Müstəqil
siyasətin real gücü
Prezident İlham
Əliyev Azərbaycanı qlobal iqtisadi, siyasi, logistik mərkəzə
çevirib
Geosiyasi mühitə yeni
dinamika verən regional və beynəlxalq təhlükəsizliyin
təmin edilməsində mühüm potensiala malik olan
müstəqil Azərbaycan siyasi-iqtisadi əlaqələrini
dövlət maraqları və qarşılıqlı
faydalılıq prinsipləri əsasında
reallaşdırır.
Son 14 ildə gənc müstəqil
dövlətin əsaslarının möhkəmliyi və həyata
keçirilən strategiyanın səmərəliliyi məhz
Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası,
siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə
rasional fəaliyyət sayəsində reallaşıb.
Beynəlxalq
münasibətlərin tamhüquqlu subyektinə çevrilən
Azərbaycan
Müstəqilliyinin bərpasından
sonra beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa
böyük önəm verən Azərbaycan artıq 25 ilə
yaxındır ki, geosiyasi maraqlarının gerçəkləşdirilməsi
istiqamətində uğurlu addımlar atır. Müstəqil Azərbaycanın
beynəlxalq münasibətlər sistemində layiqli yerinin
müəyyənləşməsində təbii ki, BMT,
ATƏT, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam
Konfransı Təşkilatı, Müstəqil Dövlətlər
Birliyi və s. təşkilatlarla əməkdaşlığının
da rolu böyükdür.
Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan xarici siyasət
konsepsiyasını uğurla davam etdirən cənab İlham
Əliyevin milli maraqlarımızın qorunması istiqamətində
gördüyü çoxşaxəli işlər,
apardığı müstəqil xarici siyasət, həyata
keçirdiyi uğurlu xarici diplomatiya Azərbaycanı,
sözün həqiqi mənasında, müstəqil,
özünü təmin edən, milli köklərə əsaslanan,
eyni zamanda beynəlxalq birliyin ən etibarlı və layiqli tərəfdaşına
çevirib.
Ötən ay Prezident
İlham Əliyevin iki mötəbər təşkilatın -
NATO və Avropa İttifaqının mərkəzi qərargahlarında
keçirilən Şimali Atlantika Şurasının
iclası və Şərq Tərəfdaşlığı
Sammitində iştirakı ölkəmizin beynəlxalq münasibətlərin
tamhüquqlu subyektinə çevrildiyini bir daha təsdiqlədi.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı
Polşa və İsveçin Avropa İttifaqının
qonşuluq siyasəti çərçivəsində MDB
ölkələri ilə münasibətlərin
yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.
Şərq Tərəfdaşlığı,
Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı
qonşu ölkəsini əhatə edir. Budəfəki
sammitdə Avropa İttifaqına üzv dövlətlər
altı Şərq tərəfdaşı ölkəsinin
dövlət və hökumət başçıları ilə
gələcək əməkdaşlığı müzakirə
etdilər. Onlar həmçinin Şərq
Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına
təsirli faydaların verilməsinə xüsusi diqqət
yetirərək, Riqa sammitindən sonrakı nailiyyətləri
qiymətləndirdilər. Artıq Şərq
Tərəfdaşlığına doğru nəticələrə
yönəlmiş yanaşmanı dəstəkləmək
üçün Avropa İttifaqı 2020-ci ilədək əldə
olunacaq 20 əsas nəticəni müəyyənləşdirib.
Əsas mərhələlərin isə məhz
Brüssel sammitində müəyyənləşdirilməsi
nəzərdə tutulmuşdu.
