Onlar doğma yurda dönəcəklərinə inanırlar

 

Qubadlı rayonunun işğalından 24 il ötür

 

1993-cü il avqustun 31-ni qubadlılılar qəmli və kədərli gün kimi xatırlayırlar. Həmin gün Qubadlının tarixinə qara hərflərlə yazılıb. Məhz o gün 30 min nəfərdən çox qubadlılı öz el-obasından didərgin düşüb. 24 ildir ki, onlar doğma yurdun həsrəti ilə yaşayır və geri dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Qubadlı rayon kimi 1930-cu ildə təşkil edilmişdi. Rayonun ərazisi 802 kvadratkilometr idi və böyük hissəsini meşə və yaşıl zolaq təşkil edirdi. Rayonun əsrarəngiz təbiəti hər kəsin marağına səbəb olur, bu gözəllikləri seyr etməkdən doymurdular. Sovet dönəmində Qubadlı turistlərin respublikamızda ən çox gəldiyi ərazi idi. İlin bütün fəsillərində buraya müxtəlif respublikalardan xeyli insan gəlirdi.

Qubadlı Ermənistanla 120, Dağlıq Qarabağla isə 40 kilometr həmsərhəd idi. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan əhali ötən əsrin sonlarında bir daha erməni qəddarlığının şahidi oldu. İlk günlər heç kim inanmırdı ki, ermənilər yedikləri duz-çörəyi yadlarından çıxara bilərlər. Amma sonralar baş verən hadisələr göstərdi ki, namərdlər onlara edilən yaxşılıqları unudublar. Yerli camaat dinclik üzünə həsrət qaldı. İstili-soyuqlu səngərlərə sinə gərdilər. Ancaq yurd, el-oba qeyrətini çəkən insanların, təəssüf ki, düşmənə cavab vermək imkanları yox idi. Ermənilər müasir silahlardan atəş açır, özünümüdafiə dəstələrimiz isə ov tüfəngi ilə cavab verməyə çalışırdılar.

Hələ 1988-ci ildən, yəni Qarabağ savaşı başlayandan qubadlılılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndinə, Laçına gedən yola nəzarət edirdilər. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da həmin yoldan keçə bilmirdi. Məqsədlərinə çatmayan qarşı tərəf hücum istiqamətlərini dəyişdi, hər tərəfdən zərbə vurmağa başladılar. Həmin döyüşlərdə 237 nəfər şəhid oldu, 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmırdı. Əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağın hər qarışını canlarından üstün tuturdular.

İgid döyüşçülər Əliyar Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Səfa Axundov... şəhidlik zirvəsinə yüksəldilər. Onlar göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldülər. Yeri gəlmişkən qeyd edək ki, bu igidlərin davamçıları ötən ilin aprel zəfərində də qəhrəmanlıqlarına görə fərqlənmişdilər. Aprel döyüşlərində göstərdikləri rəşadətə görə dövlət başçısı İlham Əliyev Şükür Həmidova Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Mais Bərxudarova isə general-mayor hərbi rütbəsi vermişdir.

1993-cü ilin avqustunda vəziyyət daha da gərginləşdi. Həmin ayın 31-də Qubadlı erməni qəsbkarları tərəfindən işğal edildi. Məcburi köçkünlüyün ilk vaxtlarında problemlər qarşısında qalan rayonun 30 mindən artıq sakininə dövlət qayğısı, xüsusilə də ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti olmasaydı, indi bu insanların taleyi məlum deyildi.

Məcburi köçkünlərə yüksək dövlət himayəsini artıq 24 ildir doğma torpaqlarının həsrəti ilə yaşayan Qubadlı sakinləri də öz üzərlərində hiss edirlər. Bu qayğının əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın və məcburi köçkünlərə dövlət qayğısı bu insanların sosial həyatında yeni mərhələnin açılmasına rəvac verdi. Bu gün həmin siyasəti davam etdirən Prezident İlham Əliyev ölkənin artan iqtisadi imkanları fonunda qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görür.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluq məsələləri istiqamətində də komplesk addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqları ilə məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı işlər görülür.

Rayonun 37222 nəfər əhalisi respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Qubadlılıların əksər hissəsi Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşdığından rayonun icra strukturları, idarə, müəssisə və təşkilatları Sumqayıt şəhərində yerləşir. Fəaliyyətləri bərpa edilmiş idarə, müəssisə və təşkilatların bu illər ərzində başlıca qayğısı məcburi köçkün soydaşlarımızın həyat səviyyəsinin yaxşılaşmasına çalışmaq olmuşdur. Buraya kommunal, sosial, səhiyyə, mədəniyyət, təhsil və digər problemlərin həlli aiddir. Səhiyyə və mədəniyyət sahələrinin maddi və texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbirlər görülmüşdür. Rayonda 19 min 700 nəfər əmək qabiliyyətli əhali var. Son illərdə rayon üzrə 3624 yeni iş yeri açılmış,1612 sahibkarlıq subyekti yaradılmışdır. Hazırda 950 nəfər vergi ödəyicisi fəaliyyət göstərir.

