Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Quba rayonunda sosialyönümlü bir sıra mühüm layihələr həyata keçirilmiş, o cümlədən “ASAN Həyat” Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Quba Soyqırımı Memorial Kompleksi, Bayraq Muzeyi, “Yaşıl teatr”, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, xalçaçılıq müəssisəsi yaradılmış, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmişdir. Bununla yanaşı, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, “ŞahdağElektrik Stansiyası istismara verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qubada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 32 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-8 dekabr.- S.4.