Dastanbek Cumabəyov: “Azərbaycan dinamik inkişaf edən
ölkədir”
Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Dastanbek Cumabəyov dekabrın 8-də TürkPA-nın Bişkekdə keçirilən iclası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu vurğulayan Joqorku Keneşin sədri türkdilli xalqlarımızı həm də tariximizin və mədəniyyətimizin eyniliyinin birləşdirdiyini deyib. O qeyd edib ki, dövlətlərarası əməkdaşlığın dərinləşdirilməsində parlamentlərarası əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Dastanbek Cumabəyov bildirib ki, konstruktiv dialoq və təcrübə mübadiləsi aparmaq, ölkələrimiz arasında qarşılıqlı dəstəyi gücləndirmək hər iki xalqın bir-birini yaxşı tanımasına kömək edəcək.
Milli Məclisin sədri Oqtay Əsədov Dastanbek Cumabəyova səmimi qəbula görə minnətdarlığını bildirib, parlamentin sədri seçilməsi və TürkPA-ya sədrliyi münasibətilə onu təbrik edib. O bildirib ki, Azərbaycan Qırğızıstanla ikitərəfli əlaqələrin daha da inkişafında və qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə dərinləşdirilməsində maraqlıdır.
Oqtay Əsədov Dastanbek Cumabəyovu onun üçün münasib olan vaxtda Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla
qəbul olunub.
Azərbaycan.-
2017.-9 dekabr.- S.3.