Beynəlxalq
birliyin Ermənistanın saxta siyasətinə münasibəti
dəyişir
Şərq Tərəfdaşlığı
Sammitində qəbul edilən Birgə Bəyannamə isə
beynəlxalq təşkilatların Cənubi Qafqazın lider
ölkəsinə verdiyi qiymətin bariz təcəssümü
idi. Çünki bu bəyannamə ilə Şərq Tərəfdaşlığı
dövlətlərinin ərazi bütövlüyü və
suverenliyi bir daha dəstəklənib. İşğalçı
Ermənistanın nümayəndə heyətinin
çoxsaylı cəhdlərinə baxmayaraq, bəyannamədə
Şərq Tərəfdaşlığının
bütün dövlətlərinin ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı
olaraq dəstək alıb. Xüsusi
vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa
İttifaqının Xarici Siyasət və Təhlükəsizlik
Qlobal Strategiyasına istinad edilib. Bu Qlobal
Strategiyada Avropa İttifaqının üzv və qonşu
dövlətlərinin ərazi bütövlüyü beynəlxalq
səviyyədə tanınmış sərhədlər
çərçivəsində qeyd edilib.
Əlbəttə, Birgə Bəyannaməni
Prezident İlham Əliyevin rasional xarici siyasət və
hücum diplomatiyası strategiyasının sayəsində
işğalçı Ermənistana vurulan növbəti
ağır zərbə adlandırmaq olar. Brüssel
sammitində qəbul edilən Birgə Bəyannamə mahiyyətinə
görə beynəlxalq hüquqa əsaslanan və strateji əhəmiyyət
daşıyan sənəd kimi qiymətləndirilməlidir.
Onu da xatırladaq ki, sammitdən bir gün öncə Prezident
İlham Əliyevlə
NATO-nun baş katibi Yens
Stoltenberqin mətbuata bəyanatlarla
çıxışları zamanı da bu mötəbər təşkilatın
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi
vurğulanıb.
Bütün bunlar isə Ermənistanın
apardığı siyasətin iflasa
uğradığının təsdiqidir. Bu iflasın
Avropa məkanında baş verməsi daha təsirlidir. Çünki Avropa Ermənistanın yalançı
xristianlığına, miflər üzərində
qurulmuş tarixinə və saxta siyasətinə münasibət
göstərdi.
Bərabərhüquqlu
tərəfdaşlıq, qarşılıqlı maraqların
təmin olunması prinsipləri
Bu gün Azərbaycanın həqiqi
mənada müstəqil dövlət olması müasir beynəlxalq
münasibətlər sisteminin suveren aktorları tərəfindən
mütləq surətdə qəbul edilir. Prezident
İlham Əliyevin xarici
siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən
təqdir olunan model kimi səciyyələndirilir. Çünki
Azərbaycanın beynəlxalq səviyyədə qurduğu
bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq,
qarşılıqlı maraqların təmin olunması
prinsiplərinə söykənir. Ölkəmizin
tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə
yanaşı, bölgənin inkişafına və sabitliyinə
də xidmət edir. Buna görə də
Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər
sahələrdə həyata keçirdiyi siyasət təkcə
özünün deyil, əməkdaşlıq etdiyi qonşu
regionlardakı ölkələrin də inkişafına şərait
yaradır. Bu isə ilk növbədə, Azərbaycanın
gücünü, qüdrətini göstərir.
Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasət regionda cərəyan edən
siyasi, iqtisadi proseslərin axarına həlledici təsir
göstərir. Məhz dövlət
başçısının liderlik keyfiyyətləri əsasında
bu gün Azərbaycan təkcə regional səviyyədə
deyil, regionlararası inteqrasiya proseslərində də öz
sözünü deyən mühüm faktora çevrilib.
Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə
coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni
nöqteyi-nəzərdən birləşdirən regional güc
mərkəzidir.
Siyasi və
iqtisadi müstəqilliyin formalaşdırdığı
möhkəm təməl
26 illik müstəqillik Azərbaycanın
çoxəsrlik həyatında tarixi nöqteyi-nəzərdən
az bir zaman kimi görünsə də,
ölkəmiz bu müddət ərzində böyük və
misilsiz inkişaf yolu keçərək demokratik, hüquqi,
dünyəvi dövlət qurmağa, onun təsisatlarını
yaratmağa nail olub. Əldə edilən
uğurlar müstəqilliyin möhkəmləndirilməsinə,
vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına və Azərbaycanın
beynəlxalq aləmdə layiqli yerini təmin etməsinə imkan
verib. Siyasi, iqtisadi müstəqillik və
sosial sabitlik uğurlu inkişafın möhkəm təməlini
formalaşdırıb.
