Elmə dəyərli töhfələr vermiş iqtisadçı alim

 

Elm xadimləri

 

Həyat ucu-bucağı görünməyən, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlanan və qürub edən bir zamandır. Bu zaman içərisində insanın ömrü, həyatı da vardır. İnsan həm də yaratdıqları ilə əbədi yaşayır. Bu isə onu zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə ziya sahiblərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev olub. Vətəninə və xalqına ləyaqətlə və şərəflə xidmət etmiş görkəmli iqtisadçı alim A.Əliyev 1926-cı il dekabrın 10-da qədim Naxçıvan diyarında anadan olmuşdur. Yaşasaydı, indi onun 91 yaşı tamam olacaqdı. Yeniyetməlik və ilk gənclik illəri İkinci Dünya müharibəsinin qanlı-qadalı dövrünə düşmüşdü.

Çətinliklər üzündən erkən yaşlarında əmək fəaliyyətinə başlamışdır. Amma ən böyük arzusu ali təhsil almaq, elmin sirlərinə yiyələnmək olmuşdu. Müharibə qurtardıqdan sonra o, arzusuna çatmışdı. 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA-nın Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdı. Görkəmli alim 1953-cü ildən etibarən taleyini Azərbaycan Tibb Universitetinə bağlamışdır. Siyasi iqtisad kafedrasında əmək fəaliyyətinə başlamış və ömrünün sonuna qədər, yəni 53 il həmin kafedrada əvvəlcə müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində işləmişdir.

Aqil Əliyev 1970-ci ildə “Şəhər və kənd əhalisinin həyat səviyyəsinin bir-birinə yaxınlaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1973-cü ildə dosent, 1979-cu ildə professor vəzifəsinə seçilmişdir. 1982-ci ildə “Şəxsi istehlakın iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bütün zəka sahibləri həmişə özlərinə böyük təbib və filosof Əbu Əli İbn Sinanın “Çox istərdim ki, biləm mən kiməm və bu dünyada nə axtarıram?” - sualını vermişlər. Bu sualın cavabı geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili aləmlərində, mənəviyyatlarında, yaradıcılıqlarında öz təcəssümünü tapmışdır. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin bu fikirlər içərisində özünəməxsus yeri var. Anadan olmasının 91 illiyi ərəfəsində aramızda olmadığı bir zamanda onun haqqında yazmaq, sözsüz ki, çox çətindir. Bu çətinlik onun cismani yoxluğu ilə əlaqədardır, lakin böyük alimin yaratdıqları, iqtisad elmi sahəsində zəngin fikirləri ilə bağlı mülahizə və ideyaları indi də dəyərli və əhəmiyyətlidir.

Aqil müəllim alicənab, təvazökar, müdrik insan idi. Özünü həyatda həddən artıq sadə aparırdı. Uşağı da, böyüyü də, tanıdığını da, tanımadığını da xoş üzlə qarşılayırdı. Onlara imkanı çatdığı qədər kömək göstərirdi.

Deyirlər ki, tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik: bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Professor Aqil Əliyevin elmi və pedaqoji fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edirdi.

O, 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuş, çoxsaylı elmlər namizədinin və elmlər doktorunun yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.

Professor Azərbaycanda iqtisadiyyat elminin bir çox aparıcı istiqamətlərinin inkişafında səriştəli fəaliyyəti ilə fərqlənmişdir. Onun iqtisadiyyatın müxtəlif sahələrinə dair yazdığı “Ərzaq proqramının aktual problemləri”, “Azərbaycanın sosial inkişafında islahatların rolu”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Tibbin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Bələdiyyələr. Metodik kömək”, “Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər, I-II hissə)” və digər əsərləri dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir. İqtisadçı alim Naxçıvan MR ilə bağlı əsərlərində bu diyarın sosial-iqtisadi inkişafı və mədəni quruculuq sahəsində əldə etdiyi nailiyyətlərdən, keçirilən iqtisadi islahatların əhəmiyyətindən, qarşıda duran vəzifələrdən ətraflı bəhs edir, xeyli tövsiyələr verirdi. Müəllif, eyni zamanda muxtar respublikanın görkəmli şəxsiyyətlərinin Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında göstərdikləri xidmətlərdən də ətraflı yazırdı.

