Heyrət...
Təəccüb... Məmnunluq...
Naxçıvan
düşüncələri
... Göyün yeddinci
qatındayam. Buludların ənginliyində ətraf ağappaq
görünür.
Zülmətə
bürünmüş dünyanın bir parçasında bu bəyazlığı
seyr etmək qəlbinə qədər rahatladırsa,
düşüncələrdəki saysız-hesabsız təəssüratları
ipə-sapa düzmək, sanki gecənin zülmət rəngli
qələmi ilə pənbə buludların sinəsinə
yazdığı xəyali kəlmələrə əl yetirmək
bir o qədər qayğılandırır adamı.
Elə
təyyarəyə də “bəyaz dünya”dan - məmləkətin
başlanğıc nöqtəsindən, qoca Şərqin
qapısından, illərdir blokada durumunda qalmasına
baxmayaraq, intibahın, quruculuğun rəmzinə çevrilən
vətən torpağından qədəm qoymuşam.
Naxçıvandan
qayıdıram...
Artıq növbəti
günün ilk dəqiqələridir. Zaman yeni bir sabaha doğru irəliləyir. Birgünlük
Naxçıvan səfərimin qəlbimdəki isti təəssüratları
isə o qədər möhtəşəmdir ki, xoş
duyğular mənə təyyarənin rahat kreslosunda bir
anlıq uyğuya dalmağa, mürgüyə təslim
olmağa imkan vermir.
Və təyyarə bələdçisindən
kağız istəyirəm. Xahişimi yerinə yetirmək
üçün gedir. O gələnə qədər səbrim
təhəmmül etmir, kreslonun ön cibindən
çıxardığım kiçik salfet
kağızını qarşımdakı balaca masanın
üzərində iki qatlayıb əbədi yol
yoldaşım olan mürəkkəbli qələmlə ilk təəssüratlarımı
yazıram:
Heyrət... Təəccüb... Məmnunluq...
***
Yaradıcı adam
üçün səfərlər bir qida kimidir. Keçib getdiyin yollar düşüncələrinin
sərhədlərini genişləndirir. Rastına
çıxan, ömrünün cəmi bir neçə dəqiqəsindən
ötüb keçən insanları da bəzən hansısa
əsərin unudulmaz qəhrəmanına, xarakterlər və
portretlər dünyasının bir sakininə çevirir.
Yollardan gözlərinə köçən
məskənlər, təbiət mənzərələri, evlər,
yurdlar, ağaclar müəyyən bir bədii epizodun məkani
həllini tapmağa kömək göstərir, qələm
onları adama doğmalaşdırır.
Hər səfər insana yaddaş dolusu təəssürat
qazandırır, yazıb-yaratmaqdan ötrü yeni mövzular,
ideyalar verir, ömrünün aylarını yazı
masasının arxasında kağız-qələmlə
baş-başa keçirməyə ilhamlandırır.
Səfərləri həmişə
xoşlamışam. Burada söhbət təkcə xarici səfərlərdən
getmir. Vətənimizin hər guşəsini
qarış-qarış gəzməyə can atıram. Rayonlarımıza dönə-dönə səyahətlər
edirəm. Və təkrar-təkrar getdiyim
bir rayonu hər dəfəsində sanki ilk dəfə
görürəmmiş kimi yenidən öyrənirəm,
getdiyim hər rayondan yeni təəssüratlar gətirməyə
çalışıram.
Əsas təəssüratlarımsa,
yollardır, yolqırağı evlərdir, bu evlərdən
yollara çıxan insanların çöhrələrindəki
sevincdir, kədərdir, düşüncələrdir... Bu ifadələrlə o məkanları kitab kimi
oxuyuram. Bölgənin həyatını hiss edirəm,
insanların duyğularına işıq salmağa
çalışıram...
Yazıçılıq taleyi də elə
bu olmalıdır...
***
Naxçıvana sübh tezdən
varmışdıq və əsrlər boyu Şərqə
qapı açmış bu qədim məkanla ilk
tanışlığımız şəhərin hava
limanından başlanmışdı.
İndiyə qədər dünyanın
irili-xırdalı çox şəhərlərinin hava
limanlarına güzarım düşüb. Yüksək səviyyədə
olanlarını da görmüşəm, bərbadlarını
da. Müşahidə və müqayisələrimsə
belə bir ümumi qənaət formalaşdırıb ki, bir
şəhərin hava limanı necədirsə, onun inkişaf
durumu, sosial-iqtisadi əhvalı da aşağı-yuxarı
oxşardır.
Təyyarədən düşəndə
bu torpaqların təmiz sübh havası ilə birgə
Naxçıvan hava limanında gördüyüm xoş mənzərənin
sevinci də köksümü doldurdu. Qarşımda
gördüyüm - şəraitinə, infrastruktur
imkanlarına, xidmət səviyyəsinə, müasir
standartlara uyğunluğuna görə indiyə qədər
dünyanın müxtəlif əyalət şəhərlərində
müsafir olduğum hava limanlarının ən
yaxşılarından idi. Bir az
mübaliğə kimi görünəcək bəlkə də,
amma burada şahid olduğum mükəmməlliyi heç
dünyanın bəzi adlı-sanlı böyük hava
limanlarında da görə bilməmişdim.
