UNESCO Şəkini seçdi
Qədim sənətkarlıq mərkəzi beynəlxalq
“Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına salınıb
Daha bir il tarixə
qovuşur. Ümumilikdə 2017-ci ili
ölkəmiz üçün uğurlu hesab edə bilərik.
Bu uğurlar isə sözsüz ki, bütün
istiqamətlərdə, o cümlədən mədəniyyət
sahəsində də müşahidə olunmaqdadır. Sevincli anlardan paytaxt Bakı ilə yanaşı,
bölgələrimizə də pay düşüb.
Qızılı payızın
yurdumuza qədəm qoyduğu, təbiətin min bir
çalara büründüyü bir zamanda şəkililər
xoş bir xəbər aldılar: Şəki şəhəri
UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına daxil edilib. Belə bir qərarın
verilməsi şəhər ictimaiyyəti tərəfindən
böyük minnətdarlıq hissi ilə
qarşılandı.
Şəki Şəhər
İcra Hakimiyyəti başçısının müavini Zərinə
Cavadova söhbət zamanı bildirdi ki, Şəki şəhərinin
UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına daxil edilməsi barədə qərarı hər
kəsi duyğulandırıb. Noyabrın 6-da Şəki
Şəhər İcra Hakimiyyətində keçirilən
geniş şura iclasında təşkilatın bu qərarı
ətraflı müzakirə olunub, görüləcək
işlərdən və qarşıda duran vəzifələrdən
bəhs edilib.
Şəki Şəhər
İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin
UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına daxil edilməsini şəhərin həyatında
çox mühüm hadisə kimi diqqətə
çatdırıb. Bildirib ki, UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı
ilə “Yaradıcı şəhərlər şəbəkəsi”
siyahısına 44 ölkədən 64 şəhər daxil
edilib. Şəbəkənin
yaradılmasında məqsəd xalq tətbiqi sənətinin
daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin
turizm potensialının genişləndirilməsi, beynəlxalq
səviyyədə tanıdılması və davamlı
sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu
baxımdan, UNESCO-nun bu qərarını xalq sənətkarlığının
inkişafında yeni mərhələnin
başlanğıcı saymaq olar.
Bildirilib ki, bu hadisə həm
də Şəkinin beynəlxalq səviyyədə
tanıdılması üçün atılan növbəti
uğurlu addımlardan biridir. Təşkilatın bu
qərarı son illər ölkəmizdə mədəni irsin
qorunması və dünyaya tanıdılması istiqamətində
aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Zərinə Cavadova deyir ki, Şəki
şəhəri məhz Mədəniyyət və Turizm,
Xarici İşlər nazirliklərinin və Azərbaycan
Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin
birgə fəaliyyəti nəticəsində “Yaradıcı
şəhərlər şəbəkəsi”nin
“sənət və sənətkarlıq” tematikası üzrə
siyahıya salınıb.
Şəki şəhərinin
belə bir mötəbər təşkilatın
siyahısına salınması heç də təsadüfi
deyil. Qədim dövlətçilik ənənələrinə,
zəngin tarixə, yüksək mədəniyyətə malik
olan Şəki şəhəri tarixən sənətin və
sənətkarlığın yüksək səviyyədə
inkişaf etdiyi ərazilərdən biridir. El sənətkarlarının
misilsiz sənət ənənələrini davam etdirən
şəkili sənətkarların fədakar əməyi sayəsində
bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik,
misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə,
ağac üzərində oyma, ipəkçilik və digər
istehsal sahələri Şəki sənət məbədinin
başlıca sütunlarını təşkil edib. Şəki sənətkarlarının yüzillər
boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə
keçməklə zəmanəmizədək gəlib
çatıb. Təsadüfi deyil ki, Mədəniyyət
və Turizm Nazirliyinin “Xalq yaradıcılığı
paytaxtları” proqramına əsasən, Şəki şəhəri
2010-cu ildə “Azərbaycanın sənətkarlıq
paytaxtı” elan olunmuşdu.
2007-ci ildə Şəkidə
ilk dəfə olaraq “Sənətkarlar günü” bayramı
keçirilib.
