Azərbaycandan Rusiyaya kənd təsərrüfatı
məhsullarının ixracı 60 faiz
artıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 25-də Rusiya
Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki, Maksim Oreşkin Prezident İlham Əliyevə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularının çatdırdı. Qonaq dövlətimizin başçısını ad günü münasibətlə təbrik edərək ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzuladı. Rusiyalı nazir Bakıda gedən inkişaf proseslərinin onlarda çox xoş təəssürat yaratdığını dedi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edən dövlətimizin başçısı dünən Rusiya Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etdi, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Maksim Oreşkinin səfərinin ölkələrimizin ixrac və idxal imkanlarının genişlənməsi məsələsinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının 60 faiz artığını məmnunluqla qeyd etdi. Hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən Maksim Oreşkin, bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğuladı. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirdi.
Prezident İlham Əliyev bununla bağlı minnətdarlığını ifadə etdi.
Görüşdə
Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün
əhəmiyyəti vurğulandı, ölkələrimizin
ticarət əlaqələrində dinamik
artımın olduğu qeyd
edildi, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq
imkanları müzakirə olundu.
Azərbaycan.-
2017.-26 dekabr.- S.2.