Naxçıvan təəssüratlarımın
ilk təəccüblü anları burada başlandı və
hiss etdim ki, bir günlük səfər boyunca belə anlar hələ
çox olacaq.
Əslində isə belə anlarla
heç qarşılaşmadım deyə yaza bilərəm. Çünki “an”,
“qarşılaşma” sözlərini adətən ötüb
keçən, ötəri epizodlar haqqında deyirik. Naxçıvan səfərimdə isə heyrət
hissi düşüncələrimi heç tərk etmədi.
Müsbət mənada təəccübləndirən məqamların
biri öz yerini başqasına verdi və
bu hiss gün boyu dünyamda dolaşdı.
Şəhərə doğru irəlilədikcə
asfalt yolların rahatlığına, keyfiyyətinə, az məsrəflə əldə olunmuş
böyük abadlığa, səliqə-sahmana, ən əsası
isə məsuliyyətli işə heyran kəsildim, bu
torpaqların üzərinə hopmuş hüzur dolu ovqata,
mütəvazi əhvala məftun oldum.
Bu şəhərə varid olandan sonra
anlamağa başladım ki, niyə Naxçıvanda insanlar
həyatı sevirlər, fərdləri sarsıntılara
sürükləyən stresdən, depressiyadan uzaqdırlar, qəlbləri
həyat eşqi ilə doludur. Çünki buralarda qəribə
bir sakitlik, sabitlik, harmoniya, müsbət enerji var.
Müasir dünyanın insanı ona
görə stresə qapılır ki, həyatın getdikcə
artan sürətinin dalınca çata bilmir. Bunu bütün
böyük meqapolislərdə daha çox müşahidə
etmək olar. Adamlar sanki harasa tələsirlər,
elə bil zamanı qovub tutmağa çalışır
hamı. Bir avtomobil işıqforda yerindən
iki saniyə gec tərpənəndə siqnal səsləri əsəbləri
çarmıxa çəkir, insanlar bir-birinə səbirsizlənirlər,
həyatın ahəngi ilə adamların hərəkəti
arasında ritmiklik itir elə bil.
Böyük şəhərlərdə
belə bir harmoniya, bəlkə, heç əzəldən
olmayıb. Sovet dövründən üzü bəri, müxtəlif
illərdə dünyanın çox ölkələrində,
şəhərlərində olmuşam. Estetik
gözəlliyi olan meqapolislər də görmüşəm,
tarixi simasını yeni minilliyə qədər gətirib
çıxarmış şəhərlər də. Amma o şəhərlərin də heç birində
harmoniya görməmişəm. Ya həddən
artıq sakitlik olub, amma ətrafda bir gözəllik gözə
dəyməyib. Ya da göz dolusu gözəllik
olub, amma maşınların səs-küyü,
nizamsızlıq, xaotiklik bütün bu gözəlliyi bir anda
məhv edib.
Uzun illərdən bəri dünyanın fərqli
şəhərlərində axtardığım bu
harmoniyanı, nizamı, hüzuru, nəhayət,
Naxçıvanda tapdım. İlk dəfə burada
sakitliklə gözəlliyin, tarixlə müasirliyin, həyatın
sürəti ilə insanların hərəkətinin
qarşılıqlı vəhdətini gördüm. Burada bütün binalar, sadə amma sadə
olduğu qədər də yüksək zövqlə üzlənib
və göz önündə sözlə təsvirə gəlməz
gözəl Naxçıvan mənzərələri
açılır. Adicə yollarda
maşınların ahəngdar, tələsmədən,
siqnalsız hərəkəti, küçələrin ideal təmizliyi
bu gözəlliyə rəng qatır. İnsanların
simasında mehribanlıq, səmimiyyət, təbəssüm,
rahatlıq görünür.
İlk baxışda adama elə gəlir
ki, Naxçıvanda heç varlı-kasıb fərqi yoxdur. Bütün insanlar bərabər
imkanlara sahibdirlər. Hiss edirsən ki, burada dəyərlər
tamam bambaşqadır. İnsanların
üzündəki səmimiyyət, comərdlik, məmnunluq
ifadəsini yaradan yüksək təminatlı həyat, zəngin
imkanlar, dəbdəbəli həyat tərzi deyil.
Bu ifadənin qaynağı könül
xoşluğudur. Tanrının əta elədiyi ömrü
könül xoşluğu içində yaşamağı,
bir tikə halal ruzini mənəvi rahatlıq içində
yeməyi bacarmaqdır.
İnsanın ruhu dincəlir burada...
***
Naxçıvanın yolları
torpağın köksündə uzanıb gedir. Dağların qoynunda
qıvrılır, düzənlərdən təpələrə
tərəf yüksəlir, kəndlərin, şəhərlərin
başına dolanır.
Öyrənirəm ki,
Naxçıvanın hətta ən ucqar kəndlərini belə
muxtar respublikanın mərkəzi ilə rahat asfalt yollar
bağlayır. Və təəccüblüsü bu deyil. Adamı heyrətə salan odur ki, bu yolların bircə
kilometrinin də həndəvərini ağacsız görməzsən.
