Mütərəqqi maarifçilik ənənələrinin layiqli davamçısı

 

Xalqların milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də siyasi varislik ənənələri formalaşdıraraq müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. XX əsr Azərbaycan tarixinin yetirdiyi parlaq şəxsiyyət - ulu öndər Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş, milli lider kimi xalqımızın əbədi sevgisini qazanmışdır.

Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir.

Bu ali məqsədi qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 13 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində milyonlarla insanın ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə ölkəmizdə oxşarı olmayan nüfuzlu qurumdur.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması məramı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanında təsbit edilmiş, bununla qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdi. Fond, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat ilk gündən elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idman, ekologiyaya dair proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi və maddi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici dövlətlərin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, yaradıcı və elmi potensialın artırılması kimi məqsədlər də fondun 13 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum uşaq müəssisələrinin infrastrukturunun, tibbi təsisatların inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın, multikulturalizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu nəcib və xoşməramlı missiyanın mühüm tərkib hissələridir.

Ölkə vətəndaşları fondun məqsədi, məramı barədə yalnız hər hansı yazılı proqramlardan, media materiallarından deyil, həm də real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən xəbər tuturlar. Bütün bunlar isə, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır.

Azərbaycan Prezidenti cənab

İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi, bu mənada, cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçikolsa öz töhfəmizi verməyi bacarmışıq... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidirhesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.

Azərbaycanın birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğu ötən aylarda bir daha təsdiqini tapmışdır. Ölkə ictimaiyyəti də bu təyinatı Azərbaycanın hazırkı və gələcək inkişaf perspektivləri baxımından yüksək dəyərləndirir. Heydər Əliyev Fondunun prezidenti ötən illərdəki fəaliyyətində insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, hümanizm kimi dəyərlərin möhkəmlənməsinə, eləcə də Heydər Əliyev irsinin təbliğinə, ümummilli liderin həyata keçməyən ideallarının gerçəkləşməsinə çalışmışdır. Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə, ümumən Heydər Əliyev Fondunun işinə yaradıcı münasibəti ulu öndərin adını daşıyan təşkilatın fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən ən mühüm amillərdən biridir.

Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində cəmiyyətin sosial sahələrinə həssas münasibət yenə də ön plandadır və bu, 10 ildən artıq müddətdə həyata keçirilən sosial layihələrin uğurlu davamıdır. Heydər Əliyev Fondu humanitarsosialyönümlü fəaliyyətində cəmiyyətin mənəvi, mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramını qarşıya qoymuşdur. Azərbaycanın Birinci vitse-prezidenti bütün bu məqsədlərin həyata keçirilməsi, eləcə də ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsilin problemlərinin həllini də xüsusilə vacib sayır.

Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun 13 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir.

Şübhəsiz, elm və təhsil kimi strateji sahələrdə özünü göstərən problemlərin həllini yalnız dövlətdən gözləmək obyektiv yanaşma deyildir. Bu prosesdə dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai birliklər, qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidirlər. İctimai statusda fəaliyyət göstərsə də, cəmiyyət həyatının müxtəlif sahələrində yaşanan problemlərin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında ölkəmizin müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə “dəyirmi masa” təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır.

Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb binalarının tikintisi geniş vüsət almışdır. Əslində, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb binası tikilərək istismara verilmişdir.

2006-cı ildə Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəb binaları inşa olunmuşdur. Bununla da fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. Ümumilikdə fond indiyədək 300-dən çox yeni məktəbin tikintisini uğurla həyata keçirmişdir.

Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

“Təhsilə dəstək” layihəsi isə bir sıra xarici ölkələrdə uğurla həyata keçirilir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəblər tikdirmiş və təmir etdirmişdir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası var.

“Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

2014-cü il fevralın 27-də isə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir: “Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir... Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir. Yeni bağçalar mövcud bağçaların ərazilərində tikilməlidir. Məndə olan məlumata görə, bağçaların bir çoxu böyük ərazidə yerləşir və geniş tikinti üçün imkanlar var. Eyni zamanda, yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin”.

Fond təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirmişdir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, “Təhsil hamı üçün” proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir.

Heydər Əliyev Fondu UNİSEF-lə əməkdaşlıq sahəsində də bir sıra ciddi uğurlara imza atmışdır. UNİSEF-lə birgə reallaşdırılan çoxsaylı layihələr sırasında de-institutlaşma proqramının əhəmiyyətini xüsusi vurğulamaq mümkündür. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı hazırlamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı”nın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etməkdən ibarətdir. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur.

Elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb sivilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq sivilizasiyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda maddi mədəniyyətin kamil insanın formalaşmasındakı rolu haqqında söhbət açmaq olar. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində Azərbaycanın mənəvi inciləri bir-birinin ardınca dünya qeyri-maddi mədəni irs siyahısına salınmış, ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq məkanına çevrilmişdir.

Fond ayrıca götürülmüş bir sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyətinin və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Bu fəaliyyət vətəndaşlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların ölkə iqtidarına, Prezident cənab İlham Əliyevə inamını daha da artırır.

 

Mönsüm ALIŞOV,

pedaqoji elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.-26 avqust.- S.4.