək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdılar. Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və müvafiq sərəncam imzalamışdır. Həmçinin Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli 261s nömrəli sərəncamı ilə Ağdam və Tərtər rayonlarında təmas xəttinə yaxın yerləşən yaşayış məskənlərində aprel döyüşləri zamanı ziyan çəkmiş məcburi köçkünlərin məskunlaşdığı 228 yaşayış evinin bərpasına və şəxsi əmlaklarına dəymiş ziyana görə dövlət büdcəsindən vəsait ayrılmışdır. Həmin sərəncamın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu vəsait müqabilində Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə isə 15 ailə olmaqla cəmi 120 ailəyə maddi yardım ödənilmişdir. 182 evdə təmir-bərpa işləri 2016-cı ilin avqust ayında başa çatdırılmışdır. Həmin evlərin 20-si Tərtər, 162-si isə Ağdam rayonu ərazisində yerləşir.
Erməni silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 78 dağılmış evin yenidən tikilməsi məqsədilə də dövlət büdcəsindən vəsait ayrılmışdır. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən də bərpa işləri aparılmışdır. Ayrılmış vəsait müqabilində 78 evin tikintisi bu ilin may ayında başa çatdırılaraq məcburi köçkün ailələrinin istifadəsinə verilmişdir.
Erməni uydurmalarını ifşa
edən “Marağa-150” tarixi abidə kompleksi ətrafında quruculuq
işləri aparılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Tərtərin Şıxarx kəndində məcburi köçkünlər üçün tikilən yeni evlər, sakinlər üçün yaradılan şəraitlə tanış olmaq üçün bu əraziyə yollandıq. Diqqətimizi çəkən ilk mənzərə, böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” tarixi abidə kompleksi oldu. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistan Azərbaycana qarşı növbəti ərazi iddialarına başlayanda “Marağa-150” abidəsini özləri qəsdən dağıtdılar.
Bu ilin mart ayının 31-də Şıxarx kəndində aparılan tikinti işləri ilə tanış olmaq üçün əraziyə gedən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mühüm siyasi əhəmiyyətə malik olan bu abidənin erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olduğunu söyləyib, onu ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərməyin vacibliyini vurğulayıb. Elə bu səbəbdən də Baş nazirin müavini abidənin tamamilə dağılmaması üçün ərazidə abadlıq-quruculuq işlərinin aparılması qərarının verildiyini bildirib. Artıq abidənin ətrafı təmir edilib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi ilə təmin olunub.
Abidənin ətrafında quraşdırılmış stendlərdə ermənilərin buraya köçürülmələrini sübut edən müxtəlif dillərdə yazılmış arxiv sənədləri və fotoşəkillər də öz əksini tapacaq.
Ermənistanın təxribatları bizi
qorxutmur
Abidə ilə tanışlıqdan sonra cəbhə xəttində yaşayan sakinlərə baş çəkirik. Aprel döyüşləri zamanı erməni silahlı birləşmələrinin atdığı mərmilərdən evləri tamamilə dağılan Əsədovlar ailəsi indi yeni mənzildə yaşayırlar. Ev sahibi Elxan Əsədov deyir ki, işğalçı Ermənistanın istənilən təxribatına baxmayaraq, əhali kənddən çıxmır. Hər kəs öz işi ilə məşğuldur: “Ötən il aprel döyüşləri zamanı ermənilər tərəfindən kənddə xeyli ev dağıdıldı. Çox sağ olsun cənab Prezident, dərhal göstəriş verdi və dağılan evlərimizin yerində yeni evlər tikildi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tez-tez aparılan işlərlə tanış olaraq bizə dəstək verdi. İndi rahat şəkildə öz evlərimizdə yaşayırıq. Buna görə də dövlət başçımıza minnətdarıq”.
Elxan Əsədovun evi qardaşı Məhəmməd Əsədovun yaşadığı mənzilə çox yaxındır. İki qardaş demək olar ki, bir məhəllədə yaşayırlar. İki ailədə 5 azyaşlı uşaq böyüyür. Məhəmməd Əsədov deyir ki, tez-tez ermənilər kəndi atəşə tuturlar. Ancaq Azərbaycan Ordusu bu təxribatların qarşısını layiqincə alır: “Biz Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna güvənərək burada yaşayırıq. Dövlət bizə hər cür qayğı göstərir. Aprel döyüşlərindən sonra dağılan evlərimizin yerində tez bir zamanda yeni evlərin tikilməsi bunun əyani sübutudur. Biz dövlətimizdən, Prezidentimizdən çox razıyıq”.
Söhbət etdiyimiz digər sakinlər də göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Azərbaycanın əldə etdiyi
nailiyyətlər və təcrübə dünyada
bir model kimi qəbul olunur
Sosial dövlət olan Azərbaycan hakimiyyəti öz vətəndaşlarına, xüsusən də böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, qayğısını əsirgəmir. Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Hər kəsin istəyi qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıtmasıdır. O gün isə uzaqda deyil. Öz ərazi bütövlüyünü təmin etməyə qadir olan Azərbaycan dövləti ermənilərin darmadağın etdiyi rayon və şəhərlərimizi, kəndlərimizi qısa bir zamanda yenidən qurmaq gücündədir. Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin 3 ay müddətində bərpası bunu bir daha təsdiqləyir. Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır. Məcburi köçkünlər bu istiqamətdə aparılan dövlət siyasətinə tam dəstək verirlər.
Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri hesab olunur. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər və təcrübə artıq dünyada bir model kimi qəbul olunur. Eləcə də Azərbaycan qaçqın və məcburi köçkünlərin probleminin beynəlxalq diqqət mərkəzində olması üçün zəruri addımlar atır. Belə ki, ötən dövr ərzində ölkəmizdə sırf bu problemə həsr olunmuş iki beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin üzvü seçilib.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 23 avqust.- S.1; 3.