"Buta Airways"
ən çox tələb olunan istiqamətlərə uçuşlar
yerinə yetirəcək
Avqustun 25-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan
Hava Yolları” QSC-nin nəzdində yaradılan “Buta Airways”
aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi
ilə tanış olub.
Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin əsas prioritet sahələrindən biridir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə turizm obyektlərinin yaradılması ilə yanaşı, nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Buta Airways” aviaşirkətinin lou-kosterinin yaradılması da dövlətimizin başçısının Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən görülən işlərdəndir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov “Buta Airways” aviaşirkətinin yeni “Embraer 190” təyyarəsi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir. “Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva, Kiyev, Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, oktyabrın 29-dan isə tətbiq ediləcək qış uçuş cədvəlinin başlamasıyla Bakıdan İstanbula və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya uçuşlar olacaq. Bütün istiqamətlər üzrə minimal tarif bir tərəfə 29 avro təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarədə isti yeməklər, yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif ediləcək.
Yaxın günlərdə
şirkətin daha bir
yeni “Embraer 190” təyyarəsinin
Bakıya gətirilməsi nəzərdə tutulur.
Ümumilikdə isə aviaşirkətin hava
gəmiləri parkındakı “Embraer 190”
təyyarələrinin sayı 8-ə çatdırılacaq.
Bu layihənin
icra edilməsi ölkə vətəndaşlarının
daha ucuz qiymətə
dünyanın müxtəlif şəhərlərinə səyahət
etməsinə imkan yaratmaqla
yanaşı, Azərbaycana turist
axınının artmasına da əhəmiyyətli
dərəcədə təsir göstərəcək.
Azərbaycan.-
2017.-26 avqust.- S.1.