Tikdim ki, izim qala...

 

Memarlıq dünyada mövcud olan çox az sayda sənət növlərindəndir ki, onunla məşğul olan peşəkarlar əbədiyyət niyyətinə çata bilir. Əlbəttə, burada söhbət heç də daşı-daş üstünə qoyan istənilən şəxsdən yox, ucaltdığı memarlıq abidələri ilə əsrlərdən-əsrlərə soraq gətirən əsl memarlardan gedir. Hər memarlıq incisi tarixin danışan dilidir. Memarlıq bir xalqın bəşər mədəniyyətinin inkişafına verdiyi zəngin töhfələrdir. Bu mənada, memarlar o xalqın tarixində müstəsna rol oynayır, böyük missiya yerinə yetirirlər. Haqqında söhbət açacağımız şəxs də bu böyük missiyanın daşıyıcılarındandır.

O, 1937-ci ilin 13 dekabrında dünyaya gəlib. Bu, elə tarixdir ki, rastına çıxan hər yerdə - milyonlarla insanın taleyində yaralar açmış repressiyaları, ziyalılarımızı, xalqın milli şüurunu sıradan çıxarmaq üçün mədəniyyətimizə, soy-kökümüzə edilən basqıları yada salırsan. Amma dövrün acı reallıqlarına rəğmən o illərdə də xalqın həyatında işıqlı nələrsə yenə baş verirdi. Bunlardan ən mühümü isə Azərbaycan ailələrində doğularaq zamanın keşməkeşləri, od-alovu içindən böyük şəxsiyyət zirvəsinə doğru yola çıxan körpələr idi. 1937-ci ildə dünyaya gələn belə vətən övladları sırasında Abbas Ələsgərov da vardı.

Uşaqlıq çağları çox çətin vaxtda keçdi. İkinci Dünya müharibəsi illərində öz nefti ilə bəşəriyyətin faşizm bəlasından qurtuluşunda müstəsna rol oynamış Bakının “müharibə uşaqları”ndan oldu. Boya-başa çatdığı keçmiş Sovet küçəsinin üstü qırlı damları, Bakının qədim memarlıq abidələri, öz pərakəndə məhəllələri, evləri, yolları ilə hündürlükdən Xəzərə tərəf tökülən maraqlı arxitektura quruluşu uşaqlıq illərinin unudulmaz xatirələri sırasında əbədi yer tutdu. Və Bakını xəyallarına uyğun şəkilləndirməkdən ötrü nə vaxtsa memar olmağa qərar verdi. Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna daxil oldu. 1963-cü ildə inşaatçı-mühəndis ixtisasına yiyələndi.

Bu, ovaxtkı təhsil sisteminin tələblərinə zidd sayılsa da, Abbas Ələsgərov hələ tələbə ikən “Xalqtəsərrüfatmaştəchizatsatış” idarəsində mühəndis işləməyə başlamış, Sənaye Tikinti Nazirliyinin “Sənayetikintimexanikləşdirmə” trestində texnik, mühəndis və usta vəzifələrində çalışmışdı. İşə dərindən bələd olduqca onu daha çox məsələlərin elmi-təşkilati tərəfləri cəlb edirdi. Əmin idi ki, hər bir obyektin taleyi onun təşkili layihələrində nəzərdə tutulan məsələlərdən bilavasitə asılıdır. Bu məsələlərin mahiyyətinə dərindən bələd olmaq istəyi onu Sənaye Tikinti Nazirliyinin “Tikintitextəşkil” trestinə gətirdi. 1962-ci ildən 1967-ci ilədək burada peşəkar mütəxəssislərin yanında əsl məktəb keçdi və baş mühəndis vəzifəsinə kimi irəli çəkildi. Karyerasının bundan sonrakı mərhələsi isə, daha çox layihəçiliyə həsr olundu. 1977-1982-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunda baş mühəndisin müavini oldu. 1982-ci ildə Bakı Baş Tikinti İdarəsinin layihə konstruktor-texnoloji bürosunun direktoru vəzifəsinə təyin edildi. Qısa müddətdən sonra isə təşkilatçılıq bacarığını və işə dərindən bələdliyini nəzərə alaraq Abbas Ələsgərova daha məsul bir vəzifə həvalə etdilər. 1983-cü ilin sonlarında o, “Bakıdövlətlayihə” İnstitutunun direktoru təyin olundu. 2007-ci ilin 4 aprel tarixinə qədər həmin vəzifədə çalışan Abbas Ələsgərov bu müddətdə Bakı şəhərinin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin həllində yüksək fəallıq göstərdi. Bir çox məsələlərin həlli üzrə layihələr isə bilavasitə onun rəhbərliyi altında həyata keçirildi.

