Şəxsiyyət ucalığı

 

Azərbaycanın özü qədər əbədi

 

Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətdir. Milli ideyaeyni ilə də hamı tərəfindən etiraf olunan milli lider tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda çıxış edibbu gün də çıxış etməkdədir. Bunlardan kənarda əhəmiyyətli inkişaf nümunəsinə rast gəlmək mümkün deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixitaleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır.

 

Mükəmməl dövlətçilik və idarəçilik sisteminin yaradıcısı

 

Bu gün ulu öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fikir yürütməyə ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi. Bu böyük insan haqqında deyilən sözlər yalnız ifadə üslubuna görə fərqlənir, məzmunsa Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ən müxtəlif tərəflər üzrə ifadəsindən ibarətdir. Onun böyüklüyünü indi hər kəs etiraf edir, illər keçdikcə daha dərindən dərk edir.

Çağdaş tariximizin görkəmli siması, böyük siyasətçisi olan Heydər Əliyev milyonlarla insan üçün ideal şəxsiyyətdir. Azərbaycanın yeni və ən yeni tarixi də məhz onun müəllifliyi ilə yaranıb. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara daxilən bağlı olub. Azərbaycanın ən məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev dühasının kamil şəxsiyyətində təcəssümünü tapır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanıb.

Heydər Əliyev zaman etibarilə dövlətçilik tariximizin yalnız 35 ilinə sahiblik edir. Fəqət əsrin üçdəbirini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın yüzilliklərlə intizarında olduğu ideallar, niyyətlər, arzular gerçəkliyə çevrilib. Bu 35 il Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milləttək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycan əsrlər boyu əxz etdiyi idarəetmə ənənələrini məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını nümayiş etdirib.

Azərbaycan neft diyarı olmasına baxmayaraq, XX əsrin 60-cı illərində Sovetlər İttifaqının geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev məhz belə bir vaxtda - 1969-cu il iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bundan əvvəl isə Heydər Əliyev Azərbaycanda dövlət təhlükəsizliyi sistemində rəhbər vəzifədə çalışırdı. Böyük öndər hələ buradakı fəaliyyəti dövründə Azərbaycan xalqı üçün əvəzolunmaz işlər görmüşdü. Respublikaya rəhbərliyə gəldikdən sonra isə Heydər Əliyev az bir zaman içərisində Azərbaycanın ictimaisiyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə Sovetlər İttifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə çoxlu sayda sənaye müəssisəsi yaradılmış, Azərbaycanın İttifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu.

Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet ittifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlillərdə “Hansı müttəfiq respublika Sovetlər İttifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi.

 

Xilaskarlıq missiyası

 

Ümummilli liderin diqqət çəkən idarəçilik keyfiyyətləri sırasında onun ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən ağır, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Təkcə bu səbəbdən ki, baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin belə situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalqın yeganə xilaskarı kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də məhz bu gerçəklikdən qaynaqlanırdı.

1993-cü ilin iyununda başlatdığı xilaskarlıq missiyasının nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Heydər Əliyevi özünün rəhbəri seçdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdə ulu öndərin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquqi islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi.

Bu mənada 90-cı illərdə Heydər Əliyevin xilaskarlıq missiyasına sığınan Azərbaycan cəmiyyəti böyük liderin tarixi rolunu heç də təkcə ölkəni təhlükədən xilas etməkdə görmürdü. Xalq Azərbaycanın xilasını geniş planda, ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılması miqyasında nəzərdən keçirirdi. Başqa sözlə, Heydər Əliyevin xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatlar başa düşülürdü ki, bunlar Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməzliyini tarixi həqiqətə çevirmiş olsun. Buna görə Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi həm də müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl, kəhkəşan fəaliyyətin təntənəsi kimi qavranılır. Yaradılan dayanıqlı siyasi sabitliyin ardınca iqtisadiyyatda tənəzzülün cilovlanması, maliyyə nizam-intizamının yaradılması, aqrar islahatların həyata keçirilməsi, yeni iqtisadi sistemə keçidi təmin edən cəsarətli addımların atılması Azərbaycanın gələcək sürətli inkişafının əsasının yaradılması demək idi.

Heydər Əliyev müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşayan bir milləti dünyanın diqqətinə çatdırdı. Heydər Əliyev bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadanmodern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan tam bir dövlət yaratdı! Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir.

Göründüyü kimi, müasir Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bugünü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

 

Tarixin ən qüdrətli Azərbaycanı

 

Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirmişdir.

Bəli, Heydər Əliyev elə bir partiya yaratdı ki, onun sıralarından Heydər Əliyev kursunu, onun ideyalarını və hətta dəst-xəttini ləyaqətlə davam etdirə biləcək yeni siyasi lider yetişdi. Təsadüfü deyil ki, bu gün Prezident İlham Əliyev təkcə dövlət başçısı olaraq deyil, həm də Yeni Azərbaycan Partiyasının sədri və ideoloji kursun lideri kimi Heydər Əliyevin başladığı işləri bütün aspektlərdə davam etdirir.

Ötən 14 ildə Prezident

İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisad inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Ən əsası Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır. Bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf tempinə görə dünyada liderə çevrilməsi faktıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi enerji-kommunikasiya, nəqliyyat layihələrinin əsas iştirakçısı statusunda çıxış edən ölkəmiz Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürüb. Azərbaycan insanının dəyişən gün-güzəranı, şəhər, kənd və qəsəbələrimizin abadlığı, respublikamızda işsizlik, yoxsulluq kimi ağır sosial bəlaların aradan qalxması, Azərbaycanda demokratiyanın təntənəsi, qanunların aliliyi, haqqın, ədalətin zəfəri bugünün gerçəkliyidir.

Beləliklə, ötən 14 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır. Xalqımız ümummilli liderə həm də ona görə minnətdardır ki,

İlham Əliyev kimi lideri bizə bəxş etdi. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcək.

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2017.- 12 dekabr.- S.7.