Oqtay Əsədov: TürkPA ölkələrimizi bir-birinə yaxınlaşdıran səmərəli platformadır

 

Dekabrın 8-də Bişkekdəki “Ala-Arça” hökumət iqamətgahında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 7-ci plenar sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada TürkPA-nın üzvü olan ölkələrin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, müşahidəçi qismində Özbəkistanın və qonaq kimi Macarıstanın parlament nümayəndə heyətləri, həmçinin Türk Şurasının baş katibi Ramil Həsənov, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Sevinc Hüseynova, İlham Əliyev, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Sessiyanı Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Dastanbek Cumabayev açaraq TürkPA-nın üzvü olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Milli Məclisin sədri Oqtay Əsədov çıxışında bildirib ki, 9 il öncə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli platforması olduğunu nümayiş etdirib. TürkPA xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin həm ikitərəfli formatda, həm də çoxtərəfli müstəvidə dərinləşməsinə, qardaş ölkələrimizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib və verməkdə davam edir.

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əməkdaşlığın bütün formalarından istifadəyə böyük əhəmiyyət verdiyini vurğulayan Oqtay Əsədov deyib: Hesab edirəm ki, ölkələrimizin ali qanunvericilik orqanları Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində birliyini genişləndirməklə yanaşı, ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi diqqət yetirməlidir. İkitərəfli əlaqələrimizin güclənməsi isə Parlament Assambleyamızın möhkəmlənməsində və fəaliyyətində mühüm rol oynaya bilər. Demək istəyirəm ki, bu iki proses yanaşı getməli və bir-birini üzvi şəkildə tamamlamalıdır”.

Oqtay Əsədov vurğulayıb ki, ölkələrimizin yerləşdiyi bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimal ilə Cənubu bir-birinə sıx bağlayır. Xəzər dənizinin neftini və qazını dünya bazarlarına çıxaran Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Orta Asiyadakı türkdilli dövlətlərin karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vaxtilə Çinlə Avropanı bir-birinə bağlayan tarixi İpək Yolunu “Dəmir İpək Yoluna çevirir. “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələri üzərində davam edir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarının bugünkü və gələcək rifahını təmin etmək potensialına malikdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri bildirib ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktivpozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Əminəm ki, beynəlxalq birlik işğalçı dövlətə, nəhayət, öz yerini göstərməli və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır. Yeri gəlmişkən, bu məsələdə tutduqları mövqeyə, Azərbaycanın haqq işini dəstəklədiklərinə görə dostqardaş türkdilli ölkələrin rəhbərlərinə bir daha minnətdarlığımızı bildirirəm.

Sonra nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Plenar sessiyada dinləmələr keçirilib, bir sıra təşkilati məsələlərə baxılıb, qurumun komissiyalarının hesabat məruzələri dinlənilib.

Sessiyada TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

TürkPA-nın növbəti iclası gələn ilin noyabrında Türkiyədə keçiriləcək.

 

Azərbaycan.- 2017.-9 dekabr.- S.3.