Bütün bunlar Abbas Ələsgərovun sənədlərdə, yazılı mənbələrdə əksini tapmış ömürlüyüdür. Bir memarın ən parlaq tərcümeyi-halı isə onun rəhbərliyi ilə yerinə yetirilən tikinti layihələri, xalqa ərməğan edilən binalardır. Bu baxımdan, onun memarlıq əsərləri ilə torpağımızın köksündə “yazdığı” tərcümeyi-hal xeyli zəngindir. “Tikintitextəşkil” trestində işlədiyi illərdə Bakı, Gəncə, Naxçıvan və Sumqayıtdakı mikrorayonların, Məişət Kondisionerləri və Bakı Dərin Özüllər zavodlarının, Heydər Əliyev adına və “Gülüstan” saraylarının, Kür su kəmərlərinin tikintisinin təşkili və işlərin görülməsi layihələrinin hazırlanmasına Abbas Ələsgərov başçılıq edib.

“Bakıdövlətlayihə” İnstitutundan əvvəlki layihə təşkilatlarında işləyərkən o, Ələtdəki ağac emalı kombinatının, Bakıdakı 1, 2, 3 və 4 nömrəli, habelə Gəncədəki, Naxçıvandakı və Sumqayıtdakı evtikmə kombinatlarının, Bakıdakı 2 və 4 nömrəli, Sumqayıtdakı 1 nömrəli, həmçinin Naxçıvan və Gəncədəki dəmir-beton məmulatı zavodlarının və Poyludakı qum-çınqıl karxanasının layihələndirilməsi işlərinin də rəhbəri olub. Onun rəhbərliyi altında ilk dəfə olaraq Bakıdakı 9-cu mikrorayonda və Haqverdiyev küçəsində hündürmərtəbəli monolit yaşayış evləri layihələndirilərək ucaldılıb. Abbas Ələsgərov 2 və 4 nömrəli evtikmə kombinatları tərəfindən tətbiq olunaraq bir milyon kvadratmetrdən çox yaşayış sahəsi tikilən KOPE (planlaşdırma elementlərinin katoloji elementləri) seriyalı iripanelli evlərin müəllif kollektivinə rəhbərlik edib. Bu layihə uğurlu alındığına görə, eyni seriyadan keçmiş SSRİ-nin digər evtikmə kombinatlarında da istifadə olunub.

“Bakıdövlətlayihə” İnstitutunda işlədiyi illərdə o, Günəşli, Yeni Yasamal, Əhmədli yaşayış massivlərinin, Sahil, Badamdar, Lökbatan qəsəbələrinin, “Azneftyağ” yaşayış məhəlləsinin, Mətbuat və Azadlıq prospektlərindəki, M.Seyidov, İ.Qutqaşınlı, Plotnikov, Haqverdiyev küçələrindəki hündürmərtəbəli yaşayış binalarının, Milli Məclisin deputatları üçün yaşayış binasının, Sərhəd Qoşunları üçün idman-sağlamlıq kompleksinin tikintisi layihələrinin, Milli Parkın baş planının hazırlanmasına bilavasitə rəhbərlik edib. Eyni zamanda Bakı şəhərinin baş planının da müəlliflərindən biri olub.

O, memarlıq fəaliyyəti ilə yanaşı, görkəmli dövlət xadimi kimi Azərbaycanın ictimai-siyasi həyatında da hər zaman yaxından iştirak edib. 1983-1987 və 1987-1991-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olub. 2007-2012-ci illərdə Azərbaycan Memarlar İttifaqına sədrlik edib. Abbas Ələsgərov, həm də öz sahəsinin ustadlarındandır. Yüzlərlə memarın, mühəndisin, konstruktorun, layihəçinin yetişməsində böyük əməyi olub.

