İlham Əliyev: "Biz Vətənimizin hərtərəfli
inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə
çatmaq üçün əzmlə
çalışırıq"
Dünya azərbaycanlılarına
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Milli birlik və Vətənə məhəbbət
kimi nəcib duyğuları təcəssüm etdirən 31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü ərəfəsində hər birinizi ürəkdən
salamlayır və ən xoş arzularımı
çatdırıram.
Qəlbi həmişə doğma
yurda sevgi hissi ilə döyünən bütün
soydaşlarımızın milli-mənəvi dəyərlərə
bağlılığı və Azərbaycanla əlaqələrinin
daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət
mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin irəli
sürdüyü azərbaycançılıq məfkurəsinə
əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan
həmvətənlərimizin daha sıx birliyinin təşəkkül
tapmasına təkan vermiş, ölkəmizin dünya dövlətləri
ilə qarşılıqlı faydalı münasibətlərinin
inkişafında diaspor təşkilatlarının rolunu xeyli
gücləndirmişdir.
Bu gün Azərbaycan Respublikası
böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir.
Bu potensial dövrün mürəkkəb
çağırışlarına adekvat cavab vermək
üçün bizə geniş imkanlar açır. Müstəqil
dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə
qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan
qaldırılmış, sosial-iqtisadi inkişafın
dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin
olunmuşdur. Təşəbbüskarı olduğumuz
transmilli layihələrin həyata keçirilməsində
yüksək nailiyyətlər qazanmışıq. Nəhəng
neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin
2050-ci ilə qədər uzadılmasına dair sazişin
imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə
verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən
keçən hissəsində işlərin başa
çatdırılması respublikamızın tərəqqisi
və xalqımızın rifahının yüksəlməsinə
xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini
artırır.
Mədəniyyətlərarası
dialoqun təşviqi və ümumbəşəri problemlərin
həlli sahəsində dövlətimizin ardıcıl və
qətiyyətli mövqeyi beynəlxalq aləmdə rəğbət
hissi ilə qarşılanır. 2017-ci ilin ölkəmizdə
“İslam Həmrəyliyi İli” elan edilməsi, IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının
uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə
və tolerantlıq ənənələrinə sadiq
olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.
Biz Vətənimizin hərtərəfli
inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə
çatmaq üçün əzmlə
çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin
genişlənməsində, qədim və zəngin mədəniyyətinin
təbliğində, Azərbaycana qarşı təxribatçı
əməllərin qarşısının alınmasında
diaspor təşkilatlarının da üzərinə
mühüm vəzifələr düşür. Buna görə
də xaricdə yaşayan həmvətənlərimiz milli
maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq
ideyası ətrafında sıx birləşməlidirlər.
İnanıram ki, sizin məqsədyönlü və birgə
fəaliyyətiniz gücümüzü daha da artıracaq,
hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
nizamlanmasına, ölkəmizin ərazi
bütövlüyünün bərpasına sanballı
töhfəsini verəcəkdir.
Sizə bu yolda möhkəm iradə
və mütəşəkkillik, şəxsi həyatınızda
səadət və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 dekabr 2017-ci il.
Azərbaycan.-
2017.- 26 dekabr.- S.2.