Azərbaycana fədakar xidmət məramı

 

Xaricdə yaşayan həmvətənlərimiz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şərəfli missiyası ilə qürur duyurlar

 

Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Rəsmi Bakının həyata keçirdiyi daxilixarici siyasət dövlətin milli maraqlarını, qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur. Prezident İlham Əliyev Azərbaycanın inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.

Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Təbii ki, Azərbaycanın qazandığı uğurlar yaxın-uzaq bütün xarici ölkələrdən daha aydın görünür. Çünki bu gün planetin istənilən nöqtəsində Cənubi Qafqaz deyəndə ilk olaraq Azərbaycandan bəhs olunur. Bütün dünya birmənalı şəkildə bu bölgənin lideri kimi məhz Azərbaycanı qəbul edir. Bakının iştirakı olmadan Cənubi Qafqazda hər hansı qlobal iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Fəxarət hissi ilə qeyd etməliyəm ki, yaşadığım Avstarliya İttifaqında da Azərbaycana böyük ehtiramla yanaşırlar. Bu ölkənin bütün siyasi dairələrində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, dünya birliyinin nüfuzlu üzvü, beynəlxalq enerji məsələlərində söz sahibi kimi qəbul olunur. Bütün bunlar Avstraliyada yaşayan azərbaycanlıların qürur mənbəyidir.

Azərbaycanı dünyaya tanıdan ən mühüm amillərdən biri tarixi vətənimizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. İndi Azərbaycan hər yerdə mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərin əsas ünvanı kimi qəbul olunur. Yaxşı xatirimdədir, hələ 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə təkcə Avropanın deyil, Avstraliyanın da diqqəti Azərbaycana yönəldi. O dövrdə Azərbaycan bu müsabiqəyə layiqli evsahibliyi etməklə dünyanın diqqətini özünə cəlb etdi. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın yüksək səviyyədə evsahibliyi etməsi onun beynəlxalq imicinin daha da artmasına mühüm töhfə olmaqla bərabər, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

 

Vətəndaşlıq örnəyi

 

Azərbaycanın Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı isə Birinci vitse-prezident, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva idi. Mahnı müsabiqəsinin hazırlıq işləri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən ən yüksək səviyyədə həyata keçirildi. Hər kəs Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin həvalə etdiyi məsuliyyətli vəzifənin öhdəsindən necə layiqincə gəldiyini, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsi üçün əsl vətəndaşlıq missiyası həyata keçirdiyini gördü.

2015-ci ildə Azərbaycanın evsahibliyi ilə keçirilən I Avropa Oyunları uğurla başa çataraq öz möhtəşəmliyi ilə bütün dünyaya səs saldı. Əlbəttə, tarixdə ilk dəfə keçirilən bu idman tədbirinin ən yüksək səviyyədə baş tutacağı əvvəldən gözlənilən idi. Çünki Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan I Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etməsi ilk gündən Azərbaycanın I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcəyini təsdiq edirdi. Tək Avropanın deyil, bütün dünyanın yaxından izlədiyi bu oyunlar proqnozlaşdırıldığından da gözəl təşkil olunaraq Azərbaycana və xalqımıza başucalığı gətirdi.

Mehriban xanım Əliyeva həmin günlərdə çox gərgin işlədi. Və əlbəttə məhz xanım Mehriban Əliyevanın yanaşması, zövqü, tələbləri çərçivəsində qurulan işlər məhz bu şəkildə gözəl nəticə verə bilərdi. O, Azərbaycan qadınlarının öndə gedən nümayəndəsi, müasir Azərbaycan qadınının simvolu kimi bu işin də öhdəsindən şərəflə gəldi və hamımıza qürur yaşatdı. Prezident İlham Əliyevin Mehriban xanımın əməyini yüksək qiymətləndirməsi, “Heydər Əliyev” ordeni ilə təltif etməsi isə onun halal haqqı idi. Bu, Mehriban xanım Əliyevanın öz ləyaqətli işi, yüksək məsuliyyəti, prosesə Azərbaycan prizmasından yanaşması ilə əldə etdiyi uğura verilən qiymət idi. Bu, Mehriban xanım Əliyevanın həm şəxsi uğuru, həm də bütövlükdə Azərbaycan qadınlarının uğuru idi. Cənab Prezident Mehriban xanıma “Heydər Əliyev” ordenini təqdim edərkən belə bir ifadə işlətdi ki, Mehriban xanım bu yolda öz canını qoydu. Doğrudan da, belə oldu. Mehriban xanım əsl nümunə göstərdi. Tapşırılan işi layiqincə, yüksək səviyyədə, Prezidentin zövqünə, apardığı siyasətə uyğun yerinə yetirmək budur. O, bizə göstərdi ki, müasir Azərbaycan qadını necə olmalıdır. Deyərdim ki, bu, bütün ölkələrin birinci xanımlarına bir örnəkdir. Bu gün mən dünyada ikinci belə birinci xanım görmürəm.