Vaxtilə ulu öndər
Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir. Həqiqətən
də iqtisadi inkişaf təməldir. İqtisadi
müstəqillik siyasi müstəqilliyin əsasıdır.
Çünki güclü iqtisadiyyatı olan
ölkə ilk növbədə müstəqilliyi tam təmin
etmiş olur. Ən əsası, digər
ölkələrin, xarici dairələrin təsirlərinə
dirəniş göstərə bilir, ölkədə siyasi təkmilləşmə
prosesi uğurla aparılır və əhalinin sosial rifah
halı getdikcə yüksəlir. Əbəs
yerə deyil ki, məşhur Maslou piramidasında iqtisadi tələbatlar
piramidanın ilk qatında yer alır. Dünya
şöhrətli psixoloq Abraham Maslounun fikrinə görə,
iqtisadi və fizioloji tələbatlar ödənilmədən
insan digər tələbatları ön plana çıxara
bilməz.
Dövlət
başçısının həyata keçirdiyi
siyasi-hüquqi islahatlar sosial-iqtisadi islahatlarla paralel şəkildə
gerçəkləşdirilir. Elə bütün
bunların nəticəsidir ki, cənab İlham Əliyevin
yeni inkişaf strategiyası Azərbaycanı Avropa və Mərkəzi
Asiya regionu üzrə ən islahatçı 3 ölkədən
birinə çevirib.
Ümumiyyətlə, iqtisadi
inkişafa əsaslanmayan demokratiya dayanıqlı ola bilməz. Məşhur ABŞ
alimi, modernləşmə nəzəriyyəsinin banisi hesab
olunan S.M.Lipsetin fikirlərinə görə, bir ölkədə
demokratik siyasi sistemin təşəkkül tapması zənginlik,
industriallaşma, urbanizasiya və təhsilin səviyyəsi ilə
düzmütənasibdir. Azərbaycanda
qısa müddət ərzində demokratik inkişafın
iqtisadi, hüquqi və doktrinal əsasları qoyulmuş və
ölkəmiz bu sahədə ciddi uğurlar əldə
etmişdir. Demokratik, hüquqi dövlət
quruculuğu Azərbaycanın XXI əsrdə tutduğu
dönməz yoldur. Əlbəttə ki,
dövlətin iqtisadi dayaqları güclü olmasa, onun siyasi
yüklü islahatlar aparması qeyri-mümkündür,
iqtisadi dayaqları güclü olmayan ölkədə dövlətçilik
ciddi təhdid altına düşə bilər. Bunu postsovet dövlətlərinin timsalında da
aydın şəkildə görmüşük. Bu ölkələr vaxtında iqtisadi müstəqilliklərini
təmin edə bilmədikləri üçün bu gün
forpost dövlətə çevriliblər. Müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan
isə özünün sürətli inkişafı, sahib
olduğu zəngin təbii resursları və əlverişli
geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq
müstəvidə diqqəti cəlb edən dövlətə
çevrilib. Respublikamızda müdrik
siyasət nəticəsində demokratiya anarxiyaya çevrilməmiş,
vətəndaş özünüdərki, iqtisadi inkişaf
kimi demokratiyanı dayanıqlı edən amillərlə
paralel getmiş və onlara əsaslanır.
Demokratiyanın
dayanıqlığını, uzunmüddətli
olmasını təmin edən amillərdən digəri vətəndaş
özünüdərkidir. Öz milli kimliyini,
tarixini, millətinin məqsəd və məramını,
tarixi missiyasını, digər millətlər içində
yerini, qısa şəkildə desək, haradan gəlib hara
getdiyini bilməyən vətəndaş müxtəlif
ideoloji təsirlər qarşısında duruş gətirməyərək
milli demokratik, dünyəvi dövlət quruculuğu ənənəsini
yaşada bilməz.
Akademik Ramiz Mehdiyev tərəfindən
doktrinal əsaslandırılması hazırlanmış azərbaycançılıq
ideologiyası bu sahədəki boşluğu doldurur. Bu ideologiya
artıq dünyada yaşayan hər bir azərbaycanlının
milli orientiri, istinad nöqtəsi və fəaliyyət
proqramı kimi çıxış edən əvəzsiz sərvətimizdir.