Yolların hər iki tərəfi
yaşıllıqdır. Ümumiyyətlə,
Naxçıvanın, demək olar ki, hər yanı
ağacdır. Ən əsası da meyvə
bağlarıdır. Naxçıvanın
meyvələri lap əzəldən adla deyilib. Bu
torpaqların göyçəsidir, əriyidir, limonudur, -
bunların bəlkə heç dünyada tayı-bərabəri
yoxdur. İnsan əlinin hünəri indi əriyindən
gavalısına, almasından şaftalısına,
heyvasından armuduna, alçasından gilasına qədər
bar verən hər növ meyvə ağacları ilə
buranı başdan-başa vitamin ümmanına çevirib.
Ağac əkmək, yaşıllıq
salmaq, torpağın üzərində bir ağacla, bir
gül kolu ilə lap xırdaca bir yaşıllıq yaratmaq
insanın savaba yazılan ən mübarək əməllərindəndir. Hər ağac onu əkib
boya-başa çatdırmış insana əbədi bir abidədir.
Peyğəmbərimiz də buyurur ki, hətta
qiyamət anının çatdığını görsəniz
və əlinizdə əkiləsi ağac qalmış olsa,
yenə onu torpağa basdırıb ondan sonra məşhərə
tələsin. Bu da müqəddəs
inancımızın təlqini. Gileylənmək
fikrində deyiləm, amma daha insana başqa nə deyilməlidir
ki, ömründə heç olmasa bircə ağac əkmək,
ya da susuzluqdan təşnə bir fidanın dibinə su
tökmək həvəsinə düşsün. Yaxud kiminsə min bir əziyyətlə bitirib
üstündə əsdiyi ağaca xətər yetirmək
azarından özünü saxlasın. Ağacları
vəhşi kimi sındırıb tökən övladına
tərbiyə verib bu dilsiz-ağızsız yaşıl
canlıları sevməyi öyrətsin.
Naxçıvanda gördüyüm
saysız-hesabsız ağaclarla insanların torpağa sevgisini
duydum. Burada yaşayan insanların bu ərazinin hər
qarışına doğma yurd yeri kimi, sanki öz həyətyanı
sahələrinin bir hissəsi kimi yanaşdıqlarını
hiss etdim.
Bura başdan-başa yaşıl bir ormandır
sanki. Baxdıqca baxıram və bir anlıq
düşünürəm ki, kimsə qabalıq edib bu
ağacların bir budağını sındırmaq fikrinə
düşsə, bütün Naxçıvan üzərinə
gələr.
Çünki bu ağaclarda bütün
Naxçıvan sakinlərinin əməyi var, sevgisi var. Bu qədər
ağacı ancaq vətənə intəhasız məhəbbət,
el birliyi bitirə bilər. Belə bir gözəlliyi təkcə
inzibati qərarlarla yaratmaq mümkün deyil ki. Bunu edən sadə naxçıvanlılardır, bu
təşəbbüsü irəli sürən və ona nəzarət
edən məsul şəxslərdir, elini-obasını sevən
və gələcəyini düşünən azərbaycanlılardır.
Yol yoldaşlarımız deyir ki, bu
yaşıllıqların, təbiət mənzərələrinin
yaradılmasında Naxçıvanda xoş bir ənənəyə
çevrilmiş həftəsonu iməciliklərinin
böyük rolu olub. Olsun
ki, beş günlük iş həftəsindən
sonra şənbə səhəri də şirin yuxusuna haram
qatıb ağac əkməyə, yaşıllıqlara qulluq
etməyə getməkdən narazı qalanlar tapılıb. Amma axı insanın fərdi həyatından
başqa bir ictimai həyatı və tarix qarşısında
məsuliyyəti də var. İnsanın öz evinin
divarları, həyətinin hasarları arasında
keçirdiyi günlərdən, bu balaca çevrədə sərf
elədiyi əməkdən tarixə heç nə qalmır.
İnsan dünyadan köçməklə sadəcə
yox olub gedir.
Bu ağaclar, bu yaşıllıqlar, bu mənzərələr
isə onların yaradılmasına lap kiçicik də olsa, əmək
sərf etmiş hər kəsin tarixdəki əbədi nəcib
nişanələridir. O
ağaclar yaşadıqca insanlar da yaşayacaq, baharda o
ağacların yaşıllaşması ilə insan da yenidən
doğulacaq, o ağacların meyvəsi ilə əlinin bərəkətini,
halal bəhrəsini gələcəyə yetirəcək.
İndi yaşıllıqların
salınması, camaatın istirahəti üçün parkların
qurulması vətənin hər guşəsində izlənən
xoş meyildir. Naxçıvanda gördüyüm meyvə
ağaclarından sonra isə bunu etiraf etməliyəm, bu
parkların ümumi görünüşü, yüksək
zövqlə işlənmiş landşaft dizaynı adamda hər
nə qədər məmnunluq yaratsa da, əkilmiş ağacların
növü bir o qədər rəncidə edir. Nədənsə yeni parklarımızda hər tərəf
dekorativ ağac və kollarla, bar verməyən əcnəbi
ağaclarla, şamlarla “bəzədilir”. Əfsuslar
olsun ki, heç bir parkda, yaşıllıq zolağında
meyvə ağacı gözə dəymir. Ən ağrılısı odur ki, hətta dağ
rayonlarımızda, hər qarışı bərəkət
olan torpaqlarımızda da regionun ağız dadı olan
möcüzəvi meyvə ağaclarındansa xaricin barsız
ağaclarını bitiririk. Kölgəsiz
ağacları becərir, onlara həyat veririk... Dünyanın ən lətif meyvələrinin vətəni
olan məmləkətimizdə yaşıllıqlar
salınarkən yerli məmurların öz nemətlərimizə
belə ögey münasibətinin adı nədir? Yaxud, əgər məqsəd kölgəlik
yaratmaqsa, bu yurdun minillərdən soraq gətirən xan
çinarlarına, başı buludlara yüksələn
qovaqlarına, qarağaclarına, palıdlarına, vələslərinə,
cökələrinə nə gəlib ki, onların
fidanlarını əkib-becərməkdənsə palmalar əkəsən?!