Tarixən mövcud olan sənət sahələrinin
qorunub saxlanılması, yaddan çıxmaqda olan bir çox
sənət növlərinin bərpa edilməsi, həmçinin
turizmin inkişafı baxımından belə tədbirlərin
böyük əhəmiyyəti var.
Sevindirici haldır ki, ölkəmizdə
mədəni irsin qorunub saxlanılmasına,
xalqımızın zəngin mədəniyyətinin təbliğinə
dövlət səviyyəsində yetərincə diqqət
yetirilir. Prezident İlham Əliyevin müvafiq fərman və
sərəncamları da mədəni irsin qorunub
saxlanılması baxımından böyük əhəmiyyətə
malikdir. Məhz Prezident İlham Əliyevin, Birinci
vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın diqqət və
qayğısının nəticəsidir ki,
muğamımız, aşıq sənətimiz və Novruz
bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilib. 2014-cü il noyabrın 26-da Azərbaycan
kəlağayı sənəti “Kəlağayı simvolizmi və
ənənəvi sənəti” adı ilə UNESCO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə Reprezentativ
Siyahısına daxil olunub.
Qədim mədəniyyət
mərkəzlərindən biri, zəngin xalq tətbiqi sənəti
ənənələrinə malik olan Şəki şəhəri
nisbətən mərkəzdən ucqar bir guşədə
yerləşməsinə baxmayaraq, onun iqtisadi əlaqələr
baxımından əlverişli coğrafi mövqeyi sənətkarların
sayına görə bu diyarı Azərbaycan şəhərlərinin
ön cərgəsinə çıxarıb.
Şəki
xanlığı öz sənətkarları, müxtəlif
sənətkarlıq növləri ilə məşhur olub. Xanlıqda sənətkarlıq
əsasən şəhərdə, xanlığın mərkəz
şəhəri olan Şəki şəhərində cəmləşmişdi.
Şəkidə ipək istehsalı və ipək
emalı ilə məşğul olan sənətkarlıq
geniş inkişaf tapmışdı. Başqa
şəhərlərdə olduğu kimi, Şəkidə də
hər sənət sahəsi bir məhəllədə yerləşir
və məhəllə həmin sənət sahəsinin
adını daşıyırdı. Azərbaycan
sənətkarlarının sənətkar birləşmələri,
daha doğrusu, sex təşkilatları var idi və bu birləşmələr
həmkar, yaxud əsnaf adlanırdı. Əsnafın
üzvləri üç kateqoriyaya bölünürdü:
ustalar, kargərlər-yarımustalar və şagirdlər. Demək olar ki, bütün əsnafların öz
bayraqları var idi. Hər bayrağın
üzərində həmin əsnafın gerbi vurulurdu. Gerbdə adətən həmin sənətə aid
olan alətlər təmsil olunurdu.
1861-ci ildə Şəkidə
1735 nəfər sənətkar yaşayırdı. Şəki
şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin,
demək olar ki, hamısı bugünədək
yaşadılmaqdadır. İllər
ötdükcə sənətkarlar öz sənət sirlərini,
qazandıqları təcrübəni nəsildən-nəslə
ötürərək bugünümüzə qədər
yaşatmışlar. Şəki sənətkarlarının
istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını
ödəməklə yanaşı, xarici ölkə
bazarlarına da yol tapıb.
Şəkinin tərəqqisi
həm də sənətkarlığın inkişafı ilə
şərtlənirdi. Sənət, sənətkarlıq
inkişaf etdikcə əhalinin gün-güzəranı
yaxşılaşır, yeni-yeni karvansaralar tikilir, xalqlar və
ölkələr arasında ticarət əlaqələri
genişlənirdi. Bu isə əhalinin say artımına
da müsbət təsir edirdi. Şəhər
inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət
sahələri də yaranıb və onların bir çoxu
indi də uğurla inkişaf etdirilir.