Avrasiyanın ən
effektiv nəqliyyat-logistika məkanı
Bu, bir həqiqətdir ki, investisiya cəlb
edən ölkədən investisiya yatıran və xüsusilə
strateji əhəmiyyətli layihələrdə nümunə
göstərən regional gücə çevrilən Azərbaycan
son 14 ildə öz təbii ehtiyatlarından, coğrafi
mövqeyindən uğurla faydalanaraq dünya
iqtisadiyyatının fəal iştirakçısına
çevrilib. Azərbaycan özünün
keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və
Asiya arasında siyasi və ticarət əlaqələrini
genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin
inkişafı ilə yanaşı, nəhəng layihələrin
gerçəkləşməsində mühüm rol
oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına
çevrilib.
Azərbaycanda son 3 ayda baş verən
3 mühüm hadisə - “Yeni əsrin müqaviləsi”,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
açılışı və 2 milyard ton neft hasilatı
tarixilik və geosiyasi kontekstdə nə qədər əhəmiyyətlidirsə,
digər yönümlərdə Avropanın enerji təhlükəsizliyinin
təminatıçısı, Avrasiyanın ən effektiv nəqliyyat-logistika
məkanına çevrilməsi imkanı baxımından daha
əlamətdardır.
Bu 3 mühüm tarixi hadisə ilə
bir daha dünyaya öz qüdrətini nümayiş etdirən
Azərbaycan həmçinin “Şərq-Qərb”, “Şimal-Cənub”
nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün
prioritet enerji layihələrindən biri olan dörd layihədən
ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri,
TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya
yatırılan layihələrin əsas təşəbbüskarlarından
biridir. Elə buna görə də Azərbaycan
dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin
hesabatlarında bölgədə investisiyaların coğrafi mərkəzinə
çevrilən dövlət kimi səciyyələndirilir.
Avropanın yeganə
yeni təbii qaz mənbəyi
Avrasiya qitəsində nəqliyyat
mərkəzlərinin birinə çevrilmək əzmində
olan Azərbaycan üçün çox böyük əhəmiyyət
daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat
sahələrinin gələcək inkişafı ilə
bağlı çox aydın hədəflər var.
Prezident İlham Əliyev Şərq
Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışı
zamanı Azərbaycanın əsas ticarət tərəfdaşının
məhz Avropa İttifaqının olduğunu söylədi:
“Ticarətimizin, demək olar ki, 50 faizini üzv ölkələrlə
olan ticarət təşkil edir. Müstəqillik
dövründə Avropa İttifaqından Azərbaycan
iqtisadiyyatına 20 milyard dollardan çox investisiya
yatırılıb. Bu, bizim yaxşı
investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir.
Avropa şirkətləri bizim
iqtisadiyyatımızı dəstəkləmək
üçün çox maliyyə vəsaiti yatırmağa
hazırdır”.
Dəyəri 40 milyard dollardan
artıq genişmiqyaslı enerji layihəsi olan “Cənub qaz dəhlizi”nin uğurla inkişaf etdiyini söyləyən
Prezident vurğuladı ki, 3500 kilometrlik qaz xətti yeni
marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən
qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi
siyasəti ilə bərabər, enerji şaxələndirilməsi
siyasətidir, çünki Azərbaycanın qaz
yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni
təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin
enerji xəritəsini əhəmiyyətli dərəcədə
dəyişdirəcək. Bu layihənin
tamamlanması 2020-ci ildə nəzərdə tutulur.
Onu da xatırlatmaq yerinə
düşər ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin
yaradılması istiqamətində də işlər davam
edir. Azərbaycan öz ərazisində demək olar ki,
bütün işləri görüb və bu layihənin
tamamlanması üçün əlavə texniki və maliyyə
resurslarını ortaya qoymağa da hazırdır. Həm
Bakı-Tbilisi-Qars, həm də “Şimal-Cənub” dəhlizi
Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə
çevirəcək. Bu, müstəqil Azərbaycanın
həm siyasi, həm iqtisadi maraqlarının təmin edilməsində
çox mühüm rol oynayacaq.
