“Qarabağ”ın Kopenhagen zəfəri
Ağdam klubu tarixdə ilk
dəfə Azərbaycanı Çempionlar
Liqasının qrup mərhələsində
təmsil edəcək
23 avqust 2017-ci il... Danimarkanın paytaxtı Kopenhagen, “Tella Parken” stadionu və “Qarabağ”ın möhtəşəm zəfər gecəsi. Həmin gün Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazıldı.
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Kopenhagen” komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıran Ağdamın “Qarabağ” komandası Azərbaycan futbolu tarixində bir ilkə imza ataraq qrup mərhələsinə vəsiqə qazandı. Danimarka təmsilçisi ilə Bakıdakı görüş komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ağdamlılar “Tella Parken”də 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində adını ilk dəfə qrup mərhələsinə yazdırıb.
Bir həftə idi ki, Azərbaycanın diqqəti məhz bu oyuna yönəlmişdi. Hamı Bakıdakı 1:0 hesablı qələbədən sonra ağdamlı futbolçuların səfər oyunundan da sərfəli nəticə ilə qayıdaraq tarix yazacağına inanırdı.
Oyunun qısa təhlilinə başlamazdan öncə maraqlı bir məqamı qeyd etmək istərdik. Matç günü saat 18:00-ı göstərirdi. Dostlarla qərara gəldik ki, görüşü paytaxtımızda yerləşən məkanlardan birində kollektiv şəkildə izləyək. Adətən, qarşılaşmanın gedişində aparılan müzakirələr daha maraqlı və həyəcanlı olur. Bir neçə məkanda bildirdilər ki, “Qarabağ”ın matçını izləmək üçün yerlər bir həftə bundan əvvəl sifariş edilib. Bir sözlə, “Kopenhagen”-”Qarabağ” matçına böyük marağın şahidi olduq. Milyonların gözü ölkəmizdə ekran qarşısında idi, qəlbləri isə Kopenhagendə döyünürdü. Bütün dualar “Qarabağ” üçün idi.
Oyunun ispaniyalı baş hakimi Alberto Undiano Mallenkonun start fitindən sonra meydan sahiblərinin əsasən sol cinahdan hücumlar təşkil etməklə erkən qol vurmağı planlaşdırdıqlarını gördük. Ancaq “Qarabağ” rəqibə meydançanın mərkəzində pressinq tətbiq edərək onların cinahlara ötürmələrinin qarşısını ilk 20 dəqiqə ərzində çox yaxşı aldı. 30-cu dəqiqədən etibarən isə “Kopenhagen” oyun taktikasında dəyişikliyə getdi. Oyunu qısa ötürmələrlə müdafiədən quraraq, meydançanın mərkəzində çoxlu sayda paslara üstünlük verməklə uzun ötürmələr sayəsində Santander və Pavloviçə imkanlar yaratmağa çalışırdılar. Lakin müdafiəçilərimiz rəqibə daha yaxın oynayaraq bunun qarşısını almağa müvəffəq oldular.
Avqustun 23-də qəzetimizdə dərc olunan “Qarabağ Danimarkada tarix yazmalıdır” sərlövhəli məqalədə bütün bu amillərə toxunulmuş, standart vəziyyətlərdə diqqətli olmağın, müdafiəçlərimizin rəqibə daha yaxın oynamağın vacibliyini qeyd etmişdik. İlk hissənin başa çatmasına bir dəqiqə qalmış danimarkalı futbolçuya qarşı edilmiş qayda pozuntusuna görə verilən cərimə zərbəsindən sonra “Kopenhagen”in hücumçusu Santander qapıçımız Şehiçin hava mübarizəsində səhvindən yararlanaraq hesabı açdı.
Fasilədən sonra tədricən oyunu meydançanın rəqibə aid hissəsində keçirməyə çalışan ağdamlı futbolçular hücumda çoxalmağa başladılar. Belə epizodlardan birində 63-cü dəqiqədə Ansi Aqollinin sol cinahdan ötürməsini Dino Ndlovu qapının sağ küncünə göndərərək hesabda tarazlığı bərpa etdi.
