“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci
nazirlər konfransı uğurla başa çatıb
“Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının yekunlarına dair brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə Əfqanıstanın xarici işlər nazirinin müavini xanım Adela Raz konfransın uğurla başa çatdığını söyləyib. O, yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, dost və qardaş ölkə olaraq Azərbaycanın dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb. Adela Raz konfransın sonunda qəbul edilən Bakı Bəyannaməsini regionumuzun bu gün üzləşdiyi çağırış və təhdidlərin aradan qaldırılması istiqamətində çox mühüm sənəd kimi dəyərləndirib.
Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayan Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, bu sənəddə əksini tapan müddəalara uyğun praktiki işlər görülməlidir. Azərbaycan və Əfqanıstan arasında əlaqələrdən danışan Araz Əzimov münasibətlərin tarixi köklərinin olduğunu qeyd edib. “Bizim Əfqanıstanla dostluq və qardaşlıq münasibətlərimiz var və bu əlaqələr inkişaf edir. Ölkələrimiz arasında bu gün imzalanan sənədlər əlaqələri daha da gücləndirəcək”, - deyə nazir müavini qeyd edib.
Araz Əzimov Azərbaycanın İstanbul Prosesinin həmsədri kimi missiyasının başa çatdığını, ancaq buna baxmayaraq hər zaman Əfqanıstanı dəstəkləyəcəyini vurğulayıb.
Brifinqdə növbəti
toplantının gələn il Türkiyədə
keçirilməsinin nəzərdə tutulduğu
diqqətə çatdırılıb.
Azərbaycan.-
2017.-2 dekabr.- S.6.