Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Əlcəzairdə
səfərdədir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzair Xalq Demokratik Respublikasında rəsmi səfərdədir.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində AMEA ilə Əlcəzair Elm və Texnologiyalar Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb. Həmçinin Əlcəzairin ətraf mühit və bərpa olunan enerji naziri Fatimə Zəhra Zərvati, təhsil və peşə hazırlığı naziri Muhəmməd Mübarəki, həmçinin Elm və Texnologiyalar Akademiyasının prezidenti İlab Yakir Müleykə ilə görüş keçirilib.
Görüşdə xanım Fatimə Zəhra Zərvati hər iki ölkənin elmi qurumları arasında əlaqələrin qurulması və birgə strateji layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Akademik A.Əlizadə Əlcəzairdə fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin qurulması, iki ölkə arasında kadr və təcrübə mübadiləsinin aparılması, dünya elminin prioritet istiqamətlərində birgə tədqiqatların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Səfər çərçivəsində
Əlcəzair Respublikasının Baş
naziri Əhməd Ouyəhya da akademik Akif
Əlizadəni qəbul edib. Qəbulda akademik Rasim Əliquliyev,
Əlcəzairin Ali təhsil və elmi axtarışlar üzrə naziri Tahir Həccar və
digər rəsmi şəxslər iştirak
edib, əməkdaşlığın
perspektivlərinə dair fikir
mübadiləsi aparıblar.
Azərbaycan.-
2017.-2 dekabr.- S.5.