“Şahdəniz-2”:
ilk qaza doğru son addımlar
Müəllifi ulu öndər Heydər
Əliyev olan yeni neft strategiyası uğurla davam edərək
Azərbaycanı bir-birinin ardınca daha önəmli meqalayihələrə
qovuşdurur. Prezident İlham Əliyevin həyata
keçirdiyi düzgün və məqsədyönlü
iqtisadi siyasət sayəsində qədim neft diyarı olan
ölkəmiz son illərdə dünyada qaz
ixracatçısı kimi də şöhrət qazanıb.
Azərbaycan öz tərəfdaşları ilə birlikdə
Xəzərdə “Şahdəniz” kimi nəhəng bir
yatağı işləməklə bərabər, buradan hasil
olunan qazı Avropaya çatdıracaq 3500 kilometrlik dəhlizin
çəkilişinə də liderlik edir.
“Şahdəniz”in işlənməsinin
birinci mərhələsi çərçivəsində
2006-cı ildən qaz və kondensat hasil olunur. “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olacaq ikinci mərhələ
çərçivəsində ilk qazın 2018-ci ildə
alınacağı gözlənilir. Layihənin Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan və
İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard
kubmetr qaz təmin etməsi nəzərdə tutulur. Türkiyəyə ildə 6 milyard, Avropaya 10 milyard
kubmetr mavi yanacaq çatdırılacaq.
Hasilata vaxtında başlamaq
üçün 2017-ci il ərzində
layihənin tikinti işləri uğurla davam edib. Hazırda mühəndis, təchizat, tikinti işləri
və istismar sınaqları da daxil olmaqla bütün işlərin
ümumilikdə 97 faizdən çoxu tamamlanıb.
İlboyu ölkədəki
bütün tikinti-quraşdırma və istehsalat sahələrində
- həm dənizdə, həm də quruda, o cümlədən
Səngəçal terminalında, Bakı
yaxınlığındakı ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində,
Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodunda (BDÖZ) və Cənubi Qafqaz Boru Kəmərinin
(CQBK) genişləndirilməsi çərçivəsində
irimiqyaslı işlər aparılıb.
Xəzərdə
iki yeni platforma quraşdırılıb
2017-ci ilin mart ayında layihənin
tarixində önəmli hadisə baş verdi.
“Şahdəniz-2” üçün tikilən iki
platformadan birinin - Yaşayış Blokları və Texnoloji Təchizat
Platformasının dayaq bloku BDÖZ-dən dənizdə
quraşdırılmaq üçün yola salındı.
Qurğu qısa müddətdə Xəzərdə,
“Şahdəniz-2” müqavilə sahəsində uğurla
quraşdırıldı.
İyunun əvvəlində
həmin platformanın üst modulları da dənizə
göndərildi. Prezident İlham Əliyevin qurğunun yola
salınması mərasimində iştirak etməsi bu hadisənin
əhəmiyyətini bir daha təsdiqlədi.
Yaşayış Blokları
və Texnoloji Təchizat Platformasının üst tikililərinin
dənizə vaxtından əvvəl yola salınması
işlərin qrafikə uyğun getdiyini göstərdi.
Üst modulların tikinti
işləri tamamlandıqdan sonra onlar “STB-1” barjına yüklənərək
mayın 8-də ATA-nın yanalma körpüsündəki
yükləmə çərçivəsinə
qaldırılmışdı. Qurğunun vahid bir
konstruksiya kimi daşınması, sürüşdürmə
üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi,
montajı və quraşdırılması işləri dəqiq
planlaşdırılmışdı və bu işlər bir
neçə gün ərzində başa
çatdırıldı.
Üst tikililərin Xəzərə
yola salınmasının 24-cü dəfədir Azərbaycanda
keçirilən ənənəvi beynəlxalq neft-qaz sərgisinin
fəaliyyət göstərdiyi vaxta təsadüf etməsi xoş
bir hadisə idi. Prezident İlham Əliyev “Şahdəniz”in işlənməsi
üçün müqavilənin imzalanmasının da vaxtilə
bu sərginin keçirildiyi zaman baş verdiyini xatırladaraq
demişdir: “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər
neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü
qeyd edirik. Bütün bu qurğular Azərbaycanda
inşa edilib. Mənə verilən məlumata
görə, bu qurğuların inşasında
çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan
vətəndaşı olub. Yəni bu illər
ərzində gözəl kadr potensialı yetişib və bu,
əlbəttə, ölkəmizin enerji potensialını,
iqtisadi potensialını gücləndirəcək”.
Üst modullar Bibiheybətdəki
“Azfen” tikinti-quraşdırma sahəsində ATA konsorsiumu tərəfindən
inşa edilib.
Konstruksiyanın çəkisi 12400 tona
yaxındır, uzunluğu 100, eni 60 metrə çatır.
