Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri uğurla
davam etdirilir
Prezident İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti, genişmiqyaslı islahatlar strategiyası qlobal miqyasdakı kataklizmlərdən qaynaqlanan çətinlikləri aradan qaldırmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir. Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir.
Sosialyönümlü büdcə
Noyabr ayında respublikamızın dövlət büdcəsi ilə bağlı qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olundu. Həmin debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb etdi. Bunlardan birincisi, dövlət büdcəsinin mədaxil hissəsinin 2017-ci ilə nisbətən 20 faiz artması, ikincisi, Prezident İlham Əliyevin apardığı genişmiqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, üçüncüsü və düşünürəm ki, ən əsası, büdcəmizin sosialyönümlü olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır.
Bu dəfəki büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, əvvəlki illərdə bizə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kimi ünvanlanan sənədlər, indi “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” kimi təqdim olunmuşdu. Düşünürəm ki, müzakirənin bu kontekstdə aparılması daha səmərəli oldu.
Gəlirlər əsasən sosial
sığorta haqları hesabına formalaşacaq
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat təşkil edəcək. Gəlirlərin böyük bir qismi təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacaq. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödəniləcək. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılacaq. Bu illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərəcək.
Xüsusilə qeyd etməliyəm ki, ilk dəfə bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmədi. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olundu. Bu o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcək. Göstərilən vəsaitin məbləği bu il 1 milyard 300 milyon təşkil edir. Bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42 faizə qədərini təşkil edirdisə, indi 36,3 faizə enmişdir. Bu, bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırmışdır.
İşəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edərək Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Bu, gələcəkdə vətəndaşların sosial sığortaya daha dürüst cəlb olunmasında mühüm rol oynayacaq.
Pensiya ödəmələrinin artmasına xidmət edən
yeniliklər və islahatlar
Digər önəmli məsələ bu il “Əmək pensiyaları haqqında” qanuna etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür olunmasından ibarətdir. İslahatların pozitiv məqamlarından birincisi pensiya haqlarının əvvəlki illərdən fərqli olaraq indeksləşməsi mexanizminin yalnız pensiyanın baza hissəsinə deyil, bütöv pensiya məbləğinə şamil olunmasıdır ki, bu da ödəmələrin həcminin xeyli artmasına xidmət edəcək.
İkinci maraqlı dəyişiklik pensiya yaşı ötmüş çalışan işçilərin bu müddətdə ödədikləri sığorta haqqının da bir müddətdən sonra yenidən çözülərək, vətəndaşın pensiyasına əlavə vəsaitin hesablanması məqamıdır ki, bu da məbləğin hiss olunan dərəcədə çoxalmasına xidmət edəcək.
Digər bir məsələ isə artıq gələn ildən əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş işsizliyə görə sığorta haqqı üçün nəzərdə tutulan vəsaitin bu büdcədən çıxarılaraq ayrı bir sistemdə formalaşmasıdır. Bütün bu yeniliklər və islahatlar pensiya ödəmələrinin əsaslı artmasına, gələcəkdə isə bir az da çoxalmasına xidmət edəcək.
Gələn il üçün sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin məxaric hissəsinin təxminən 3,5 milyard manatı, yəni, 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaq.
Əlavə vəsaitlərin cəlb olunması üçün mənbələr var
Eyni zamanda, bir neçə mühüm düşündürücü məqama da diqqət çəkmək istəyirəm. Qeyd edim ki, parlamentin komitəsinin iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyaların vurğulanması ilə yanaşı, bir sıra digər maraqlı fikirlər də səsləndi. Belə ki, bu sahədə debitor borclarının yığılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusilə qeyd olundu. Eyni zamanda, Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, təxminən 2016-cı ildə dövlət sosial sığortasına cəlb edilməyən ümum-daxili məhsuldakı rəqəm artıq 1 milyard 100 milyon manatı keçmişdir. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyat mənbələri var.
Düşündürən məsələlərdən biri də odur ki, əlilliyə görə pensiyaya çıxanların sayı qismən azalsa da, faiz olaraq bu rəqəm ümumi pensiyaçıların tərkibində hələ də yüksəkdir. Belə ki, əlilliyə görə pensiya alanlar 385 min nəfər təşkil etməklə ümumi pensiyaçıların 29,2 faizi qədər olur. Hesab edirəm ki, bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə böyük ehtiyac var.
İşsizliyə görə sığorta ödəmələri
3 dəfə artırılır
Bu ilin büdcə zərfinin müzakirələrində yeni bir sənəd “İşsizlikdən sığorta fondunun büdcəsi” hamımızın diqqətini cəlb etdi. Öncə onu qeyd edim ki, Prezident İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması, bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Son iki ildə orta və kiçik sahibkarılığın hərtərəfli dəstəklənməsi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə yüz minlərlə yeni iş yerinin açılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesi geniş vüsət almışdır. Bu ilin aprel ayında dövlət başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə 16 milyon manat vəsait ayrılmışdır.
Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədilə bir sıra maraqlı pilot layihələr həyata keçirmişdir. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq respublikamızda məşğulluq xidmətinin fəaliyyəti son dövrlər köklü surətdə dəyişdirilmiş, burada yeni daha faydalı əsas istiqamətlər müəyyənləşdirilmişdir.
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 milyon manatdan bir az çoxdur. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulmuşdur. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 milyon manat təşkil edir. “İşsizlikdən sığorta haqqında” qanuna əsasən bu büdcəyə işəgötürənlər və işçilər hər biri əməkhaqqı fondunun 0,5 faizi məbləğində ümumilikdə 1 faiz vəsait köçürəcəklər. Fondun əsas məqsədi, aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə bu istiqamətli fəaliyyətin mahiyyətcə fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasına keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığına, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq.
Diqqəti cəlb edən bir rəqəm işsizliyə görə sığorta ödəmələri ilə bağlıdır. İşsizliyə görə sığorta ödəmələri hissəsi bu büdcədə 3 dəfə artırılaraq 33,5 milyon manat təşkil etsə də, yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu, bir daha onu göstərir ki, başlıca məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır.
Bütövlükdə büdcə zərfində tamamilə yeni və düşünürəm ki, sosial sahədə inqilabi iki sənəd “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il” və “İşsizlikdən sığorta fondunun 2018-ci il” büdcələri bugünkü reallıqlar baxımından məqbul sənədlərdir.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin sədri
Azərbaycan.-
2017.-1 dekabr.- S.9.