Bakıda “İslam həmrəyliyinin güclənməsində
medianın rolu” mövzusunda konfrans keçirilib
Noyabrın 30-da Bakıda İslam
Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin
Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat
Fondunun birgə təşkilatçılığı ilə
“İslam həmrəyliyinin güclənməsində
medianın rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının sədri Fazil Güney 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti
barədə danışıb. O bildirib ki, bu hadisə
İslam ümməti üçün tarixi önəm
daşıyır. Çünki İslam ölkələri
siyasi istiqamətlərinə, məzhəb və təriqət
ayrılıqlarına görə tarixən bir-biri ilə
mübarizə aparıblar. Bir çox
hallarda bu mübarizələr qanlı toqquşmalarla nəticələnib.
Bəzi dairələr bundan öz məqsədləri
üçün məharətlə istifadə edirlər.
Ona görə də İslam ölkələri
arasında həmrəyliyin güclü olması
hazırkı vəziyyətdə olduqca vacibdir. Bu istiqamətdə medianın da üzərinə
mühüm vəzifələrin düşdüyünü
deyən Fazil Güney bu məsələdə İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının İslam ölkələrinin KİV-ləri
ilə əməkdaşlığa hazır olduğunu
vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat
Fondunun sədri Umud Mirzəyev bildirib ki, İslam həmrəyliyinin
güclənməsində medianın xüsusi rolu var. Bu
cür konfranslar əməkdaşlığın möhkəmləndirilməsi
baxımından mühüm önəm kəsb edir.
Azərbaycanda mövcud olan
tolerantlıq ənənələrindən danışan Umud
Mirzəyev qeyd edib ki, xalqımız başqa dinlərə,
dillərə, mədəniyyətlərə həmişə
xüsusi hörmətlə yanaşır. Bu gün Azərbaycanda
müxtəlif dinlərin nümayəndələri sülh
şəraitində yaşayırlar.
Konfransda çıxış edən
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin məsul
əməkdaşı Bəhruz Həsənov tədbirdə
iştirak etmək üçün Misirdən gələn
jurnalistlərdən ibarət nümayəndə heyətini
salamlayaraq bildirib ki, bu gün Azərbaycan ilə Misir
arasında ikitərəfli əlaqələr inkişaf etməkdədir.
Media sahəsində də iki ölkə
arasında əlaqələrin inkişaf etdirilməsi
üçün bu cür səfərlərin təşkili və
intensivləşdirilməsi olduqca vacibdir.
Bəhruz Həsənov qeyd
edib ki, zəngin tarixi irsə malik Azərbaycan İslam
sivilizasiyasının formalaşmasında yaxından
iştirak edən ölkədir. Azərbaycanda ilkin
islami abidələr kimi inşa olunan məscidlərin və
ziyarətgahların olduğunu deyən Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin əməkdaşı bildirib ki,
xalqımız və dövlətimiz tərəfindən
bütün tarixi və dini abidələr qorunub
saxlanılır.
“Tarixboyu Azərbaycanda dinlərarası
və məzhəblərarası həmrəylik mövcud
olub. Deyə bilərik ki, Azərbaycan İslam həmrəyliyinin
nümunəvi modelini yarada bilib. Azərbaycanın
bu təcrübəsi İslam aləmində diqqətlə
öyrənilməli və tətbiq edilməlidir. Azərbaycanda fərqli məzhəblərə mənsub
olan insanların eyni məsciddə birgə ibadət etmələri
dünyadakı islamofob dairələrə verilmiş ən
gözəl cavabdır”, - deyə o qeyd edib.
Bəhruz Həsənov
bildirib ki, Azərbaycan İslam dünyasında böyük
nüfuza malikdir. Azərbaycan İslam dəyərlərinə
ən yüksək səviyyədə önəm verən
ölkələrdən biridir. Dövlətimizin
başçısı İlham Əliyevin Sərəncamı
ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan edilməsi təkcə ölkəmizdəki məzhəblər
arasında olan dialoqun gücləndirilməsi deyil, eyni zamanda,
dünyada İslam ölkələri arasındakı həmrəyliyin
möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. O vurğulayıb ki, Bakıda keçirilən IV
İslam Həmrəyliyi Oyunları da İslam ölkələri
arasında dialoqun gücləndirilməsinə öz töhfəsini
verib.
