Azərbaycan qlobal məkanda etibarlı
tərəfdaş kimi qəbul olunur
Prezident İlham Əliyevin Brüsseldə
NATO və Avropa İttifaqının tədbirlərində
iştirakı və keçirdiyi
görüşlər bunu bir
daha təsdiq etdi
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü kimi onların işində yaxından iştirak edir.
Azərbaycan həmçinin Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir. İndiyədək bu təşkilatlar tərəfindən ölkəmizdə onlarca iqtisadi və sosialyönümlü proqram və layihələr həyata keçirilib. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir.
Aİ ilə tərəfdaşlıq Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən
biridir
Avropanın mötəbər təşkilatlarından sayılan Avropa İttifaqı (Aİ) ilə də Azərbaycanın əlaqələrində son illər ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirməkdədir. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Amma bu o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildən başlayır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Aİ ilə iqtisadi, humanitar sahələrdə əlaqələrin əsası qoyulub, ölkəmiz Avropanın bu mötəbər təşkilatının həm təşəbbüskarı olduğu, həm də maliyyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə fəal iştirak edib. Aİ ilə münasibətlər TACIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.
Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsinə dair Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ittifaqla Azərbaycan arasında olan əlaqələrdə irəliyə atılan mühüm addım idi. Aİ ilə əlaqələrdə daha yüksəksəviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr, o cümlədən Azərbaycan üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni mərhələ oldu.
Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı da ölkəmizdə Avropanın bu mötəbər qurumu arasında əlaqələrə yeni nəfəs verib. Məlum olduğu kimi, Şərq Tərəfdaşlığı təşəbbüsü Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin 2008-ci ildə Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. “Şərq Tərəfdaşlığı” Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bu, Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.
Bu günlərdə Belçika Krallığında Şərq Tərəfdaşlığı Sammitində iştirak edən Prezident İlham Əliyev Aİ ilə tərəfdaşlıqdan danışaraq demişdir: “Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir”.
Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə etdilər. Onlar həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək Riqa sammitindən sonrakı nailiyyətləri qiymətləndirdilər. Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikası ilə Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Məlum olduğu kimi, enerji təhlükəsizliyi son vaxtlar dünyanı, xüsusən Aİ-ni düşündürən vacib məsələyə çevrilib. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib. Təsadüfi deyil ki, Avropa Komissiyası “Cənub qaz dəhlizi”ni ortaq maraqlara xidmət edən əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib. Bu barədə Avropa Komissiyasının hesabatında deyilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək.
NATO ilə əməkdaşlığın
böyük potensialı
var
Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik
strukturları ilə də əməkdaşlıq
aparıcı xətt
təşkil edir. Bu istiqamətdə NATO ilə
əlaqələr xüsusilə
qeyd edilməlidir.
Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının
tərkib hissələrindən
biridir. Bu əməkdaşlıq Azərbaycanın
1994-cü ildə “Sülh
naminə tərəfdaşlıq”
proqramına qoşulması
ilə başladı.
Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək,
birgə təlimlər
keçirmək, hərbi
kadrlar hazırlanmasında
blokun təcrübəsindən
bəhrələnmək imkanları
qazandı.
1994-cü ildən
başlayaraq Azərbaycan-NATO
əlaqələri yüksələn
xətlə inkişaf
edir. Bu əlaqələrin
əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi
modernizasiya, təhlükəsizlik
məsələləri üzrə
siyasi məsləhətləşmələr,
sülhməramlı əməliyyatlar,
təhlükəsizlik sektorunun
islahatı, mülki-fövqəladə
planlaşdırma, təhlükəsizliklə
əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq
məsələləri təşkil
edir. Bu əməkdaşlıq
həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə
gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin
beynəlxalq səviyyədə
həyata keçirilməsinə
təminat yaradıb.
NATO enerji təhlükəsizliyi
ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələ
Azərbaycan-NATO məsləhətləşmələrinin
bir hissəsidir.
Antiterror koalisiyasının üzvü
olan Azərbaycanın
hərbi bölmələri
bu müddətdə
NATO qüvvələri tərkibində
keçirilən sülhyaratma
missiyasında yaxından
iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi
ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə
töhfə verən ölkədir. NATO rəsmiləri də münaqişə ocaqlarının
söndürülməsində qlobal planda sülh
və sabitliyin təminatında Azərbaycanın
potensialını yüksək
qiymətləndirirlər.
NATO ilə
Azərbaycan arasında
olan əməkdaşlığa
əsasən ölkəmizin
Silahlı Qüvvələrinin
NATO standartlarına uyğunlaşdırılması
istiqamətində islahatlar
uğurla gerçəkləşdi. Həmçinin hərbçi kadrların
yetişdirilməsində də
NATO standartları əsas
götürülür. Bütövlükdə Azərbaycan NATO ilə
ortaq maraq kəsb edən genişspektrli məsələlər
üzrə əməkdaşlıq
edir. Müxtəlif
formatlarda və səviyyələrdə aparılan
dialoq çərçivəsində
tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan
münaqişəsi, əməliyyatlarda
iştirak, Əfqanıstana
töhfə, meydana gələn təhlükəsizlik
təhdidləri və
s. aktual məsələlər
müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın
vəziyyətinə qiymət
verilir. Qarşılıqlı anlayışa əsaslanan
yüksəksəviyyəli siyasi dialoq praktiki
əməkdaşlıq sahəsində
tərəqqini təşviq
edir. Təqdirəlayiq haldır ki,
Azərbaycanda dəfələrlə
səfərdə olan
NATO rəsmiləri əməkdaşlıqdan
razılıqlarını bildiriblər.
Digər
tərəfdən, Azərbaycanın
regiondakı rolunun və mövqeyinin möhkəmlənməsi alyansın
ölkəmizə olan
marağını daim
artırır. Azərbaycanın yerləşdiyi bölgədə
daha əhəmiyyətli
rol oynadığını
NATO rəhbərliyi də
yaxşı bilir və ona görə
ölkəmizlə əməkdaşlığa
böyük önəm
verir.
Prezident İlham Əliyevin bu günlərdə Belçikaya səfərinin yekunları da bunu təsdiq edir. Bu səfər zamanı Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə keçirdiyi görüş və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı Alyansla əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizə olan marağı növbəti dəfə ortaya qoydu. Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. NATO-nun baş katibi Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirdi. NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirərək dedi ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər. Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.
Mətbuata bəyanatında NATO-nun Baş katibi Yens Stoltenberq uğurlu əməkdaşlığa görə Prezident İlham Əliyevə təşəkkür etdi və tərəfdaşlığa sadiq olduqlarını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla NATO arasında əməkdaşlığın güclü olduğunu bəyan etdi: “Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.
Prezident
İlham Əliyevin Belçikaya
bu səfəri də göstərdi ki, Azərbaycanla Aİ və NATO kimi təşkilatlar arasında əməkdaşlıq
yüksələn xətlə davam edir. Eyni zamanda
bir daha təsdiq olundu ki, bu
təşkilatlar Azərbaycanı bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi qəbul edirlər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2017.-1 dekabr.- S.1; 10.