Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri Bakıda birgə mətbuat konfransı keçiriblər

 

Noyabrın 30-da birinci üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycanın, Pakistanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Havaca Məhəmməd AsifMövlud Çavuşoğlu birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, nazirlər üçtərəfli görüşdə müzakirə olunan məsələlər barədə məlumat veriblər.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bu görüşün keçirilməsində maraqlı idi. Birinci üçtərəfli görüşdə əsasən ölkələrimiz arasında iqtisadiyyatın inkişafı, xüsusilə ticarət dövriyyəsinin artırılmasına dair məsələlər müzakirə edildi. Nazir bu il Azərbaycanın hər iki ölkə ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O qeyd edib ki, beynəlxalq təşkilatlarda ölkələrimizin mövqeləri üst-üstə düşür.

Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə Azərbaycanın və Türkiyənin yaratdığı nəqliyyat dəhlizindən Pakistanın da yararlanması təklif olundu. “Ölkələrimiz arasında ikitərəfli ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunuq. Parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədədir, amma bu əlaqələr daha da genişləndirilməlidir. Beləliklə, Azərbaycan tərəfi bu görüşdən məmnundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib ki, xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çox məhsuldar keçdi, geniş müstəvidə müzakirələr aparıldı. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələri xüsusi qeyd edilməlidir.

Nazir vurğulayıb ki, ticarət dövriyyəsinin üçtərəfli formatda inkişafı daha faydalı nəticələr verə bilər. “Birbaşa hava nəqliyyatının bərpası üçün lazım olan bütün səyləri göstərəcəyik və hesab edirəm ki, buna nail olacağıq. Beynəlxalq məsələlərdə hər üç ölkənin mövqeləri üst-üstə düşür. Parlamentlərarası əlaqələri genişləndirmək barədə razılığa gəldik. Həmçinin qərara aldıq ki, üçtərəfli formatdan daha geniş istifadə edək”, - deyə pakistanlı nazir qeyd edib.

Üçtərəfli görüşün əhəmiyyəti barədə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, əsas məqsəd ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin yolları barədə müzakirələr aparmaq idi. Ticarət dövriyyəsi daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Biz bu sahədə bir-birimizi dəstəkləyirik.

Nazir görüşdə bu formata hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib. “Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq. Biz terrorçuların İslamı əllərində vasitəyə çevirmələrinə imkan verməyəcəyik”, - deyə nazir qeyd edib.

Mövlud Çavuşoğlu Azərbaycanın beynəlxalq arenada rolunun getdikcə daha da artdığını, önəmli aktora çevrildiyini vurğulayıb.

 

Azərbaycan.- 2017.-1 dekabr.- S.7.