Öz müstəqil siyasəti ilə
dünyanın fovqəlgüc mərkəzlərinin regionda
toqquşan maraqlarını optimal şəkildə
uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə
münasibətlərdə bərabərhüquqlu və
etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi
Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və
geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq
diplomatik fəaliyyət sahəsində hər bir mərhələ
üçün qarşıda duran hədəfləri
düzgün müəyyənləşdirir. Təbii
ki, müstəqil siyasət əsas etibarilə ölkəyə
rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən
və effektiv idarəetməsindən, bütövlükdə,
onun istinad etdiyi rasional davranış modelindən
asılıdır. Prezident İlham Əliyev isə
praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv
şəkildə dəyərləndirməyi, milli maraqlar
naminə cəsarətli və prinsipial addımlar
atmağı, istənilən ekstremal şəraitdə ən
optimal, düzgün qərar qəbul etməyi, habelə
ölkənin taleyüklü problemlərinə həssaslıqla
yanaşmağı bacarır.
Prezident İlham
Əliyev üzərinə götürdüyü missiyanı
uğurla gerçəkləşdirəcək
Bu gün kosmik klubun məhdud sayda
üzvlərindən biri olan Azərbaycan iqtisadiyyat, enerji-nəqliyyat,
mədəniyyət, din, elm, təhsil və təhlükəsizliyə
aid çox mötəbər beynəlxalq layihələrin
aparıcı qüvvəsi kimi böyük İpək yolu
üzərində Şərqlə Qərb, Şimalla Cənub,
Avropa ilə Asiya, islam aləmi ilə xristian dünyası
arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər
sahələrdə beynəlxalq əhəmiyyətli
körpüdür.
Prezident İlham Əliyevin
yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi
inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü
təmin edib, qarşıda duran vəzifələrin həllinə
real imkanlar açıb və cəmiyyətin ümumi
potensialının milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin
formalaşdırmışdır. Cənab
İlham Əliyevin söylədiyi
kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər
güclü olmayıb və 14 il ərzində
iqtisadi islahatlar baxımından Azərbaycan qədər
sürətli inkişaf yolu ilə gedən ikinci ölkə
yoxdur.
Azərbaycan Prezidentinin yeni
iqtisadi islahatlarının uğurlu gedişini şərtləndirən
əsas səbəb onların təməl prinsiplərinin
düzgün müəyyənləşdirilərək
hazırlanması və qlobal çağırışlardan
lokal gerçəkliyədək bütün tələb-şərtlərə
uyğunlaşdırılmasıdır. Həmçinin
sosial-iqtisadi islahatların hüquqi-siyasi təkmilləşmə
ilə bir-birini tamamlaması bu prosesin böyük risklərdən,
arzuolunmaz nəticələrdən
sığortalanmasını effektiv təmin edib. Milli iqtisadiyyatının əsas inkişaf istiqamətlərini
və iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan
dünya iqtisadi düzənində özünəməxsus
mövqeyini müəyyənləşdirib.
Əlbəttə ki, Azərbaycanın
hər bir iqtisadi uğuru ölkə vətəndaşlarının
sosial rifahının yaxşılaşdırılması ilə
yanaşı, Ermənistanın işğal siyasətinin
iflasını yaxınlaşdırır. Yəni bütün bu layihələr
iki məqsəd güdür: əhalinin firavanlığı,
Ermənistana təzyiq və bununla onu işğaldan geri
çəkilməyə məcbur etmək.
Bu, cənab İlham
Əliyevin yürütdüyü müstəqil siyasətin
ana xəttidir.
Əminliklə söyləmək olar ki, həyata
keçirdiyi müstəqil, uzaqgörən siyasəti ilə
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirən cənab
İlham Əliyev bu
missiyanı da uğurla gerçəkləşdirəcək
və adını müstəqil Azərbaycanın tarixinə
qızıl hərflərlə yazdıracaq.
Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının prorektoru,
hüquq elmləri
doktoru
Azərbaycan.-
2017.-5 dekabr.- S.1; 5.