Azərbaycanın terrorun
bütün təzahürlərini qətiyyətlə pislədiyini
bildirən Prezident Administrasiyasının əməkdaşı
qeyd edib ki, İslam dini sülh, mərhəmət dinidir. Bu din terrorla
eyniləşdirilməməlidir. Terrordan əziyyət
çəkən ölkələrdən biri də Azərbaycandır.
Azərbaycan torpaqlarının 20 faizi Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunub. Həmin ərazilərdə Azərbaycan
xalqına məxsus tarixi, dini və mədəniyyət abidələri,
eləcə də İslam sivilizasiyasının ilk nümunələrindən
olan məscidlər ermənilər tərəfindən vəhşicəsinə
dağıdılıb. Bu, ATƏT-in
faktaraşdırıcı missiyası tərəfindən də
təsdiq olunub.
Azərbaycanın İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrlə ikitərəfli
formatda qarşılıqlı faydalı əlaqələrinin
olduğunu bildirən Bəhruz Həsənov ölkəmiz
haqqında həqiqətlərin, xüsusilə Ermənistanın
işğalçılıq siyasəti ilə bağlı
informasiyaların İslam ölkələrinin kütləvi
informasiya vasitələrində mütəmadi
işıqlandırılmasının vacibliyini diqqətə
çatdıraraq deyib: “Bu işdə Azərbaycan mediası
İslam ölkələrinin KİV-ləri ilə birgə əməkdaşlığı
daha da gücləndirməlidir. İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının yaradılması da bu məqsədə
xidmət edir”.
Bəhruz Həsənov
İslam Əməkdaşlıq Təşkilatına üzv
Dövlətlərin Jurnalistləri Assosiasiyasının gələcəkdə
sosial mediada da vahid formada fəaliyyətinin təmin
olunmasının vacibliyini ifadə edib.
Jurnalistlərin Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi
İli” elan edilməsinin tarixi addım olduğunu
vurğulayaraq deyib ki, Azərbaycanda müxtəlif dinlərin,
mədəniyyətlərin nümayəndələri birgə
mehriban şəraitdə yaşayırlar. Azərbaycan
dünyada nadir ölkələrdəndir ki, burada müxtəlif
məzhəblərin nümayəndələri birgə ibadət
edirlər. Azərbaycanın bu nailiyyəti
digər İslam ölkələrində də geniş təbliğ
olunmalıdır.
Konfransda məruzə ilə
çıxış edən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli
ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı
məlumat verib. O bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm
İli” elan edilməsi mədəni müxtəlifliyin
tanınması və təbliği məqsədi
daşıyırdısa, 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan olunması İslam sivilizasiyasında həmrəyliyə
çağırışdır. “Multikulturalizm İli”nin ardınca “İslam Həmrəyliyi
İli”nin elan olunması məntiqi ardıcıllıq kimi qəbul
olunmalıdır. “İslam Həmrəyliyi İli”nin elan olunması əslində İslamın
özündə müxtəlifliyin olmasının
tanınmasıdır. Ancaq bu müxtəlifliklər
bizi bir-birimizdən ayıracaq müxtəlifliklər deyil.
“İslam Həmrəyliyi İli”nin elan
olunmasında daha bir əsas məqsəd ölkəmizdə
mövcud olan ən yaxşı örnək dəyərlərin
dünyaya çatdırılmasından ibarətdir. O deyib:
“Tarixən Azərbaycanda heç vaxt sünni və şiə
məscidləri ayrı olmayıb. İnsanlar
ibadətlərini birgə edirlər. Düşünürəm
ki, ölkəmizdəki bu cür nadir dəyərlərin
dünyaya çatdırılması çox vacibdir və bu
məsələdə medianın xüsusi yeri var”.