Qolun sevincini tam yaşamamış, yaranan adi diqqətsizlikdən sonra 66-cı dəqiqədə Pavloviç baş zərbəsi ilə “Kopenhagen”i hesabda irəli çıxardı. Bundan sonra daha diqqətli oynayan “Qarabağ” rəqibin təzyiqinin qarşısını almağı bacardı.
Budur, görüşün ispaniyalı
referisi Alberto Undiano Mallenko əsas vaxta 2 dəqiqə əlavə edir. “Qarabağ”ı tarixi zəfərdən saniyələr
ayırır. Nəhayət, hakimin matçın başa çatdığını
bildirən final fiti səslənir. 40 minlik “Tella Parken”
stadionu sükuta qərq olur. Yerli azarkeşlər yaranan şokdan başlarını
tutaraq, rəqib futbolçular isə məyus halda yerə yıxılaraq “Qarabağ”ın tarixi zəfərini seyr edirlər. Futbolçularımızın sevinc səsləri,
Qurban Qurbanovun isə göz yaşları ən diqqətçəkən məqamlardan
biri oldu. Azərbaycanlı çalışdırıcının
sevincdən doğan göz yaşları bundan əvvəlki illərdə çəkilən
əziyyətlərin xoş
sonluğu idi. Stadionda oyunu canlı izləyən 2 mindən çox azarbaycanlı azarkeşin “Qarabağ” sədaları stadiondan eşidilirdi.
Həmin an Bakıda böyük coşqu var idi. Bütün şəhəri “Qarabağ, Qarabağ” şüarları bürümüşdü.
“Qarabağ” klubunun
bayraqlarını başlarının
üstündə tutan
şəhər sakinləri
gecə boyunca bu böyük uğuru böyük sevinclə qeyd etdilər.
Kopenhagendə tarix yazan “Qarabağ”
avqustun 24-də vətənə
qayıtdı. Ağdam təmsilçisini qarşılamaq üçün
Heydər Əliyev Beynəlxalq Hava Limanına yollandıq.
Komandamızı azarkeşlər, onların ailə üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri böyük
təntənə ilə,
gül-çiçəklə qarşıladılar. Hava limanına
gələn fan-klubların
üzvlərinin əllərində
futbolçularımızın şəkilləri, “Qarabağ”la
bağlı şüarlar
və üçrəngli
bayraqlarımız dalğalanırdı.
Qəhrəmanlarımız gül çələnglərinin
əhatəsində sevinc
hisslərini yaxınları,
qohumları ilə paylaşır, azarkeşlərlə
xatirə şəkilləri
çəkdirirdilər.
Mətbuata açıqlamalar verən
“Qarabağ”ın baş
məşqçisi Qurban
Qurbanov və komandanın aparıcı
futbolçuları Danimarkada
qazanılan tarixi uğurun xoş təəssüratlarını bizimlə bölüşdülər.
Qurban Qurbanov Azərbaycan futbolu tarixində belə bir uğur qazandıqlarına
görə özünü
xoşbəxt hiss edirdi:
“UEFA Çempionlar Liqasının
qrup mərhələsinə
yüksəldik. İlk dəfə
idi ki, bu
turnirin pley-off mərhələsində iştirak
edirdik. Allaha şükürlər olsun ki, hər
şey bizim tərəfimizdə oldu.
Hisslərimi tam olaraq sözlə
ifadə edə bilmərəm. Final fitindən sonra emosiyalarımı, göz
yaşlarımı saxlaya
bilmədim. Çəkindiyimiz rəqib yoxdu. Kiminlə eyni qrupa düşəcəyiksə,
çıxıb əzmlə
oynayacağıq. Hər kəsə
təşəkkür edirəm.
Düşünürəm ki, bu uğurumuz Azərbaycan xalqına futbolu daha da sevdirdi.
Bundan sonra futbola maraq
daha da artacaq”.