Şəki sənətkarlarının
sayı haqqında ilk informasiyaya XIX əsrin
başlanğıcında çar məmurlarının tərtib
etdikləri statistik məlumatlarda rast gəlinir. 1848-ci ilə
aid sənədlərdən məlumdur ki, o zaman əhalinin təkcə
geyim və bəzək ehtiyaclarını ödəmək
üçün şəhərdə 235 papaqçı, 173
dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi,
41 gümüşbənd çalışıb. Onlar təkcə Şəki əhalisinin deyil, habelə
qonşu əyalətlərdən gəlmiş müştərilərin
də tələbatını ödəyirdilər. Şəkinin xalq sənətkarları öz
ata-babalarından miras qalmış qədim sənət
növlərini bu gün də yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin
18 növü üzrə 200 nəfərdən çox sənətkar
məşğul olur. Onların bir
çoxu artıq beynəlxalq səviyyədə tanınan və
qiymətləndirilən sənətkarlardır. Müxtəlif sənət növləri üzrə
keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi,
yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının
əsərləri yüksək dərəcəli diplomlara,
qızıl medala layiq görülmüşdür. Azərbaycanın
əməkdar mədəniyyət işçiləri - təkəlduz
ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə
ustası Əşrəf Rəsulov, məşhur dulusçu
Şöyüb Məmmədov və başqaları təkcə
respublikamızda deyil, xarici ölkələrdə də
tanınırlar.
Şəkinin gümüşbəndlik
sahəsində şöhrət qazanmış sənətkarlarından
Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim
Hacı Mahmud oğlunun düzəltdiyi zinət əşyaları
çox-çox uzaqlara yayılarmış. Qadınlar
üçün saysız-hesabsız zinət əşyaları,
o cümlədən qızıl bilərzik, belbağı,
üzük, tana, yaxa düymələri, həmayil, silsilə
və qeyri-imarət növləri şəhərin zərgər
dükanlarının başlıca məhsulları imiş.
Maraqlıdır ki, 1886-cı ildə Şəkidə
31 zərgərxana fəaliyyət göstərib. Təsadüfi deyil ki, şəkili zərgər
Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı
1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin
yüksək mükafatına layiq görülüb.
1998-ci ildə Böyük
İpək yolunun bərpası Azərbaycanın siyasi,
iqtisadi və sosial inkişafına əsaslı şəkildə
təsir etdi.
Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yenidən
fəaliyyətə başlayan “Şəki İpək” ASC-nin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində həyata keçirilən tədbirlər
deməyə əsas verir ki, Şəki ipəyinin əvvəlki
şöhrətini qaytarması üçün hər
cür şərait yaradılıb. Bir faktı
qətiyyətlə demək olar ki, Şəki ipəyi, o
cümlədən burada istehsal olunan xalçalar, kəlağayılar,
şərflər, xammal məmulatları yenə keyfiyyəti,
rahatlığı, insana faydalılığı ilə
seçilir. Gənc xalça ustalarının
toxuduğu “Qımı”, “Gülüstan”, “Şirvan”
xalçaları milli koloritinə, rənglərin diriliyinə,
estetik görünüşünə görə ilk
baxışdan diqqəti çəkir.
İpəkçiliklə
bağlı olan qədim sənət sahələrindən
biri də təkəlduzluqdur. Əsrlər boyu ev
peşəsi sayılıb və əsasən də qadın
təxəyyülünün məhsulu olub. Tədqiqatçı
A.Mustafayevin yazdığına görə, XIX əsrin əvvəllərində
Şəkidə yəhər üzü bəzəyən 22,
başmaq üzü bəzəyən 16, püştü
üzü bəzəyən 50 təkəlduz dükanı
olub.
Deyilənə görə, XIX əsrin
ortalarında Azərbaycana səyahət etmiş Aleksandr
Düma Şəkinin təkəlduz ustalarının bədii
tikmə sahəsindəki məharətinə
heyranlığını gizlədə bilməmişdir: “Mən
24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər
aldım. Belə yəhəri Fransada 200 franka da
ala bilməzdim. Düzünü desəm,
onu bizdə heç bir qiymətə tapmaq mümkün deyil”.
Qeyd edilənlərdən belə
bir nəticəyə gəlmək olar ki, beynəlxalq qurumun
verdiyi bu status Şəki üçün yeni mərhələnin
başlanğıcı olacaq. Həm sənət və
sənət növləri daha geniş miqyasda inkişaf etdiriləcək,
həm də turistlərin buralara olan marağı daha da
artacaq.
Əli SƏLİMOV
Azərbaycan.-
2017.-8 dekabr.- S.1; 7.