Alim Azərbaycanda ilk dəfə “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri” və digər sanballı monoqrafiyaların da müəllifidir. 2002-ci ildə yazdığı “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti” monoqrafiyasında A.Əliyev bu mühüm mərhələdə dövlətin iqtisadi siyasəti, bazar təsərrüfatının iqtisadi strategiyası, bazar iqtisadiyyatında dövlətin rolu, respublikada aparılan iqtisadi islahatlar, sahibkarlığın formalaşması və inkişafı, pul-kredit, maliyyə, büdcə, gömrük, vergi və sosial siyasət ətraflı şərh edilir. Bundan əlavə, kitabda Azərbaycanın beynəlxalq iqtisadi investisiya prosesində iştirakı, neft strategiyası, xarici ticarətin və xarici investisiyaların cəlb edilməsi kimi aktual məsələlər fundamental şəkildə tədqiq edilir. İqtisadçı alimin “Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında” adlı kitabında respublikada gömrük siyasəti, gömrük nəzarətinin təşkili və beynəlxalq əməkdaşlıq kimi aktual mövzular öz əksini tapmışdır. Onun “Azərbaycanın bazar iqtisadiyyatına keçid şəraitində vergi sistemi” kitabı isə vergidə aparılan islahatlara həsr edilmişdir. Alimin 2005-ci ildə çap edilmiş “Sosial sferanın iqtisadi və metodoloji əsasları” monoqrafiyasında bazar iqtisadiyyatı münasibətlərinin formalaşdığı şəraitdə əhalinin sosial müdafiəsinin təşkilinin iqtisadi əsasları və müasir dövrdəki nəzəri məsələləri araşdırılır. “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri” monoqrafiyası isə çağdaş dünya iqtisadiyyatı və onun əsas sahələri, dünya təsərrüfatının yarımsistemləri, iqtisadi inkişaf modelləri və s. kimi məsələlər kompleks şəkildə tədqiq edilmişdir.

Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqliyi, natiqliyi, əməldə fəzilətliyi və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Onun şəxsiyyəti haqqında o qədər maraqlı faktlar var ki, bəzən bilmirsən hansını deyəsən, hansını yazasan. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliyi özündə təcəssüm etdirən nurlu bir sima idi. Xalqımızın ən gözəl xüsusiyyətləri olan insana yaxşılıq etmək, qayğı göstərmək əqidə manifesti, həyat devizi idi. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim sözün əsl mənasında bir çox insanlar üçün ümid yeri idi. N.Tusinin belə bir fikrini yada salmaq çox yerinə düşərdi: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Onun insanlara səmimi, xeyirxah və qayğıkeş münasibəti bizim üçün əbədi bir örnəkdir.

Aqil müəllim həddən artıq tələbkar idi, biganəliyi xoşlamırdı. Elinin, obasının qədrini bilir, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləki olan ziyalı idi. Onun əmək fəaliyyətində çox gərgin illər olmuşdur. Azərbaycan Tibb İnstitutunun Siyasi iqtisad kafedrasına rəhbərlik etdiyi dövrdə professor həm tədqiqatçı alim kimi elmi potensialını ortaya qoymuş, həm də ustad mühazirəçi kimi səhiyyə sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdi. Bu illərdə kafedrada ciddi elmi uğurlar əldə edilmiş, tədris-metodiki, elmi-tədqiqat və ictimai-siyasi sahələrdə qazandığı nailiyyətlərə görə dəfələrlə institutun “Ən yaxşı kafedrası” adına layiq görülmüşdür. ATU-nun kafedra müdiri olarkən professorun elmi-pedaqoji işin təşkilində yüksək məharəti üzə çıxır. Onun bilavasitə rəhbərliyi altında “Tələbələrin ictimai-siyasi təcrübəsinin təşkili və keçirilməsinə dair metodiki işləmə”, “Səhiyyənin iqtisadiyyatı və onun Azərbaycan Tibb İnstitutunda tədrisi” metodiki göstərişləri hazırlanmışdır.

Bu dövrdə professorun apardığı elmi tədqiqatlarda iki əsas istiqamət - kənd təsərrüfatının inkişaf təmayülləri və kənd əhalisinin iqtisadi-sosial problemləri, səhiyyənin iqtisadi əsasları özünü aydın şəkildə göstərir. Onun “Kənd təsərrüfatının maddi-texniki bazasının inkişafı və kənd əhalisinin həyat tərzinin yüksəldilməsi”, “Səhiyyənin iqtisadi problemləri” monoqrafiyaları həmin illərin məhsuludur. Hər iki fundamental əsər sanbalına görə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, iqtisad elmimizə layiqli töhfə kimi dəyərləndirilmişdir.

