Azərbaycan ilə İtaliya
arasında əlaqələr uğurla inkişaf edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 24-də İtaliya
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Auqusto
Massarinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Auqusto Massari fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Auqusto Massari etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin
uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı
ölkələrimizin bir
çox sahələrdə,
o cümlədən siyasi,
iqtisadi, enerji və digər sahələrdə tərəfdaş
olduğunu qeyd etdi. Prezident İlham Əliyev
2014-cü ildə Roma şəhərində
qəbul olunmuş iki ölkə arasında strateji tərəfdaşlıq haqqında
Birgə Bəyannamənin
əlaqələrimizin səviyyəsini
əks etdirdiyini bildirdi, bunu əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi
kimi dəyərləndirdi.
Bununla belə, dövlətimizin
başçısı tərəfdaşlıq
əlaqələrimizin müxtəlif
sahələrdə daha
da genişləndirilməsi
üçün bir çox imkanların mövcud olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi
əlaqələrin yüksək
səviyyədə olduğunu
deyən Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirdi. Əməkdaşlığımızda balansın gözlənilməsi,
həmçinin ticarət
dövriyyəsinin daha
da artırılması
üçün iqtisadi
əməkdaşlığın şaxələndirilməsinin vacibliyini
qeyd edən dövlətimizin başçısı
buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini
daha da inkişaf
etdirməklə nail olmağın
əhəmiyyətini vurğuladı.
Azərbaycanda çoxlu sayda
İtaliya şirkətlərinin
müxtəlif sahələr
üzrə fəaliyyət
göstərdiklərini deyən
dövlətimizin başçısı
ölkəmizdə investor şirkətlərin
sayının artırılması
üçün də
yaxşı imkanların
mövcud olduğunu bildirdi, bunun hər iki istiqamət
üzrə ixrac məhsullarının həcminin
artırılmasına xidmət
edəcəyini vurğuladı.
Prezident İlham Əliyev səfirə ölkəmizdəki
diplomatik fəaliyyətində
uğurlar arzuladı.
İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin
yüksək səviyyədə
olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi
bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğuladı.
Auqusto Massari Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında
əməkdaşlıq üçün
yaxşı imkanlar yaratdığını qeyd
etdi. Azərbaycan ilə əlaqələrin
2014-cü ildə Romada
qəbul edilmiş strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə əsasında
daha da inkişaf
etdirilməsinin İtaliya
hökuməti üçün
mühüm əhəmiyyət
daşıdığını bildirən səfir Auqusto Massari əməkdaşlığımızın müxtəlif istiqamətlərdə
daha da möhkəmləndirilməsi
üçün səylərini
əsirgəməyəcəyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq
Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya
tərəfinin dəstəyinin
əhəmiyyəti vurğulandı.
Söhbət
zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı,
ticarət, təhsil, mədəniyyət, səhiyyə və
digər sahələrdə əməkdaşlıq əlaqələrinin
daha da inkişaf
etdirilməsi üçün yüksək
potensialın olduğu qeyd
edildi.
Azərbaycan.-
2017.- 25 avqust.- S.3.