Qurğunun yaşayış bloku 100 nəfər
üçün nəzərdə tutulub. Burada
işçilər üçün yaşayış
otaqları, ofis və idman zalları yaradılıb. Modulların 4 əsas elektrik generatorunun gücü
60 MVt-dır.
Məlumdur ki, bütün
böyük layihələr kimi, “Şahdəniz-2”ni də müxtəlif ölkələri təmsil
edən tərəfdaş şirkətlər həyata
keçirir. Sözügedən mərasimdə Prezident
İlham Əliyev bu tərəfdaşlığı yüksək
dəyərləndirmişdir: “Mən həmçinin Azərbaycana
yatırılan investisiyalara və uğurlu fəaliyyətə
görə bütün tərəfdaşlarımıza,
“Şahdəniz” tərəfdaşlarına və bu nadir
qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü
bildirmək istərdim. Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq komanda ölkəmizin
inkişafına kömək edir. Düşünürəm
ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi
investorlar arasında nadir əməkdaşlıq mühiti
yaradır”.
Dövlət başçısı
eləcə də “Şahdəniz-2” layihəsinin əməliyyatçısı
olan BP şirkəti ilə tərəfdaşlığı
strateji tərəfdaşlığa çevirən bir
sıra digər müqavilələrin də
imzalandığını, bu tərəfdaşlığın
hələ neçə-neçə illər bundan sonra da
davam edəcəyinə inamını bildirmişdir.
Sentyabr ayının 15-də
“Şahdəniz-2” üçün tikilən platformalardan
ikincisinin - Hasilat və Dikborular Platformasının da üst
modulları yola salındı və dənizdə
quraşdırıldı. Bu zaman iyun ayından dənizdə
olan Yaşayış Blokları və Texnoloji Təchizat
Platformasının üst modulları artıq təhlükəsiz
şəkildə dayaq blokunun üzərinə
quraşdırılmışdı.
Tikintisi qrafiki qabaqlayaraq
başa çatdırılmış Hasilat və Dikborular
Platformasının üst modullarının inşası da
ATA-da aparılmışdı. Bu qurğunun vahid bir
konstruksiya kimi daşınması, sürüşdürmə
üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi,
montajı və quraşdırılması işləri diqqətlə
planlaşdırılaraq cəmi 6 gün ərzində
tamamlandı. Üst tikililər artıq
suyun 94 metr dərinliyində quraşdırılmış
dayaq blokunun üzərindədir.
“Xankəndi” gəmisi
istismara verilib
Sentyabrın 6-da təqdimat mərasimi
keçirilmiş “Xankəndi” sualtı tikinti gəmisi 11 il “Şahdəniz” yatağında işləyəcək.
Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2”
layihəsinin yerinə yetirilməsinə səfərbər
olunaraq sualtı quraşdırma işlərində istifadə
ediləcək.
“Xankəndi” Xəzər dənizindəki
neft və qaz donanmasının yeni texnologiyaya malik ən
müasir gəmisidir. Suyun dərinliyi 550 metrədək olan hissələrdə
dünya standartlarına uyğun sualtı qurğular inşa
etmək üçün layihələndirilib.
“Xankəndi”nin layihələndirilməsi
və tikintisi barədə müqavilə Bakı Gəmiqayırma
Zavodu və “Şahdəniz” layihəsinin əməliyyatçısı
olan BP şirkəti arasında 2014-cü il
aprelin 17-də bağlanmışdı. Bundan
sonra gəminin iki iri gövdə bölməsi müvafiq
müqavilə əsasında Sinqapurda inşa edilərək
Bakıya gətirilmişdi. Onlar zavodun
tikinti-quraşdırma sahəsinə çıxarılaraq
inşası başa çatmış burun,
yaşayış və idarəetmə blokları ilə birləşdirilmişdi.
İnteqrasiya işləri yerinə yetirildikdən
sonra isə gəmi suya salınmışdı.
Xatırladaq ki, “Xankəndi”
xüsusi olaraq “Şahdəniz-2” layihəsinin sualtı
qurğularını quraşdırmaq üçün
inşa edilmişdir. İstismara verilməzdən əvvəl
zavodun yanalma körpüsündə gəminin bütün
göyərtə avadanlıqları - əsas
qaldırıcı, eləcə də köməkçi
kranları, vertolyot meydançası quraşdırılaraq
bütün sistem və qurğuları tam inteqrasiya
edilmiş, yoxlanılaraq işə salınmışdır.
İki ay ərzində açıq dənizdə
istismar sınaqları keçirilmişdir.