Naxçıvanda bütün bunların əksini
gördüm. Bir-iki
yaşıllıq zolağının
künc-bucaqlarındakı dekorativ kolları, küknar və
sərv ağaclarını çıxmaq şərtilə
Ordubaddan Sədərəyə, Şahbuzdan Culfaya, Şərurdan
Babəkə və Kəngərliyə qədər
bütün mərkəzi və kəndlərarası
yolların ətrafı bar verən meyvə ağacları ilə,
kölgəli ənənəvi ağaclarla,
gül-çiçəklə dolu idi. Yolətrafı
ağac zolaqları Naxçıvanın yaşıl
magistralıdır.
Avtomobilin pəncərəsindən ətrafdakı
payız qızılgüllərinə tamaşa elədikcə
Alla Puqaçovanın bizim uzaq gəncliyimizin himni olan məşhur
mahnısı sanki gözlərim önündə oxunurdu:
“Milyon-milyon al qızılgül Görürsən pəncərədən”.
Baxdıqca bu yollarda payızın min bir rəngini
görürdüm: qızılı payız, yaşıl
payız, ağ payız. Və
düşünürdüm ki, Tanrı Naxçıvana təbiətin
ən yaxşılarını verib. İnsan
əli isə bu gözəlliyi daha da rövnəqləndirib.
Prezident İlham Əliyev ölkəmizə
rəhbərliyinin ilk dövrlərindən maraqlı və
son dərəcə faydalı bir təşəbbüs irəli
sürüb. Müxtəlif rayon və şəhərlərin
icra hakimiyyəti başçıları inkişaf etmiş
xarici ölkələrin əsas şəhərlərinə
səfər edir, bu ölkələrin şəhərçilik
təcrübəsini öyrənirlər. Gördüklərini
rəhbərlik etdikləri rayonda uğurla tətbiq edənləri
də olur, gözləntiləri lazımi şəkildə
yarıtmayanları da. Naxçıvandakı
inkişaf mənzərələrini görüncə
düşündüm ki, artıq özümüzdə də
öyrəniləsi, tətbiq ediləsi nümunələr
formalaşıb. Bir çox şeyləri
xaricdən yox, elə özümüzdən də öyrənə
bilərik. Məsələn, niyə
başqa bölgələrimizin icra hakimiyyəti
başçıları Naxçıvanın rayonlarına səfər
edib buralarda görülmüş işlərdən öyrənməsinlər?!
Fikrimcə, bu rayonlardan əldə ediləcək
təcrübə, tutaq ki, Fransanın hansısa şəhərindən
əxz olunanlardan əsla geri qalmayacaq.
***
Bir az da
Naxçıvan sürücülərindən yazım. Muxtar respublikanın yollarında hərəkət
qaydalarını pozmağı özünə rəva görən
sürücü çətin tapıla. Burada
sürücü nizam-intizamı ciddi şəkildə qorunur.
Kəmərlərin bağlanması, sürət
rejimi, işıqforda düzgün dayanma, maşını
doğru yerdə parklama və digər bu kimi tələblərə
ciddi əməl edilir.
Bizi gəzdirən sürücüdən
zarafatla soruşdum ki, deyəsən, burada yol hərəkəti
qaydalarını heç pozan yoxdur. Nə əcəb hamı
intizamla sürür? Onun söylədiklərindən
belə anladım ki, Naxçıvanda belə məsələlər
artıq cərimə, inzibati qadağalar mərhələsini
çoxdan keçib. Burada qaydalara
hamılıqla əməl etmək qanunvericiliyin tələbləri
ilə yanaşı, artıq həm də ictimai borc məsələsidir
və kimsə yollarda intizamsızlıq edib
başqalarının haqlı ictimai qınağına tuş
gəlməyi özünə
sığışdırmır.
“Olub ki, dəfələrlə Ali Məclis
Sədrinin avtomobili ilə işıqforda yanaşı
dayanmışam. Əgər onun özünün,
övladlarının avtomobilləri də işıqforda
dayanırsa, kəmər taxırlarsa, bu nümunəyə necə
hörmətsiz yanaşaq, qaydaları necə pozaq?” deyə
sürücü sözünə davam etdi.
Bəli, ictimai əxlaq normaları və
buna qarşı çıxanlara el qınağının
formalaşması, insanların bir-birindən örnək
götürməsi, gözəl nümunələrin
hamıya görk olması Naxçıvanın sosial-mədəni
həyatında nəzərə çarpan mühüm
uğurlardandır.