Aqil müəllim elmi fəaliyyətinə bir an belə fasilə verməmiş, iqtisadiyyatın müxtəlif problemlərini müntəzəm olaraq tədqiq etmişdir. Müdafiə etdiyi doktorluq dissertasiyası onun uzunmüddətli elmi axtarışlarının bəhrəsi idi. Əsərdə qoyulan məsələlərin aktuallığı və uğurlu elmi həlli dünyanın iqtisadçı alimlərinin də diqqətini cəlb etmişdir. Məqalələrinə, araşdırmalarına nüfuzlu elmi nəşrlərdə geniş yer verilmişdir. Professor elmi tədqiqatlar aparmaqla bərabər, dərs vəsaitlərinin və dərsliklərin hazırlanmasına da böyük zəhmət sərf etmişdir. Hazırda ali təhsil ocaqlarında tədris edilən və əvəzsiz dərs vəsaiti kimi qiymətləndirilən ikicildlik “İqtisadi nəzəriyyə” dərsliyinin müəlliflərindən biri məhz professor Aqil Əliyev olmuşdur.

Görkəmli alimin elmi-pedaqoji fəaliyyətində kadr hazırlığı xüsusi yer tutmuşdur. Aqil müəllimin yetirmələri bu gün onun yolunu davam etdirir, iqtisad elminin nəzəri və praktiki məsələlərini tədqiq edirlər. Ölkənin elə bir səhiyyə müəssisəsi yoxdur ki, orada Aqil müəllimin tələbələri çalışmasınlar.

Görkəmli elm xadimi Azərbaycanda ilk dəfə olaraq “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili”, “ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri” və sair sanballı monoqrafiyalar yazmışdır.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində A.Əliyevin 80 adda elmi əsəri çap olunmuşdur. “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur” monoqrafiyası müasir dövrdə əhəmiyyətli və aktualdır. Müəllif əsərdə Böyük İpək yolunun e.ə. II-I əsrlərdə inşa olunduğunu, Çinlə Mərkəzi və Ön Asiyanı birləşdirdiyini, 31 ölkənin ərazisindən keçdiyini və 40-a yaxın ölkənin iqtisadiyyatına xeyir gətirdiyini qeyd etmişdir. Tarixin müxtəlif dövrlərində su, dəniz yolları fəaliyyət göstərsə də, hazırda qısa bir zamanda ticarət əlaqələri üçün bu yolun əhəmiyyəti çox böyükdür.

A.Əliyevin tarix, mədəniyyət, etnoqrafiya elmləri haqqında dərin biliyi onu tanıyanları həmişə heyran edirdi.

Professor A.Əliyev zəhmətlə dolu ibrətamiz bir həyat yolu keçmiş, ömrünü bütövlükdə xalqımızın və vətənimizin tərəqqisinə həsr etmişdir. O, ATU-nun və respublikamızın ictimai həyatında yaxından iştirak etmişdir. Çox təəssüf ki, amansız ölüm onu sıralarımızdan tez apardı. Görkəmli iqtisadçı alim, peşəkar pedaqoq gözəl insani keyfiyyətləri, humanistliyi, ədalətliliyi, prinsipiallığı ilə yaddaşlarda işıqlı bir xatirə qoyub getmişdir.

İşlədiyi müddətdə onun elmi-pedaqoji fəaliyyəti, xalq və vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1982-ci ildə əməkdar elm xadimi fəxri adına, sonralar “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, çoxlu sayda medal, fəxri fərman və təşəkkürnamələrə layiq görülmüşdür.

1996-cı ildə A.Əliyev Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü - akademiki, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, 2006-cı ilin yanvar ayında Beynəlxalq İqtisadçılar İttifaqının üzvü seçilmişdir.

Bütün həyatı boyu saflıq və paklıq, əməksevərlik və insansevərlik, haqqa, ədalətə vurğunluq yükünü mərdanəliklə öz çiynində daşımış görkəmli elm xadimi Aqil Əliyevin əziz xatirəsi onu istəyənlərin qəlbində daim yaşayacaqdır.

 

Qoşqar ƏLİYEV,

ATU-nun İctimai fənlər kafedrasının müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.- 10 dekabr.- S.7.