“Xankəndi” DNV GL Norveç
və Almaniya təsnifat cəmiyyətinin nəzarəti
altında tikilmişdir. Bu nadir gəminin maksimal sürəti 13,5
knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas
göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi
3,5 metr hündürlüyündə
böyük dalğalarda fəaliyyət göstərməsi
üçün dinamik mövqeləndirmə sisteminə
malikdir. O, həmçinin 600 metrədək sualtı əməliyyatlar
aparmaq üçün əsas kranla, 18 nəfərlik iki
dalğıc kapsulu sistemi, məsafədən idarə olunan
iki cihaz, möhkəmləndirilmiş avadanlıq endirmə
şaxtası və digər zəruri texnika ilə təchiz
edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17 min
700 ton, suya oturumu 6,5 metr,
yükgötürmə qabiliyyəti 5 min metrik tondan
artıqdır.
Dünyada bu tipdə cəmi
10 gəmi var ki, onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara görə
də “Xankəndi”nin təqdimat mərasimində
iştirak edən Prezident İlham Əliyev bu gəminin istifadəyə
verilməsini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı qeyd etmişdir
ki, belə bir gəminin tikintisi ölkəmizin
gücünü göstərir. Göstərir
ki, bu gün Azərbaycanda istənilən böyük tikinti
işləri aparıla bilər.
“Xankəndi”nin
inşasının və istifadəyə verilməsinin
müvəffəqiyyətlə başa çatması, eyni
zamanda Azərbaycanda gəmiqayırma zavodunun tikintisi
haqqında verilmiş qərarın
düzgünlüyünü də təsdiqləmişdir. Müəssisənin tikintisinin əsas məqsədi
Azərbaycanda məhz istənilən növ gəmilərin
inşa edilməsi olmuşdur.
Bakı Gəmiqayırma
Zavodunun fəaliyyətdə olduğu qısa müddətdə
burada irihəcmli layihələr həyata keçirilib. Müəssisədə “28
May” üzən doku, “SOCAR 1” yedək gəmisi, Heydər
Əliyev adına yarımdalma qazma
qurğusunun pantonları və yuxarı blokları, “Zəfər”,
“Üfüq” və “Turan” sərnişin gəmiləri ilə
bağlı işlər görülüb. Bundan
başqa, zavodda 2015-ci ildə “Şahdəniz-2” layihəsi
çərçivəsində bir neçə gəmi təmir
edilib və modernləşdirilib. Bunlardan “İsrafil
Hüseynov” borudüzən barjını, “Tofiq
İsmayılov” dalğıc, “Azərbaycan” kran, “Gilavar” tədqiqat,
“Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini,
“Dədə Qorqud” yarımdalma qazma qurğusunu qeyd etmək
olar. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
ilə imzalanan müqaviləyə əsasən, hazırda
tikilməkdə olan iki “RoPax” tipli nadir gəminin və iki neft
tankerinin 2019-cu ildə təhvil verilməsi
planlaşdırılır.
“Xankəndi” gəmisinin
istifadəyə verilməsi təkcə Azərbaycanın
deyil, bütövlükdə Xəzərin gəmiçilik
tarixində yeni eranın başlanğıcı
sayılır.
Gəminin inşası Azərbaycanın iqtisadi
və sənaye potensialının gücləndirilməsi
istiqamətində növbəti addımdır.
“Xankəndi” gəmisinin
tikintisi Azərbaycan dövlətinin iqtisadi gücünü
göstərən çoxsaylı amillərdən biridir. Gəminin
inşası təqribən 400 milyon dollara başa gəlmişdir.
“Xankəndi”nin
tikintisi və istismarı insanların məşğulluq
probleminin həllinə də dəstək vermişdir. Belə ki, tikintidə ümumilikdə iki mindən
çox işçi çalışıb. Onların da 75 faizi Azərbaycan vətəndaşıdır.
Gəmidə çalışacaq heyət
üzvlərinin əksəriyyəti də yerli mütəxəssislərdir.
Tikinti zamanı keçirilən treninqlər və
aparılan hazırlıq işləri bu gün gəminin həm
kapitanının, həm də heyət üzvlərinin əksəriyyətinin
yerli kadrlar olmasına imkan vermişdir.
“Xankəndi” gəmisi “Şahdəniz”
yatağının işlənilməsində böyük rol
oynayacaq, nəticə etibarilə “Cənub qaz dəhlizi”nin reallaşmasına dəstək göstərəcək.
Cənubi Qafqaz
Boru Kəməri genişləndirilib
Cənubi Qafqaz Boru Kəməri
(CQBK) 11 ildən çoxdur fəaliyyət göstərir. Kəmər
2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri
“Şahdəniz” yatağının işlənməsinin
birinci mərhələsi çərçivəsində
çıxarılan qazı Azərbaycana və
Gürcüstana çatdırır. Türkiyəyə
isə qaz 2007-ci ilin iyul ayından nəql olunmağa
başlayıb. “Şahdəniz-2”nin
qazını Avropaya ixrac edən kəmərlər
halqasının başlanğıc hissəsi də məhz
CQBK olacaq. Bu məqsədlə kəmərin
genişləndirilməsi həyata keçirilir.