Burada cəmiyyət həyatının bir
çox önəmli məsələlərinə, toplum
üçün aktuallıq kəsb edən mühüm
suallara mili-mənəvi ənənələrlə
müasirliyin vəhdətindən doğan mükəmməl
yanaşma var.
***
Naxçıvana respublikamızda kifayət
qədər tanınmış, nüfuzlu, əsil-nəcabətli
bir dostumun yaxın qohumunun hüzr məclisində iştirak
üçün getmişdik. Xeyir-şər məclislərimizdəki
israfçılıq günümüzün bəlasıdır,
bilirsiniz. Son illər bu məsələ
dövlət qurumlarını da, əli qələmli
ziyalıları da çox düşündürür. Bu sahədə nizam yaratmaqdan ötrü lazımi
addımlar atılır. Mətbuatda ictimai
müzakirələr aparılır. Bütün
bunlar bəzi yerlərdə səmərə verir, bəzi yerlərdə
hələ faydasız nəticələnir. Çünki bu da inzibati qərarlardan daha çox
şəxsi nümunələrə bağlı bir məsələdir.
Əslində, hamı hüzr məclislərində
israfçılığa qarşıdır. Dünyadan
köçmüş yaxınının kədərini unudub
təziyə məclislərini öz aləmində guya urvatla
yola verməkdən ötrü ət-yağ, düyü
dalınca qaçmaq, yeddi gün, yeddi gecə qonaq-qara
qarşısına çıxıb iş-gücündən
qalmaq heç kimə uyğun deyil. Di gəl
ki, uzun illər belə davam etdiyindən bir çoxları ətrafın
rəyini nəzərə alaraq adətləri pozmağa
özündə cürət tapmır.
Naxçıvanda isə bu məsələnin
artıq öz həllini tapdığını, hüzr məclislərində
yalnız çay, limon və halva verilməsinin
el adətinə çevrildiyini çoxdan eşitmişdim. Bu dəfə özüm də əyani şahid
oldum.Və cəmiyyətin sayılıb-seçilən
adamlarının yaratdığı şəxsi nümunələrin
sadə insanlara necə güclü təsir göstərdiyini,
nə qədər müsbət səmərə verdiyini
gördüm.
Haqqında bəhs etdiyim dostum da,
qohum-qardaşları da yetərincə imkanlı adamlardır. İstəsəydilər,
ehsan süfrəsini çox zəngin edə bilərdilər.
Amma onlar da Naxçıvanda
formalaşmış ənənələrə əməl
etməyi özlərinə borc sanmışdılar.
Süfrədə yalnız çay, limon və
halva vardı. Məclisə gələnlər
başsağlığı verib, çaylarını
içib, mərhumun ruhuna dualar oxuyub gedirdilər. Nə mənasız israfçılıq vardı, nə
də hüzr sahibinin izafi əziyyəti.
Ən önəmlisi isə,
Naxçıvanda bu məsələdə də
varlı-kasıb fərqi duyulmur. İmkanı
aşağı olan hüzr yiyəsi kasad ehsan süfrəsinə
görə sıxılmır, lap imkanlısı isə
aşıb-daşan süfrəsi ilə qürrələnə
bilmir. Bu bərabərlik müqəddəs
inancımızın da buyurduğu kimidir. Zatən
dünyadan köçən hər kəs bütün maddi
imkanlarını, sosial statuslarını bu fani aləmdə
qoyub axirət dünyasına başqaları ilə bərabər
şəkildə getmirmi? Elə isə təmtəraqlı
ehsan süfrələri ilə məclisi
başqalarının təziyələrindən fərqləndirməyə
nə hacət? Bu məclislərin
dünyadan köçmüşlərə zərrə qədər
aidiyyəti yoxdur. Hüzr məclisləri
hələ bu dünyada ömür sürüb cəmiyyətin
ictimai həyatını təşkil edən, birgəyaşayış
normalarını müəyyənləşdirən diriləri
mənəvi-əxlaqi cəhətdən tərbiyələndirmək,
onları xoş əməllərə, nəcib
davranışlara səsləmək üçündür.
Bu niyyətə isə ancaq kamil nümunələrlə
çatmaq olar ki, onu da Naxçıvanda gördüm...
***
Bəzən mətbuat Naxçıvanda
möhkəm nizam-intizamın olmasından, belə nümunələrin
Ali Məclis Sədrinin qərarları əsasında
yaradılmasından yazır. Açığını
deyim ki, cəmiyyətdə yaxşı nümunələrin
tez və kütləvi yayılmasından ötrü müəyyən
müddət dəmir qaydaların tətbiqinə qarşı
deyiləm. Fikrimcə, bu, demokratik prinsiplərin
pozulması deyil, cəmiyyətə doğru olanları
göstərmək, onu düzgün istiqamətlərə
yönləndirməkdir. Əks halda, insan
xislətidir, azca boş buraxsan, görəcəksən ki, cəmiyyətdə
pis nümunələr populyarlaşmağa başlayıb.