Tədbirdə
çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı,
xüsusi tapşırıqlar üzrə səfir Şahin
Abdullayev bildirib ki, əsas vəzifə İslam dini əleyhinə
yönəlmiş islamofob meyillərə qarşı
İslam dünyasının birgə fəaliyyətinin təşkil
olunmasına yardım etməkdir.
İslam ölkələrinin
KİV-lərində Azərbaycanla bağlı həqiqətlərin
geniş təbliğinə ehtiyac olduğunu bildirən
Şahin Abdullayev deyib: “İslam KİV-lərinin nümayəndələrini
ölkəmizə dəvət etməklə, doğru məlumatlar
təqdim etməklə əlaqələri genişləndirmək
lazımdır. Çünki onlar ölkəmizlə
bağlı həqiqətləri öz gözləri ilə
gördükdən sonra onlarda Azərbaycanla bağlı
müsbət fikirlər formalaşacaq. İslam
amili çox güclü amildir. KİV-lər
isə ictimai fikrin formalaşmasında mühüm rola
malikdirlər”.
“İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə Misirdən olan nümayəndə
heyətinin Azərbaycana səfərinin və bu konfransda
iştirakının gələcək əməkdaşlıq
üçün önəmli olduğunu bildirib. Vüqar Rəhimzadə
bildirib ki, İslam ölkələri və bu ölkələrin
KİV-ləri üçün həmrəylik ən
başlıca vəzifələrdən biri olmalıdır.
Bu gün bəzi qüvvələrin İslama
qarşı aqressiyası müşahidə olunmaqdadır.
Bəzi İslam ölkələri, o cümlədən
Azərbaycan da bu aqressiyadan əziyyət çəkir. Avropada və bir sıra digər ölkələrdə
islamofob meyillərin güclənməsi bizi çox ciddi
narahat edir. Məhz belə bir zamanda
İslam ölkələrinin bütün jurnalistlərinin həmrəyliyi
çox vacibdir. Ona görə də
birlikdə əlaqəli şəkildə fəaliyyət
göstərməyimizə çox ciddi ehtiyac var.
Tədbirdə çıxış
edən Fələstinin Azərbaycandakı səfiri Nasir
Əbdül Kərim, Mərakeşin səfiri Muhammad Adil
Embarş, Misirin “Əxbar Əl-Yaum” qəzetinin baş
redaktoru Rufat Fayyad, İranın Azərbaycandakı səfirliyinin
əməkdaşı Ağayi Nəcəfi, Səudiyyə
Ərəbistanının səfirliyinin əməkdaşı
Rasim Abdulla İslam ölkələri arasında həmrəyliyin
önəmini, həmrəyliyin möhkəmləndirilməsində
isə medianın rolunu xüsusi qeyd ediblər. Bildirilib
ki, bu gün İslam dünyası inkişafa nail olmaq,
terrorizmin qarşısını almaq kimi yeni
çağırışlarla üz-üzədir. Bəzi dairələr müxtəlif yollarla
dünyada mövcud olan islamofob meyilləri gücləndirməyə
çalışırlar. Bu cür meyillərin
gücləndiyi bir vaxtda Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsi çox önəmli bir
çağırış oldu. Bakıda keçirilən
IV İslam Həmrəyliyi Oyunları da İslam
dünyasının birliyinin güclənməsinə
mühüm töhfə verdi.
Çıxışçılar
İslam ölkələrinin jurnalistlərinin həmrəyliyinin
vacibliyini bildiriblər. Onlar bu cür konfransların təşkilinin,
aparılan müzakirələrin, media nümayəndələrinin
qarşılıqlı səfərlərinin əməkdaşlığa
töhfə verəcəyinə, İslam Əməkdaşlıq
Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasının bu istiqamətdə önəmli
platformaya çevriləcəyinə əminliklərini
ifadə ediblər.
Azərbaycan.-
2017.-1 dekabr.- S.10.