Asiyanın Qəlbi regionunda sabitlik və tərəqqi naminə

 

Bakıda regional inkişafa nail olmaq üçün mühüm məsələlər müzakirə edildi

 

Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda VII Nazirlər Konfransı keçirilmişdir. Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əliyev və Məhəmməd Əşrəf Qaninin iştirak etdikləri foruma xarici ölkələrin və beynəlxalq təşkilatların 250-dən çox nümayəndəsi qatılmışdır.

2011-ci ildə təsis edilmiş “Asiyanın Qəlbi - İstanbul Prosesi” platformasında Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT iştirak edir. Eyni zamanda, İstanbul Prosesinə bir çox digər dövlətlər və beynəlxalq təşkilatlar da dəstək verir. Azərbaycan regionda sülhü, əmin-amanlığı, sabitliyi və inkişafı təmin etmək məqsədi güdən platformanın iştirakçıları sırasına 2012-ci ildə qoşulmuşdur.

Bakıda VII Nazirlər Konfransının keçirilməsi ilə Azərbaycanın İstanbul Prosesinə həmsədrliyi müddəti başa çatmış və həmsədrlik funksiyası Türkiyəyə keçmişdir. Nazirlərin toplantısında platforma çərçivəsində görülmüş işlər müzakirə olunmaqla yanaşı, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yeri gəlmişkən, bu vəzifələr konfransın yekunları üzrə qəbul olunmuş Bakı Bəyannaməsində əksini tapmışdır.

Əsas vəzifə Əfqanıstanda inkişafa yol açan sülhünsabitliyin bərqərar edilməsindən gedir. Məlum olduğu kimi, bu dost ölkə uzun illərdir silahlı münaqişədən, terrorizmdən, radikalizmdən, narkoticarətdən əziyyət çəkir. Təbii ki, “Asiyanın Qəlbi” kimi geniş bir regionda yerləşən Əfqanıstanın qarşılaşdığı ciddi problemlər həll edilmədən tammiqyaslı regional inkişafdan söhbət gedə bilməz. Odur ki, regionun ölkələri sözügedən problemlərin tənzimlənməsi üçün bütün mümkün səyləri göstərməlidir.

Bu baxımdan Əfqanıstanın qeyri-sabitlik girdabından xilas olması üçün Azərbaycanın atdığı addımlar diqqətəlayiqdir. Nazirlər Konfransında çıxış edənlər bu məqamı xüsusi olaraq vurğuladılar. Azərbaycan hər şeydən əvvəl, dost ölkə ilə inkişaf yolunda əldə etdiyi təcrübəni bölüşür. Heç kimə sirr deyil ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə hazırda Əfqanıstanın üzləşdiyi vəziyyətə oxşar durumla - siyasi qeyri-sabitlikiqtisadi tənəzzüllə, işsizlikyoxsulluqla qarşı-qarşıya idi. Görülən ardıcıl tədbirlər sayəsində bu problemlər çox keçmədən aradan qaldırıldı və gənc müstəqil dövlət sabit inkişaf yoluna çıxdı. Əfqanıstan da Azərbaycanın inkişaf təcrübəsinə yaxından maraq göstərir və iki ölkə arasında qarşılıqlı əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, Əfqanıstan hökuməti “ASAN xidmət”in təcrübəsindən yararlanmaq qərarına gəlmişdir. Rəsmi Kabil əmindir ki, Azərbaycan əhalisi arasında birmənalı şəkildə dəstəklənən “ASAN xidmət” Əfqanıstanda da uğurla tətbiq ediləcək. Artıq dost ölkədə müvafiq qurum yaradılmış və Rabitə Nazirliyinin tabeliyinə verilmişdir.

Digər tərəfdən, Əfqanıstanın mövcud vəziyyətdən çıxması onun həm qonşu ölkələrlə, həm də uzaq xarici bazarlarla bağlantısını gücləndirməkdir. Bu cəhətdən də Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional bağlılıq layihələri diqqəti cəlb edir. Belə ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edir. Azərbaycan ilə İran arasında dəmir yolu nəqliyyatının birləşdirilməsindən Əfqanıstan da yararlana biləcək. Eləcə də bu yaxınlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı regional inkişafın genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr kimi qiymətləndirilir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdırmağa və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsində imkan yaradacaq bağlılığı təmin edəcək.

Eyni zamanda, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistanın bu yaxınlarda imzaladığı “Lapis-Lazuli” müqaviləsi Əfqanıstanı birbaşa Avropa ilə bağlayacaq beynəlxalq ticarət və nəqliyyat dəhlizinin yaradılmasına imkan verəcək. Azərbaycan bu müqavilənin iştirakçısı kimi tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verəcək.

Bütün bunlarla yanaşı, iqtisadi inkişaf naminə Əfqanıstanda sabitliyin və əmin-amanlığın təmin edilməsi başlıca şərtdir. Azərbaycan dost ölkəyə bu sahədə də kömək göstərir. Ölkəmiz “Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri”ndən sonrakı “Qətiyyətli Dəstək Missiyası”na qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı edir. Bir müddət əvvəl Azərbaycan Əfqanıstanda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edən “Qətiyyətli Dəstək Missiyası”nda iştirak edən hərbi qulluqçularının sayını artırmışdır. Kabil Bakının bu qərarını alqışlamışdır. Həmçinin Azərbaycan Əfqanıstanla idarəçilik, hərbi, hüquq-mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə təcrübəsini paylaşır, Əfqanıstan milli ordusuna köməyini əsirgəmir. Başqa sözlə, ölkəmiz bir tərəfdən, Əfqanıstanın özünün əldə etdiyi nailiyyətləri qoruyub saxlamağa, digər tərəfdən isə dost ölkədə sabitliyi bərqərar etməyə yönəlik addımlar atır, onun dayanıqlı dövlət qurmaq səylərini bütün vasitələrlə dəstəkləyir.

Nazirlər Konfransının keçirildiyi gün Azərbaycan-Əfqanıstan əlaqələrinin dərinləşdirilməsi istiqamətində daha bir mühüm addım atılmışdır. Belə ki, iki dövlətin rəhbərlərinin iştirakı ilə bir neçə hökumətlərarası müqavilə bağlanmışdır. Azərbaycan və Əfqanıstan hökumətləri iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında saziş, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş, təhsil sahəsində əməkdaşlıq haqqında saziş, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində saziş və hava xidmətləri haqqında saziş imzalanmışdır.

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2017.-3 dekabr.- S.3.