Əgər hansısa zaman müddətində
toplumun davranışlarını inzibati qaydalarla yönləndirməyi
bacarsan, müəyyən müddətdən sonra ictimai
qaydalara uyğun yaşamaq insanlar üçün bir həyat
tərzinə çevriləcək. Ağac əkməyin,
yol hərəkəti qaydalarına əməl etməyin, təmizliyi
qorumağın, başqalarına hörmətlə
yanaşmağın, növbədə digər insanlardan
önə keçməməyin, kitaba-təhsilə,
mütaliəyə meyil salmağın kənardan necə
gözəl göründüyünü və nə qədər
xoş örnəklər yaratdığını dərk edən
insanlar qanunlarsız, qaydalarsız, qadağalarsız, inzibati məcburiyyətlərsiz
də buna əməl edəcəklər.
Bəlkə nə vaxtsa Naxçıvanda
da müəyyən müddət qadağalar olub, sərt
qaydalar, cərimələr tətbiq edilib, düzü, bilmirəm. Son müşahidələrimə
söykənərək yalnız onu deyə bilərəm ki,
mən burada insanların davranışlarını çərçivəyə
salan hər hansı inzibati məhdudiyyətlərə
şahid olmadım. Əvəzinə Ali Məclis
Sədrinin hamı üçün faydalı təşəbbüslərinin
kütləvi dəstəklə qarşılanıb, ictimai
qaydalara çevrildiyini gördüm. Çünki
bu təşəbbüslərin özü də bir nəfərin
iradəsi, istəyi deyil, onların hər biri cəmiyyətdən
gələn sosial sifarişlərə əsaslanır. Bu ictimai qaydaların heç biri hər hansı
hüquqi aktla tənzimlənmir, amma hamı onlara əməl
etməyi faydalı bilir. Çünki bu
qaydalarda öz istəklərini görür.
Naxçıvanda yenə kimsə təmtəraqlı
ehsan məclisləri təşkil edə bilər. Onun işinə kimsə
qarışmayacaq. Amma həmin adam
belə etməklə elin adətinə qarşı
çıxmış olacaq və belə bir davranış kənarda
ikrah doğuracaq. Yaxud mənəvi-psixi cəhətdən
sağlam, tərbiyəsi yerində olan bir insan avtomobilini
başqalarının üzərinə niyə sürsün,
tərtəmiz küçələri niyə zibilləsin,
öz doğma şəhərinin, qəsəbəsinin
gözəlləşməsinə xidmət edən tədbirlərdə
iştirakdan niyə boyun qaçırsın ki?!
Bunlar adi birgəyaşayış
normalarıdır və heç bir məmur hökmü,
inzibati məcburiyyət, dəmir intizam olmadan hər insan bu
normalara əməl etməlidir.
***
Ən məmnun təəssüratımsa
Naxçıvanda görülən bütün bu işlərin
maarif işığında aparılmasını
görüb-duymağım oldu.
Naxçıvanın cəmi 30-40
şagirdi olan ucqar kəndlərində də məktəblər
tikilir ki, məktəblilər qonşu kəndlərin
yollarında əziyyət çəkməsinlər. Muxtar respublika məktəb
sayının əhali sayına olan nisbətinə görə
Azərbaycanda öncül mövqedədir. Adını unutduğum mütəfəkkirlərdən
biri demiş ki, bir məktəb tikən bununla bir həbsxana
bağlayır. Naxçıvanda tikilən
məktəblər maarif işığını ətrafa
yayan nur mənbəyidir. Bu çırağın
işığında yeni elm-maarif pərvanələri - XXI əsrin
Mirzə Cəlilləri, Bəhruz Kəngərliləri, Yusif
Məmmədəliyevləri, İsa Həbibbəyliləri,
Abbas Zamanovları yetişir.
Naxçıvan şəhərində zəngin
kitab evi yaradılıb. Bir müddət əvvəl isə Naxçıvan
məktəblilərinin, ümumilikdə muxtar respublika sakinlərinin
oxuması üçün tövsiyə edilən 30
kitablıq siyahı Azərbaycan ictimaiyyətində xoş təəccüb
doğurdu. Elə bir ziyalı sözü
ilə rastlaşmadım ki, bu tövsiyəni təqdir etməsin.
Naxçıvanda baş verən dəyişiklikləri,
inkişafı, abadlığı seyr etdikcə,
anlayırdım ki, bu 30 kitablıq siyahı da insanların mənəvi
dünyasının abadlığı, nizamı və
inkişafın, tərəqqinin ardıcıllığı
üçün düşünülmüş
addımdır və yalnız inkişafa xidmət edir.
Dünya tarixinin ən böyük nailiyyətləri
dünən də kitabla başlanmışdı, bu gün də
kitabla davam edir və gələcəkdə də məhz o cəmiyyətlər
irəli gedəcək ki, bir əli kitabdan üzülməyib.
***
Azərbaycanın ən ucqar kəndində
də gecə vaxtı yad bir qapını döysən, səni
mehribanlıqla qarşılayacaqlar, qarşına bir stəkan
çay, Allah verəndən bir qismət çörək
qoyacaqlar. Evin ən hörmətli otağında, məxsusi
qonaq üçün saxlanan qəttəzə
yorğan-döşəkdən yer salacaqlar.
Bu, milli dəyərimizdir. Və bu dəyər Azərbaycan
xalqının olduğu hər yerdə eynidir. Lerikdə də, Gədəbəydə də,
Qusarda da, Naxçıvanda da, hətta ölkə sərhədlərindən
kənarda Azərbaycan ruhunu qoruyan milyonlarla
soydaşımızın ev-ocağında da.