Köçkünlük dövründə diqqət yetirilən əsas problemlərdən biri təhsillə bağlıdır. Bu, təsadüfi deyildir. Axı, rayonun zəngin təhsil ənənələri olmuşdur. Qubadlıda əsası hələ 1882-ci ildə qoyulan dünyəvi məktəb bu bölgənin mədəni inkişafında mühüm rol oynamışdır. İlkin təhsilini burada alan məktəbin məzunları arasında respublikamızın ictimai-siyasi, mədəni, elmi həyatında yaxından iştirak etmiş ictimai xadimlər, yazıçılar və alimlər vardır.

Məcburi köçkünlük dövründə Qubadlının təhsil şəbəkəsinin bərpası, ənənələrinin qorunub yaşadılması üçün əsaslı işlər görülmüşdür. Hazırda Qubadlıda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Qısa müddətdə məcburi köçkün soydaşlarımızın daha sıx məskunlaşdığı Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində müasir tələblərə cavab verən 20 yeni məktəb inşa olunmuş, 12-si əsaslı təmir edilərək yenidən qurulmuşdur. Həmin məktəblərin hər birində istilik sistemləri quraşdırılmış, sinif otaqları müasir texniki avadanlıqlarla təmin edilmişdir. Görülmüş işlər öz bəhrəsini verməkdədir. Əhali tərəfindən dövlətimizin qayğısının təzahürü kimi qarşılanan bu işlər nəticə etibarilə rayonda təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsinin yüksəlməsində stimul olmuşdur. Bu il məktəbi bitirən 491 məzundan 419 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir.

Əsas məsələlərdən biri insanların sağlamlığıdır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda bu sahəyə geniş yer verilmiş, uğurlu nəticələr əldə edilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinikasının yaradılması və fəaliyyət göstərməsi rayon sakinlərinin sağlamlığının davamlı müalicəsində əhəmiyyətli rol oynayır.

2003-cü ildən fəaliyyət göstərən xəstəxana üçün Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 1 saylı poliklinikasında kiçik bir otaqda yer ayrılmışdı. Xəstəxananın poliklinika şöbəsində mama-ginekoloq, terapevt, pediatr, cərrahiyyə, nevropatoloq, kardiologiya və digər müalicə-profilaktika üzrə xəstələrə xidmət göstərilir. Son bir neçə ildə xəstəxanaya yeni avadanlıqlar gətirilib. Kompüter tipli rentgen qurğusu, kolonoskop, EXO aparatları xəstəliklərin aşkarlanmasında xüsusi əhəmiyyət daşıyır.

Poliklinikanın nəzdində 3 tibb məntəqəsi də fəaliyyət göstərir. Məntəqələr Sumqayıt mehmanxanası, Kompressorlar zavodu ərazisində, “Şəfa” və “Metallurq” sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılılara xidmət edir. İş rejimi növbəlilik əsasında aparılan tibb məntəqələrində 24 saat ərzində xəstələrə xidmət göstərilir. Burada hər gün 100-dən artıq ambulator xəstə qəbul edilir. Poliklinikada iki yüz nəfərdən çox şəkərli-diabet xəstəsi qeydiyyatdadır. Onların hər biri vaxtlı-vaxtında pulsuz dərmanlarla təmin edilir.

Onu da bildirək ki, poliklinikaya qubadlılılarla yanaşı, yerli sakinlər də müraciət edirlər. Dövlət başçısının tapşırığı ilə əhalinin sağlamlığının yoxlanılması və müalicəsi zamanı qubadlılılarla yanaşı, Zəngilan, Füzuli, Ağdamdan olan məcburi köçkünlər də Qubadlı Rayon Mərkəzi Xəstəxanasına müraciət edirlər.

Bu səhiyyə ocağında 70 nəfərə yaxın tibb işçisi çalışır. Xəstəxanada müasir tipli ultrasəs müayinə aparatları, klinik diaqnostika laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini yoxlamaq üçün texniki avadanlıqlar var. Həmçinin stomatoloji qurğu, ensefaloqraf, exokardioqraf və bir sıra fizioterapiya aparatları xəstələrin xidmətindədir. Xəstəxanada dörd səyyar həkim briqadası fəaliyyət göstərir. Qubadlılıların sıx məskunlaşdığı ərazilərdə həmin briqadalar maarifləndirmə işləri aparır, xəstəliklər barədə məlumat verir, xəstələri yerindəcə müayinədən keçirirlər.