CQBK-nın iki operatoru var: BP şirkəti
kəmərin obyektlərinin tikintisi və istismarı üzrə
məsul texniki əməliyyatçı, SOCAR kommersiya əməliyyatları
üzrə məsul operatordur. Cənubi Qafqaz Boru Kəməri
şirkətinin sərmayədarları isə bunlardır: BP
(operator - 28,8 faiz), TPAO (19 faiz), “Petronas”
(15,5 faiz), AzŞD (10 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz) və
“Cənub Qaz Dəhlizi Apstrim” (6,7 faiz).
CQBK-nın yolu Bakının
yaxınlığında yerləşən Səngəçal
terminalından başlanır. Kəmər Azərbaycanın
və Gürcüstanın ərazisində torpağın
altı ilə uzanır və Türkiyə sərhədinə
çatır.
CQBK Azərbaycanın 13 bölgəsindən
- Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir,
Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və
Ağstafadan keçir. Gürcüstanın da ərazisindən
keçəndən sonra kəmərə həmin ölkənin
Türkiyə ilə sərhədində əlavə xətt
birləşdirilir və o xətt Azərbaycan qazını
Ərzurumadək aparır. Səngəçaldan başlayaraq
Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və
Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti
bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri
adlanır. Əslində, reallaşmaqda olan “Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu
başlanğıcı məhz bu kəmərdir.
CQBK-nın genişləndirilməsi
layihəsi uğurla həyata keçirilir. Genişləndirmənin
məqsədi kəmərin ildə 7 milyard kubmetrlik
ötürücülük gücünü daha 16 milyard
kubmetr artırmaqdır. 16 milyard kubmetr qaz
“Şahdəniz” yatağının işlənməsinin
ikinci mərhələsindən hasil edilərək “Cənub
qaz dəhlizi” ilə nəql olunacaq.
Kəmərin genişləndirilməsi
layihəsini 2013-cü il dekabrın 11-də
CQBK şirkətinin Direktorlar Şurası təsdiq etmiş və
bundan sonra tikinti mərhələsinə
başlanmışdır. Həmin vaxtdan bəri
layihə ilə bağlı bütün işlər qrafikə
uyğun davam edib və hazırda başa çatmaq üzrədir.
Genişləndirilmə işləri nədən ibarətdir? Əslində, bu, irimiqyaslı bir layihədir. Belə ki, mövcud CQBK ilə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmərin tikintisi nəzərdə tutulmuşdu. Bu xəttin 424 kilometri Azərbaycanın, 63 kilometri Gürcüstanın ərazisinə düşür. Layihəyə eləcə də CQBK-nın Türkiyənin şərq sərhədində TANAP-a birləşdirilməsi üçün iki kilometr uzunluğunda kiçik bir hissənin də tikilməsi daxil idi. 48 düymlük yeni kəmərin başlanğıcı Hacıqabul rayonu ərazisindəki Muğan məntəqəsidir.
CQBK-nın genişləndirilməsi layihəsi çərçivəsində bir sıra yeni qurğular da inşa edilib. Bunlar biri Azərbaycanda, digəri Gürcüstanda yerləşən iki aralıq ərsinləmə stansiyası, biri Gürcüstanda, 5-i Azərbaycanda olmaqla 6 siyirtmə stansiyası, beynəlxalq sərhədlərdə təzyiqalma və nəzarət-ölçmə stansiyalarıdır. Bundan əlavə, kəmərin Gürcüstan hissəsində hər birinin gücü 120 MVt olan iki kompressor stansiyası tikilib.
Azərbaycan ərazisində boru kəməri marşrutu boyunca tikinti işləri sona çatır. BP Azərbaycan şirkətinin ilin 9 ayının yekunlarına aid məlumatında bildirilir ki, oktyabrın 1-dək CQBK-nın genişləndirilməsi üzrə tikinti və istismar sınaqları da daxil olmaqla işlərin 98 faizi tamamlanmışdı. Bundan sonra işlər daha da irəliləyib. Borular artıq qaynaq edilib, xəndəyə endirilib və onların üstü torpaqla örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı sona çatıb. Bundan əlavə, 6 hidrosınaq bölməsində işlər yekunlaşıb.
Gürcüstan ərazisində isə kəmər xəttinin inşası tamamlanıb.
Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin ön hissəsi üçün CQBK-nın genişləndirilməsinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Axı ilk qazı birinci qəbul edən də bu kəmər olacaq.
Flora SADIQLI
Azərbaycan.- 2017.- 10 dekabr.- S.1; 6.