Naxçıvan səfərimizdə
deputat həmkarım, dostum akademik İsa Həbibbəylinin
Dan yeri kəndindəki ata evində qonaq olduq. İsa müəllimgil 5
qardaşdırlar, hamısı da sadə və
yaraşıqlı ev tikdirib. Bu, Naxçıvan insanlarının torpağa, yurda
bağlılığına bir nümunədir. Diqqəti çəkən ən mühüm cəhət
isə bu evlərin heç birinin arasında çəpərin,
hasarın olmaması idi. Həyatda
qardaşlar arasında çox hasarlar gördüm,
mal-mülk üstündə çox qardaş davaları
gördüm. İsa müəllim və
qardaşları isə hasarları ixtisara salmaqla ata yurdunun ərazisini
bir az da genişləndiriblər. Yer
üzünün başdan-başa sərhədlərlə
bölündüyü, kimlərinsə beş
qarışlıq yeri belə çəpərləyib mənimsəməyə
çalışdığı indiki dövrdə bu mənzərə
məni çox mütəəssir etdi.
İsa müəllimin yaşı səksəni
keçmiş anası Qəndab xanımla
görüşdük. Sinəsi
söz boğçası olan əsl el ağbirçəyi,
müdrik Ana abidəsi... Titulsuz akademik dedim bu anaya,
sözündən-söhbətindən doymaq bilmədim.
Bu qadın dünyanın hər
üzünü görüb, cadar torpaq kimi
qırış-qırış əlləri bu əllərin
çəkdiyi ağır ömür yükündən,
saysız-hesabsız əziyyətlərdən xəbər
verir. Bu əziyyətin bəhrəsi isə akademik
övladdır, dövlətin iqtisadi gücünə güc
qatan sahibkar oğuldur, Prezident təqaüdçüsü
olan nəvədir. Azərbaycan dövlətinə,
xalqımızın ümummilli lideri, ulu öndər Heydər
Əliyevin dövlətçilik irsinə, bu irsi əzmlə
davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin yürütdüyü inkişaf siyasətinə
sadiq törəmələrdir.
Bu ailənin həyətində indiyə qədər
heç yerdə görmədiyim qədər ağaclar
gördüm. Müxtəlif cür meyvə ağaclarının
sayı-hesabı bilinmirdi. Evlərin
arxasında qatar-qatar düzülmüş qələmə
ağaclar vardı, hamısını İsa müəllim
atası, özü və qardaşları əkib.
***
Yolumuz yenidən Naxçıvan hava
limanına sarıdır.
Avtomobilin pəncərəsindən
gördüyüm heyrət dolu mənzərələri
bir-bir gözlərimə köçürür, bir
günlük səfər zamanı rastlaşıb kəlmə
kəsdiyim insanları xatırlayıram. Naxçıvanda heç
bir rəsmi şəxslə, hətta adi bir kənd icra
nümayəndəsi statusu daşıyan məmurla da
ünsiyyətimiz olmadı. Gördüklərim
sürücülər, hüzr məclisində söhbətləşdiyimiz
sadə insanlar idi. Bu insanların hər
birində yüsək dövlətçilik təfəkkürü,
milli ideallara sadiqlik, Azərbaycanın xoşbəxt gələcəyinə
böyük inam gördüm. Onların həyat
eşqinə, səmimiyyətinə, halallığına
vuruldum. Onların çoxu ötən əsrin
90-cı illərinin əzab-əziyyətli günlərini
görüb gəlmiş, o məşəqqətləri iliklərinə
qədər hiss eləmiş adamlardır.
Azərbaycan xalqının ümummilli
lideri, ulu öndər Heydər Əliyev 1990-cı ildə
Moskvadan Naxçıvana qayıdanda bu qədim Azərbaycan
yurdu tarixinin ağır günlərini yaşayırdı. Ovaxtkı hakimiyyət
Naxçıvanı siyasi, Ermənistan isə iqtisadi blokadaya
almışdı. Muxtar respublikanın
yüzlərlə kəndi ermənilərin aramsız atəşinə
məruz qalırdı. İnsanlar
işğal qorxusu altında yaşayırdılar. Hər tərəfdən sıxılan
Naxçıvana görkəmli dövlət xadimi Heydər
Əliyev qayıdışı ilə, şəxsiyyətinin
əzəməti ilə yeni ruh, qurtuluş əzmi gətirdi
və bu bölgəni, sözün əsl mənasında,
xilas etdi. Vətənin düşmən
işğalından, Azərbaycanın bağrından
qoparılma təhlükəsindən, sosial-iqtisadi
böhranın düyünlənmiş kələfindən
ilk qurtulan hissəsi məhz Naxçıvan oldu.
XIV əsrdə Mərkəzi, Qərbi və
Şərqi Asiyadan qədim Rus torpaqlarına, Qafqazlardan Volqaətrafı
bölgələrə qədər böyük bir imperiya
qurmuş Əmir Teymurun qoşunları önündə
Əlincə qalasındakı misilsiz şücaətləri
ilə dirəniş göstərərək böyük bir qəhrəmanlıq
salnaməsi yazmış naxçıvanlılar XX əsrin
sonunda da Heydər Əliyevin ətrafında birləşərək
haqsızlığın, ədalətsizliyin, şərin
üzərinə yeridilər.