Bu gün qubadlılılar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Respublika iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada qubadlılılar çalışmasın, öz köməklərini əsirgəməsinlər. Bu baxımdan rayon gəncləri xüsusi fəallıq göstərirlər. Rayon icra hakimiyyətində onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində aparılan işləri genişləndirməklə bağlı xüsusi proqram hazırlanıb. Qubadlılı gənclər həmişə ölkənin inkişafında yaxından iştirak etmiş və hazırda bu ənənə davam etdirilir. Öz tarixi keçmişləri ilə fəxr edən Qubadlı gəncləri bu gün də ön sıradadır.

IV İslam Həmrəyliyi Oyunlarında qubadlılı idmançı İslam Abbasov yunan-Roma güləşi üzrə rəqiblərinə qalib gələrək qızıl medala layiq görüldü. Eyni zamanda həmin yarışlarda Qubadlı rayonundan olan Talıbov Elçin Kalam oğlu qızıl medala, qardaşı Natiq isə bürünc medala layiq görülüb. Son bir ildə 17 nəfər rayon idmançısı ölkə birinciliklərinin qalibi olub.

Qubadlılılar təhsilə diqqətlə yanaşırlar. Hər il orta məktəbi bitirən onlarla gənc təkcə respublikanın deyil, dünyanın nüfuzlu təhsil müəssisələrində oxuyurlar. Xarici ölkələrdə oxuyanlar respublikamızın diaspor təşkilatları ilə əlaqə saxlayır, onların tədbirlərində yaxından iştirak edirlər.

Regional Mədəniyyət və Turizm İdarəsinin rayon nümayəndəliyinin yerləşdiyi 28 May Mədəniyyət evinin binası əsaslı təmir edilib. Burada 271 nəfərlik iclas zalı, ulu öndər Heydər Əliyevin xatirə guşəsi yaradılıb, Mərkəzi Kitabxana Sistemi və Mahmudlu kənd uşaq musiqi və kənd tam orta məktəbləri üçün otaqlar ayrılıb.

Rayon icra hakimiyyətinin Sumqayıt şəhərində yerləşən inzibati binasında fəaliyyət göstərən muzeydə 700-dən artıq eksponat toplanıb. Burada rayonun işğal altında olan 93 kəndi barədə geniş məlumat var. Muzeyin “Heydər Əliyev və Azərbaycan” guşəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər diqqəti cəlb edir. Ümummilli liderin Qubadlı rayonunun sakinləri ilə görüşlərindən xatirə şəkilləri muzeyin bəzəyidir. Burada həmçinin Qubadlı şəhidləri, kəndləri, rayonun ictimai həyatında rol oynamış insanlar barədə məlumatlar kifayət qədərdir.

Muzeydə Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları nümayiş olunur. Xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də burada qorunub saxlanılır. Muzeyə gələnlər Qubadlının tarixi, rayonun kəndləri, relyefi, təbii sərvətləri, mədəniyyət ocaqları ilə tanış ola bilirlər.

Ötən ilin aprelində ordumuzun rəşadəti nəticəsində min hektarlarla torpaq düşməndən geri alındı. Ölkə rəhbərinin tapşırığı ilə Cocuq Mərcanlı yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Onu da qeyd edək ki, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı doğma torpaqlara Böyük Qayıdışın başlanğıcı kimi bütün məcburi köçkünlərin qəlbində ümid işığını

şölələndirdi.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atılır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi və ilk müşavirəsini məcburi köçkünlərlə bağlı keçirməsi qubadlılılar tərəfindən də rəğbətlə qarşılandı. Bu ilin may ayında paytaxtın Qaradağ rayonunda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün 2 bloklu, doqquzmərtəbəli, 11 binadan ibarət 1026 ailəlik yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Artıq Bakı şəhərinin Xəzər və Xətai rayonlarında tikintisi yarımçıq qalmış binalarda məskunlaşan 214 ailə isə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülmüşdür.

Cocuq Mərcanlıda aparılan tikinti işləri, oraya böyük qayıdış qubadlılıların da torpaq həsrətini közərdib. Öz kökünə bağlı olan qubadlılılar bir zamanlar gəzib-dolaşdıqları, binə qurduqları torpaqları daim xatırlayır, ora dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Həsrətin bitəcəyi günə isə az qalıb. Ölkəmizin artan iqtisadi qüdrəti, beynəlxalq aləmdəki nüfuzu xoş gələcəkdən gələn ismarıclardır. Cocuq Mərcanlı ilə başlayan qayıdış tezliklə işğal altında olan bütün ərazilərimizi əhatə edəcək, yüz minlərlə qaçqın və məcburi köçkün doğma yurdlarına dönəcək.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 31 avqust.- S.4.