Azərbaycan-Türkiyə əməkdaşlığı regional beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri ilə birlikdə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində iştiraklarını məmnunluqla xatırladı. Azərbaycanın və Türkiyənin regional əməkdaşlığa verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev bu baxımdan bütün üçtərəfli əməkdaşlıq formatlarında ölkələrimizin iştirak etməsinin önəmini qeyd etdibildirdi ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edən təşəbbüslərdir. Dövlətimizin başçısı bu gün keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü də yaxşı hadisə kimi dəyərləndirdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu bir ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı keçirilən mərasimlərdə iştiraklarını xatırladı və bu tədbirdən Türkiyənin qürur duyduğunu vurğuladı. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirəcəyi böyük layihələrin, o cümlədən TANAP layihəsinin önəmini qeyd etdi. Mövlud Çavuşoğlu iki dövlət başçısının liderliyi sayəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Qonaq Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatda həyata keçirilən birliyinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, bölgədə sabitliyiniqtisadi inkişafın genişləndirilməsinə xidmət etdiyini dedi.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Azərbaycanda keçirilməsinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.1.