Komandanın kapitanı
Rəşad Sadıqov
isə Kopenhagendə çox çətin bir qarşılaşmaya çıxdıqlarını qeyd
etdi: “Bilirdik ki, bizi çətin
səfər matçı
gözləyir. Rəqibin mərhələ
keçmək üçün
son dəqiqəyə qədər
əlindən gələni
edəcəyini anlayırdıq.
“Kopenhagen” təcrübəli,
hər an təhlükə yarada bilən komandadı. İlk dəqiqədən son dəqiqəyə
qədər mübarizə
apardıq. Allaha şükürlər
olsun ki, qrup mərhələsinə
vəsiqə qazanan tərəf biz olduq.
Hamıya təşəkkürümü
bildirirəm. Azərbaycan xalqı
bu uğuru qazanmağınızı çox
istəyirdi. Neçə illər idi ki, buna doğru
gedirdik. Keçən
il Çempionlar
Liqasını çox
üzücü tərk
etmişdik. Bu il toplanış dövründə məğlubiyyətlərimiz
oldu, hətta insanlarda bizə qarşı inamsızlıq
da yaranmışdı.
Amma birinci gündən bilirdik ki, nəyəsə
nail olmaq üçün
əziyyət çəkməliyik.
Həqiqətən də, komanda
şəklində çox
çalışırdıq. Düşündüyümüz transferlər alınmadı.
Hamı daha çox transfer gözləyirdi.
Qurban müəllimi bir daha təbrik etmək istəyirəm ki, transfersiz, bu qədər çətinliklərə baxmayaraq,
zədəli futbolçularımızın
olmasına rəğmən,
dünən son nöqtəni
qoya bildik, Çempionlar Liqasının
qrupuna düşdük.
Bu, təkcə bizim qələbəmiz deyil. “Qarabağ”
xalqın komandasıdı.
Biz də hansı
komandanı təmsil etdiyimizi bilirik. Odur ki, mübarizə apardıq ki, arzumuza çataq”.
“Qarabağ”ın
Kopenhagendəki qolunun
müəllifi Dino Ndlovunun
da sevincinin həddi-hüdudu yox idi: “Nə deyə
bilərəm? “Qarabağ” məqsədinə
çatdı, Çempionlar
Liqasının qrup mərhələsinə vəsiqə
qazandı. Hamı kimi,
mən də sevincliyəm. Bu görüşü
unudub, növbəti matç barədə düşünməliyik”.
Komandamızın tarixi uğuruna dünya mətbuatı da böyük diqqət ayırıb. İspaniyanın məşhur idman nəşri olan “Marca” qəzeti “Qarabağ” futbol komandasının UEFA Çempionlar
Liqasının qrup mərhələsinə yüksəlməsi
ilə bağlı məqalə dərc edib. Məqalədə
“Qarabağ”ın heyətində
oynayan ispaniyalı Miçelin və məşqçilərdən Ruben Sellesin fikirləri yer alıb. Eyni zamanda Ağdam təmsilçisinin bu mövsüm UEFA Çempionlar
Liqasının seçmə
mərhələsində keçdiyi
yoldan da bəhs edilib.
Türkiyənin və Rusiyanın aparıcı telekanallarında
da “Qarabağ”ın Kopenhagendəki tarixi zəfərindən söhbət
açılıb, komandanın
oyunu yüksək qiymətləndirilib.
Beləliklə, ardıcıl 3 mövsümdür
UEFA Avropa Liqasının
qrup mərhələsində
mübarizə aparan “Qarabağ”ı indi daha böyük oyunlar, təcrübələr
gözləyir. Bir neçə gün
bundan əvvəl qeyd etdiyimiz və inandığımız
tarix “Tella Parken”də yazıldı.
2000-ci ildə həmin
stadionda Türkiyənin
“Qalatasaray” komandasının
UEFA Kubokunu qazanaraq yazdığı tarixi 17 ildən sonra “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla yenilədi və Vətənə qəhrəman
kimi qayıtdı.
Təbriklər, Qurban Qurbanov!
Təbriklər, “Qarabağ”!
Elçin CƏFƏROV
Azərbaycan.-
2017.-25 avqust.- S.8.