“Dövlət ümumi
təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar.”.
2. Bu sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 avqust
2017-ci il
Azərbaycan.- 2017.-24 avqust.-
S.2.