Cornelius Zimmerman: “Azərbaycanın
Əfqanıstana etdiyi yardımlar yüksək
qiymətləndirilir”
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi-İstanbul
Prosesi” çərçivəsində Bakıda keçirilən
7-ci nazirlər konfransında iştirak etmək
üçün ölkəmizdə səfərdə olan
NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsi
Cornelius Zimmerman ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın ev sahibliyi etdiyi “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının işi və sözügedən platformanın oynadığı mühüm rol təqdir edilib.
Elmar Məmmədyarov ölkəmizin NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirakı, eləcə də Əfqanıstan nümayəndələrinin idarəçilik, silahlı qüvvələr üzərində mülki nəzarət, mina təmizləmə, hüquq-mühafizə, hərbi sahədə qabiliyyətlərinin artırılması məqsədilə həyata keçirdiyi təlim və kurslardan söz açıb və bu dəstəyin davam etdiriləcəyini bildirib.
Nazir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin keçən həftə Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündə qeyd etdiyi kimi Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha çox töhfə vermək üçün orada xidmət edən hərbi qulluqçuların sayının artırılacağını diqqətə çatdırıb.
Cornelius
Zimmerman Əfqanıstanın Bərpası
Xüsusi Fonduna və
Əfqanıstan Milli Ordusu
üzrə Etimad Fonduna
Azərbaycan hökumətinin etdiyi
yardımları yüksək qiymətləndirib.
Azərbaycan.-
2017.-2 dekabr.- S.6.