Bu il Bakıda keçirilən növbəti beynəlxalq idman tədbiri - IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı növbəti dəfə dünyada layiqincə tanıtdı. Bu möhtəşəm uğur həm də Mehriban Əliyevanın qələbəsi idi. Çünki Mehriban Əliyevanın timsalında sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

 

Azərbaycanın nüfuzunu artıran qlobal fəaliyyət

 

Mehriban xanımın həyatda aldığı nüfuzlu mükafatlar çoxdur. Diqqəti çəkən odur ki, bu mükafatların əksəriyyəti xarici ölkələrdəndir. Bu da təsadüfi deyil. Çünki Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanla məhdudlaşmayaraq xarici ölkələri də əhatə edir. Bu mənada Mehriban Əliyevanın nüfuzlu xarici mükafatlara layiq görülməsinə tam mənəvi haqqı var. Bu layihələrdən biri Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində qızlar məktəbinin inşasıdır. Məlum olduğu kimi, 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində yetmiş min insan həyatını itirmiş, ölkənin infrastrukturuna ciddi ziyan dəymişdi. Azərbaycan hökuməti zəlzələnin ilk günündə ən zəruri ehtiyacları üçün Pakistana 1,5 milyon dollar həcmində pul yardımı etdi.

Əsas məramlarından biri xeyriyyəçilik olan Heydər Əliyev Fondu da bu nəcib missiyada yaxından iştirak etdi. Zəlzələnin dağıdıcı təsirinin qurbanlarının həm də uşaqlar olduğunu nəzərə alan fond Pakistan şagirdləri üçün müasir orta məktəb tikdirdi. Bizim üçün qürurvericidir ki, Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə Mehriban Əliyevanın adı verilib. Mehriban Əliyevanın Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına, Pakistan İslam Respublikasının “Hilal-e Pakistanali ordeninə layiq görülməsi onun xidmətlərinin bu ölkədə yüksək qiymətləndirildiyini göstərir.

Heydər Əliyev Fondu tərəfindən Gürcüstan, Misir, Rumıniya, RusiyaNiderlandda da bir sıra məktəblərin yenidən qurulması məhz Mehriban xanımın humanist təşəbbüsləridir.

Azərbaycana beynəlxalq səviyyədə nüfuz qazandıran məsələlərdən biri tolerantlıq və multikulturalizmdir. Bu siyasətə dəstək verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparıb. Fondun bu istiqamətdə xarici ölkələrdə həyata keçirdiyi layihələr həm böyük minnətdarlıqla, həm də beynəlxalq səviyyədə maraqla qarşılanır. Məsələn, Roma şəhərinin ətrafında yerləşən katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Heydər Əliyev Fondunun burada apardığı bərpa işləri isə Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırıb. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır.

2009-cu ildə Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsinin bərpa edilməsi, 2011-2012-ci illərdə Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına maliyyə yardımı ayırması, Rusiyanın Həştərxan şəhərində Knyaz Vladimirin abidəsinin ucaldılması Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən layihələr kimi Azərbaycana bütün dünyada başucalığı gətirib.

Heydər Əliyev Fondu tərəfindən xaricdə həyata keçirilən mədəniyyət layihələri Mehriban xanımın təşəbbüslərinin mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verdiyini əyani şəkildə nümayiş etdirir. Bu sahədə görülən işlərdən Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində qorunan orta əsr əlyazmalarının, Romanın Kapitolini MuzeyininFilosoflar zalı”nın təmirini misal göstərmək olar.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə də xidmət edir.

 

Xalqın ürəyindən xəbər verən siyasi qərar

 

Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın siyasi-ictimai həyatında fəal rol oynamış, taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələr vermişlər. Çağdaş Azərbaycan qadını da təkcə ana deyil, o, həm də bacarıqlı siyasətçi, adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Bu gün xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Azərbaycan ictimaiyyəti əmindir ki, fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin Birinci vitse-prezidenti təyin olunan Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də çox böyük ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, Vətənə layiqli xidmət məramı görüblər.

Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Elə hər birimizin də qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan həyata keçirdiyi fəaliyyəti hər birimiz üçün nümunə olan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bütün ictmaiyyət tərəfindən rəğbətlə qarşılandı. Xüsusilə qeyd etməliyəm ki, bu qərar Avstraliyada yaşayan azərbaycanlıları və Azərbaycanın dostlarını dərindən sevindirdi.

Birinci vitse-prezident vəzifəsində əvvəlcədən hamı ən layiqli namizəd kimi Mehriban xanım Əliyevanı görürdü. Ona görə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bir siyasi qərar kimi tarixə düşdü.

Əminik ki, Mehriban xanım Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfəsini verəcək. İndiyə qədər olduğu kimi, bundan sonra da Mehriban xanım Əliyeva özünün yeni, şərəfli və məsuliyyətli vəzifəsində növbəti uğurlara və nailiyyətlərə imza atacaq.

 

Aydan RZAYEVA,

Azərbaycanın Avstraliyada fəxri konsulu

 

Azərbaycan.- 2017.-25 avqust.- S.1; 6.