Azərbaycan Prezidentinin 4 aprel 2007-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edilməklə Abbas Ələsgərovun həyatında yeni bir mərhələ başlandı. Belə bir quruma rəhbərlik tarixi abidələrimizin qorunması, şəhərsalmada tarixilik və müasirlik arasında vəhdətin təmin olunması, ən əsası isə tikinti işlərinin planlı qaydada aparılması üçün hələ sovet dövründən bütün gücünü, imkanlarını ortaya qoyan Abbas Ələsgərov üçün milli mədəniyyət tariximizə, xalqımıza, dövlətimizə xidmət fürsəti yaratdı. Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin inşaat-memarlıq sahəsindəki yetirmələrindən olan Abbas Ələsgərov Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimadı doğruldaraq bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayan Azərbaycana öz töhfələrini verməyə çalışır.

Prezident İlham Əliyevin tapşırığı və göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli sərəncamı ilə istismar müddətini başa vurmuş yaşayış binaları sökülür, sakinlərə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürülməsi istiqamətində intensiv işlər görülür. Qərara əsasən bu rayonların icra hakimiyyətləri binaların sökülməsini və inşasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan planlaşdırılma sənədlərinin hazırlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırırlar. Beləliklə, tikinti şirkətlərinin ayrı-ayrı qurumlara ayaq döyməsinə, aylarla cavab gözləməsinə daha ehtiyac qalmır. Bu genişmiqyaslı layihənin ölkəmiz üçün tarixi əhəmiyyətini nəzərə alaraq Abbas Ələsgərov rəhbərlik etdiyi sahədə sənədləşmə prosedurunu elə qurub ki, komitə rayon icra hakimiyyətlərinin müraciətləri əsasında tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri barədə rəylərin verilməsini müraciət alındıqdan sonra cəmi bir həftə ərzində təmin edir. Bu layihənin icrası prosesində Azərbaycan Prezidentinin qarşıya qoyduğu ən əsas vəzifə şirkətlər tərəfindən tikinti işləri aparılarkən mütləq şəkildə şəhərsalma normalarına riayət olunmasıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də bu vəzifənin layiqincə yerinə yetirilməsindən ötrü bütün imkanlarını səfərbər edib.

Əfsuslar olsun ki, hər zaman olduğu kimi, bu cür gözəl işlərə də müəyyən fərdi maraqlarla kölgə salmaq istəyənlər tapılır. Bu layihələrin yalnız yerli icra hakimiyyəti orqanları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsini həzm edə bilməyən kimlərsə müxtəlif reket nəşrlərdə dərc etdirilən sifarişli məqalələrlə təzyiq göstərməyə, xüsusən köçürülmə məsələsində sakinlər arasında narahatlıq, çaxnaşma yaratmağa, o cümlədən komitəyə, onun rəhbərinin şəxsiyyətinə qara yaxmağa çalışır. Amma unudurlar ki, bu cür cılız həmlələr 80 il şərəflə yaşanmış ömrün təməli üzərində qərar tutan Abbas Ələsgərov şəxsiyyətindən heç nə aparası deyil.

Sadəliyi, təmənnasızlığı, səmimiyyəti və əsl ziyalıya xas digər mənəvi-əxlaqi keyfiyyətləri ilə insanlar arasında böyük nüfuz qazanmış Abbas Ələsgərovun özü üçün müəyyən etdiyi konkret dəyərlər var. O, bu dəyərlərlə yaşayır və özü də bu dəyərləri şəxsiyyətində yaşadır. İndiyə qədər daşıdığı və bu gün də yerinə yetirdiyi bütün vəzifələrin mənəvi yükü, gələcək qarşısında məsuliyyət hissi, bu mənada, onun üçün inzibati statusundan daha böyük anlam kəsb edib.

Onun şəxsiyyətinə ən layiqli qiyməti isə Azərbaycan dövləti verib. Abbas Ələsgərov 1971-ci ildə “Şərəf nişanı” ordeni, 1986-cı ildə “Xalqlar dostluğu” ordeni, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. 1987-ci ildə “Azərbaycanın əməkdar mühəndisi”, 2007-ci ildə “Azərbaycanın əməkdar memarı” fəxri adlarına layiq görülüb. 80 illik şərəfli ömrün ən böyük mükafatı isə onun ayrı-ayrı memarlıq abidələrində, vətən abadlığında tarixiləşən nəcib izləridir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-10 dekabr.- S.7.