Heydər Əliyevi qorumaqla ümumən Azərbaycanı
qorumuş oldular.
Naxçıvandakı hərbi hissələrdən
birinin yaxınlığından keçərkən burada
nizami addımlarla hərəkət edən əsgərlər
gördüm. Avtomobili saxlatdırıb onlara baxdım, qəlbim
qürur hissi ilə doldu. Vətənin bu
müqəddəs parçası inkişaf dinamikası qədər,
nailiyyətləri qədər hərbi qüdrəti ilə də
bu gün düşmənlərə göz
dağıdır. Dövlətçilik
irsimiz bu torpaqlarda şərəflə qorunaraq tarixin
ucalıqlarına yüksəlir.
Bu, Azərbaycan xalqının ümummilli
lideri, ulu öndər Heydər Əliyevin görmək istədiyi
Naxçıvandır! Bu, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
yürütdüyü siyasətin uğurları sayəsində
tarixinin ən qüdrətli dönəmini yaşayan vətənin
qutsal parçasında bu qüdrətin xoş mənzərəsidir.
Bakıya qayıdandan sonra köməkçimdən
Naxçıvanla bağlı statistika istədim. Xeyli rəqəmlər
toplusu gətirdi. O göstəricilərin hamısı
qürurverici idi, sadəcə oxucularımı rəqəmlərlə
yormaq istəməzdim. Bu rəqəmlərin təhlilini
aparmaq peşəkar iqtisadçıların işidir. Görülən işlərin, abadlıq tədbirlərinin,
inşa edilən binaların, açılan yeni müəssisələrin
ümumi cəmini yazıçı qələmi ilə sadəcə
belə təsvir edim ki, indi Naxçıvanın bir çox
kəndlərini görkəminə görə şəhərdən
ayıra bilmirsən.
Bu günlərdə Milli Məclisdəki
büdcə müzakirələri zamanı
Naxçıvanın da büdcəsi müzakirə olundu. Düşünürəm
ki, Naxçıvana dotasiya imkan daxilində daha da
artırılmalıdır. Çünki
bu vəsaitlərin bir qəpiyi də boşuna xərclənmir,
hamısı Azərbaycanın xeyrinə istifadə olunur.
Dövlətimizin bu dəstəyi blokada şəraitində
düşmənlə üz-üzə dayanmış
Naxçıvanı daha da güclü edir, mətinləşdirir.
***
Bu qeydləri yazarkən
Naxçıvan adının mənasını yada
salıram. Xalq etimologiyasına əsasən, Naxçıvan
toponimi “Nuh yurdu”, Naxçıvan deməkdir. Rəvayətə
görə, Nuh Peyğəmbərin gəmisi tufandan sonra bu əraziyə
yan alıb. Bununla bağlı dünyanın bir sıra
nüfuzlu mifologiya alimləri elmi dəlillər irəli
sürürlər. Hətta Qərb mütəxəssislərinin
çəkdikləri bir sənədli filmdə gəminin hərəkət
marşrutunun Naxçıvan tərəfə gəlib
çıxmasına özüm tamaşaçı kimi
şahid olmuşam.
Bu mənada
Naxçıvan tufanların dağıdıb param-parça
etdiyi bəşəriyyətin yenidən binə olunduğu
yerdir. Məsələnin mifoloji tərəfini kənara
qoysaq, bu qədim Azərbaycan torpağının indi də
tarix üçün eyni əhəmiyyəti
daşıdığını görərik.
Naxçıvan bu gün də yenidən qurulan, inkişaf edən,
yüksələn, nümunə yaradan, hər tərəfə
hüzur, sevgi, səmimiyyət saçan önəmli bir
dünyadır.
Gələn il
Naxçıvan şəhəri İslam Mədəniyyətinin
paytaxtı olacaq.
Dünya Nuh yurdunu
özü üçün yenidən kəşf edəcək.
Bakı-Tbilisi-Qars dəmir
yolunun Naxçıvana qədər uzanması bu torpağa
yeni nəfəs verəcək.
İctimai fikir tariximizə
dühalar bəxş etmiş bu müqəddəs vətən
torpağı Azərbaycanın tərəqqisinin yenə
önündə gedəcəkdir.
Göyün yeddinci
qatındayam. Buludların ənginliyində ətraf ağappaq
görünür.
Naxçıvana gedəndə
düşünmürdüm ki, bir günlük səfərimi
yazıya çevirərəm. O diyara, qeyd etdiyim kimi, hüzr
məclisində iştirak üçün getmişdim. Belə
məclislərdən evə dönəndə, adətən,
insanlar bir-birinə “evinizə xeyir aparasınız” deyirlər.
Mən də Naxçıvan səmasındakı pənbə
buludlardan düşüncələrimə nur kimi ələnən
işıqlı təəssüratlarla dogma Bakımıza qəlb
dolusu xeyir gətirib onu dəyərli oxucularımla da
paylaşmağa tələsirəm.
Həyatınız hər
zaman xeyirlərlə dolu olsun, əzizlərim!..
Hüseynbala
MİRƏLƏMOV
Azərbaycan.- 2017.-5
dekabr.- S.1; 4.