Avropa “Qarabağ”dan
danışır
Xarici mətbuat
Ağdam təmsilçisinin
tarixi uğuruna geniş yer verir
UEFA Çempionlar
Liqasında qrup mərhələsinə vəsiqə
qazanmaqla Azərbaycanın
futbol tarixində bir ilkə imza
atan “Qarabağ” bütün dünyanın
diqqət mərkəzindədir. Ağdam təmsilçisinin
bu uğurundan Avropanın aparıcı
media orqanları materiallar
dərc elətdirib, komandanın tarixi, futbol sahəsində gördüyü işlər,
təmsil etdiyi şəhər haqqında
oxuculara geniş məlumatlar çatdırır.
Türkiyənin, Rusiyanın,
Fransanın, İtaliyanın,
İspaniyanın və
s. ölkələrin ən
məşhur KİV-də
“Qarabağ” futbol klubunun Ermənistanın işğalçılıq siyasəti
nəticəsində 24 ildir
doğma şəhəri
Ağdamdan didərgin
düşdüyü, Bakıda
məskunlaşdığı qeyd olunur.
Fransanın “footmercato.net”
saytında “Qarabağ”
komandasının tarixi
uğuruna geniş yer ayrılıb. Qeyd edilib
ki, Azərbaycan təmsilçisinin matçın
63-cü dəqiqəsində vurduğu qol “Kopenhagen” klubunu çətin duruma salıb. “Qarabağ”ın
futbolçularının son dəqiqəyədək inamlı
mübarizə ruhu matçın taleyini həll etdi.
Fransanın digər
saytı “Bursorama” isə Ağdam klubunun qələbəsini
“Qarabağ” UEFA Çempionlar
Liqasına yüksələn
ilk Azərbaycan komandası
kimi yadda qaldı. Bu tarix
hələ uzun zaman xatırlanacaq” başlıqlı yazı
ilə oxuculara çatdırıb.
Belçikanın nüfuzlu “7sur7.be” saytında
qeyd edilir ki, “Qarabağ” komandası rəqibi olan “Kopenhagen” klubunu doğma meydanda 1:0 hesabı ilə məğlub edib. Səfərdə isə 1:2 hesabı
ilə uduzmasına baxmayaraq, qrupa vəsiqə qazanıb.
Bu, Azərbacan futbolu üçün tarixi nəticədir.
Qardaş Türkiyənin nüfuzlu
idman portalları da UEFA Çempionlar Liqasının debütantı
olan “Qarabağ”ın uğuruna geniş yer veriblər. “Ntvspor.net”, “Fanatik.com.tr”,
“Fotomac.com.tr”, “Sporx.com” və s. saytlarında yer alan “Qarabağ” tarix yazdı”, “İlk dəfə Çempionlar Liqasında”
sərlövhəli məqalələrdə
bildirilib ki, son 3 mövsümdür Avropa Liqasında təmsil olunan “Qarabağ” avrokuboklarda əldə etdiyi təcrübədən
bəhrələnərək bu dəfə Çempionlar Liqasında mübarizə aparacaq.
“Qarabağ”
klubunun qələbəsini
Rusiya mətbuatının
nüfuzlu agentlikləri
də işıqlandırıb. “Gazeta.ru” saytı
“Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində”, “Rosbalt.ru” saytı
“Qarabağ”ın qələbəsini
“Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə daxil
oldu”,
“Segodna.ua” saytı isə
“Tarixdə ilk dəfə
olaraq Azərbaycan klubu Çempionlar Liqasının qrupunda oynayacaq”, “Ria.ru” saytının
idman bölməsi “Azərbaycanın “Qarabağ”
klubu tarixdə ilk dəfə ÇL-nın
qrup mərhələsində”, “Regnum.ru” portalı
isə “Çempionlar
Liqasının qrup mərhələsinin bütün
iştirakçıları müəyyən edildi” başlıqları ilə
“Qarabağ”ın qələbəsindən
yazıb, komandanın
keçmişi haqqında
məlumatlar verilib.
Böyük Britaniyanın
“Sky Sports”, İtaliyanın “La Stampa” və s. kimi mətbuat orqanlarında da “Qarabağ”ın
uğuru başlıq
kimi verilib. “Qarabağ”dan tarixi uğur”, “20 ildən artıqdı evdə oynamayan “Qarabağ” Çempionlar Liqasının
qrup mərhələsində”,
“Ndlovunun qolu “Qarabağ”ı qrup mərhələsinə daşıdı”
kimi başlıqlarla verilmiş xəbərlərin
demək olar, hər birində Ağdam təmsilçisinin
20 ildən artıqdır
doğma meydanda çıxış etmədiyi
xüsusi vurğulanıb.
İtaliyanın “La Stampa”
qəzetində dərc
olunmuş “20 ildən
artıq evində oynaya bilməyən Qarabağ klubu Çempionlar Liqasının
yeni iştirakçısıdır”
adlı məqalədə
qeyd olunur ki, Avropanın yeni möcüzəsi olan və tarixində
ilk dəfə olaraq Çempionlar Liqasının
qrup mərhələsinə
vəsiqə qazanan “Qarabağ” Azərbaycanın
Ermənistan tərəfindən
işğal edilmiş
və dağıdılmış
Ağdam şəhərinin
klubudur. Ermənistanın hərbi təcavüzü
səbəbindən klub
1993-cü ildə Ağdam
şəhərini tərk
etmiş və 20 ildən artıq evində oynaya bilməyən yeganə klubdur. Yazıda Ermənistanın təcavüzünün nəticəsi
olaraq bu gün Ağdamın dağıntılara məruz
qaldığı, azərbaycanlıların
didərgin salındığı,
klubun stadionunun dağıdıldığı bildirilir.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-26 avqust.- S.6.