“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb
Azərbaycan Prezidenti
İlham Əliyev telekanalın müxbirinin sualını cavablandırıb
Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. Prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb. AZƏRTAC reportajı təqdim edir.
Reportajda
deyilir ki, Bakı bir həftəlik informasiya
texnologiyalarının paytaxtına çevrilib.
Azərbaycanda Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları Sərgisi və
Konfransı açılıb. Tədbirdə 20 ölkədən,
o cümlədən Rusiyadan
190-dan artıq şirkət iştirak edir. Bunlar mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin
distribüterləridir.
Reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduşkina vurğulayır
ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant
əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi
məkanı görmək
üçün gəlirlər.
Bundan əlavə, Azərbaycanda
bütün ilboyu ləziz meyvə-tərəvəz
var.
Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları
sahəsində də
təklif ediləsi çox şey var. Azərbaycan cərrahları
əməliyyatlar zamanı
virtual eynəklərdən istifadə edirlər.
Bu, əməliyyatları daha da asanlaşdırır.
Həmin
eynəklər ilk baxışda
oyunlar üçün
lazım olan qurğuya oxşayır.
Amma bununla həkimlər insanların üst çənə hissəsində
implantasiya əməliyyatları
aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər.
Üçölçülü proyeksiya vasitəsilə
həkim insanın dərisinin altına daxil olur və
sinirləri, yaxud məsələn, kəlləni
görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə
müddəti daha azdır.
Azərbaycan Tibb Universitetinin çənə-üz
cərrahiyyəsi kafedrasının
assistenti, tibb elmləri namizədi İsmayıl Fərzəliyev
bildirib:
-Biz hamımız
anatomiya kursunu öyrənirik. Hər bir pasiyentin
fərdi anatomiyasını
təsəvvür edə
bilərik. Lakin əməliyyat
zamanı bu texnologiyaların köməyi
ilə həmin anatomiyanı görmək
məncə artıq fantastik həddədir.
Fikrimcə, bu, artıq
arzunun çin olmasıdır.
Reportajda vurğulanır ki,
“Bakutel-2017” sərgisində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iştirak edir. “Rossiya-24”ün müxbirinin
sualını cavablandıran
Prezident İlham Əliyev bildirir ki, Azərbaycan texnologiyalar məsələlərində
Rusiya ilə tərəfdaşlığı genişləndirir. Dünya təhlükəsizliyinin
yeni çağırışları
əməkdaşlığın yeni sahələrinə çevrilir. Məsələn, kiberhücumlar. Prezident
deyib:
-Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə
onun rolu artır. Ölkəmiz böyük potensiala
malikdir. Təbii ki,
ölkəmiz belə
təhlükə ilə
üzləşə də
bilər. Biz bütün tərəfdaşlarımızla
əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq
perspektivi mövcuddur.
Biz bilirik ki,
Rusiyada kibertəhlükəsizliyə
böyük diqqət
yetirilir. Buna görə
əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları
ilə müvafiq iş aparır.
Reportajda bildirilir ki, Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar
naziri Nikolay Nikiforovla da görüşüb. Onlar artıq tanışdırlar.
Altı il
bundan əvvəl hələ Tatarıstanın
rabitə naziri olduğu vaxt Nikolay Nikiforov Prezident İlham Əliyevə Kazanın texnoparkını göstərmişdi.
Nazir N.Nikiforov vurğulayıb:
-Biz informasiya təhlükəsizliyi məsələlərini,
proqram təminatı sahəsində ayrı-ayrı
təchizatçılar, yaxud
ayrı-ayrı ölkələrdən
asılı olmamaq üçün zəruri
məsələləri müzakirə
edirik. Hər bir ölkənin
bu və ya digər təklifləri
var.
Rusiyalı nazir N.Nikiforov sərgidə Azərbaycanın ən
modern layihələrindən biri - “Elektron hökumət” portalı ilə tanış
olub. Bu, demək
olar ki, Rusiyanın dövlət xidməti portalı kimidir. Burada nikahın qeydə
alınması üçün
ərizə vermək,
cərimələrin mövcudluğunu
yoxlamaq və onlayn mühazirələrə
baxmaq olar. Hər il
portala yeni imkanlar əlavə olunur.
“Elektron hökumət” portalının
əlaqələndiricisi Cəmşid
Naxçıvanski qeyd
edib ki, bu servisə 58 milyon dəfə müraciət edilib. Bu rəqəm portala böyük tələbatın
olduğunu göstərir.
Hər gün 65 min insan “Elektron hökumət” portalının xidmətlərindən
istifadə edir.
Müxbir vurğulayır ki, “Bakutel”də əyləncə
haqqında da danışırlar. Seriallara baxılması üçün
Rusiyanın onlayn serveri bu il Azərbaycana da gəlib. İndi filmlərə leqal şəkildə və yaxşı keyfiyyətlə
baxmaq olar. Azərbaycan hökuməti ilə piratçılığa qarşı
qanunu təkmilləşdirməyin
və əlbəttə
ki, bütün dünyanın izlədiyi teleşou qəhrəmanlarının
Azərbaycan dilində
danışmasının mümkünlüyü
yollarını müzakirə
etmək planı da var.
AMEDİA TV şirkətinin
baş direktoru Denis Qorşkov deyib:
-Burada türk seriallarına fəal baxırlar və sevirlər. Dillər çox yaxındır.
Sözsüz ki, bizim layihələrə də
tələbat var. “Taxt-tac
oyunları” hər yerdə birincidir və Azərbaycan da istisna deyil.
Dünən yenə də biz ilk dəfə olaraq “Taxt-tac oyunları”nın Azərbaycan dilində necə səsləndiyini eşitdik.
Reportajda bildirilir ki, “Bakutel” 23-cü dəfədir
keçirilir. Burada həmişə olduğu
kimi, 20-dən çox
ölkə var: qonşu Türkiyə və Gürcüstandan,
Belarus, Finlandiya, Fransa,
Kanada və Amerikaya qədər. Burada işgüzar görüşlər
keçirilir, müqavilələr
bağlanır və texnologiyaların həyatı
necə asanlaşdırdığı
göstərilir. Sənədlər indi onlayn doldurulur,
asan olmayan əməliyyatlarda isə
demək olar ki, fantastik qadjetlər
kömək edir.
Azərbaycan.- 2017.- 6 dekabr.- S.2.