Ulu öndərin yadigarı

 

Azərbaycanın özü qədər əbədi

 

Bakı Dərin Özüllər Zavodu 39 il əvvəl yaradılıb - 1978-ci ildə. Onda belə bir zavodun tikintisi üçün Xəzərin müxtəlif sahillərini nəzərdə tuturdular. Hətta mübahisələr də yaranırdı. Ümummilli lider Heydər Əliyevin cəsarəti və təşəbbüsü ilə zavodun tikintisi üçün ən münasib yer Bakı seçildi.

Bu zavodun neft sənayesinin inkişafında əvəzolunmaz rolu var. Zaman-zaman nəhəng hidrotexniki qurğuların tikintisi üzrə ixtisaslaşmış müəssisəyə çevrilmiş, Xəzər dənizində neftqaz yataqlarının işlənməsi üçün dərin özüllərin quraşdırılmasında, layihələnməsində böyük işlər görmüşdür. Zavodun dəyəri bir də ondadır ki, 2004-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində görülən işlərin bir hissəsi bu müəssisənin payına düşür. “Əsrin müqaviləsi” imzalanarkən Bakı Dərin Özüllər Zavodunun görəcəyi işlər geniş təhlil olundu. Zavodun istehsal potensialı nəzərə alınmaqla yeni layihələrə start verildi. Zavodun direktoru Roman Nağıyev ötən ilin uğurlarından danışanda çox mətləblərə toxundu:

- Son illər zavodda bir sıra texnoloji yeniliklər tətbiq edilmiş, sexlərin fəaliyyəti xeyli genişləndirilmişdir. Bir sıra rekonstruksiyamodernizasiya işləri görülmüşdür. Yeni neft strategiyasının həyata keçirilməsində bu nəhəng müəssisənin üzərinə xeyli düşür. Ayrı-ayrı platformalarda, qurğularda görüləcək işlərin həcmi genişləndirilib. Nəzərə alaq ki, bu müəssisə 40 ildə ən ciddi layihələrin həyata keçirilməsində əvəzsiz rol oynayıb. Bu gün zavodun əlaqələri o qədər genişlənib ki, artıq beynəlxalq aləmi əhatə edir. İstehsal etdiyi məhsullar rəqabətə davamlıdır. Sifarişçilərin sayı da ildən-ilə artır. Kollektiv çalışır ki, yeniliklərimizin sayı çox olsun. Axı, bu müəssisə təkcə Azərbaycanda yox, bütün Qafqazda istehsal imkanları ilə seçilir. Belə nəhəng gücü olan müəssisənin gələcəkdə daha çox uğurlar qazanacağına inam artır. Əminik ki, müəssisənin yenilikləri, uğurları ildən-ilə artacaq. Ona görə ki, sənaye nəhəngində güclü kadr potensialı, işgüzar mühit var. 2004-cü ildən bu müəssisə ulu öndər Heydər Əliyevin adını daşıyır. Bunun özüböyük məsuliyyətdir. Biz gördüyümüz işlərdə ciddi sınaqlarla üz-üzə qalırıq. Böyük liderin tövsiyələrini, xatirələrini dönə-dönə öyrənirik. Ulu öndərin dəyərli tövsiyələri həmişə köməyimizə çatır. Ən çətin məqamlarda bizim istinad yerimiz olur.

Hələ sovet dövründə ulu öndər neft sənayesinin gələcək inkişafı üçün kadr potensialını əsas mənbə sayırdı. Təhsildə fərqlənən məzunları İttifaqın müxtəlif şəhərlərində ixtisas almağa göndərirdi. O vaxt mənim də taleyimə belə bir xoşbəxtlik qismət oldu. Ulu öndərin tövsiyəsi ilə İttifaqın nəhəng şəhərlərinin birində təhsil aldım.

Bu gün kollektivimizdə sağlam bir mühiti yaranıb. Başladığımız böyük işlər ardıcıllıqla davam edəcək.

Zavodumuzun istehsal etdiyi dərin dəniz özüllərinin və müxtəlif platformaların tikintisi xeyli genişlənib. Müəssisəyə sifarişlərin də sayı artır. Biz bugünkü imkanlarımızı ölçüb-biçməklə yeni öhdəliklər qəbul etmişik. İnanıram ki, qarşıdakı hədəflərə çatmaq üçün potensial imkanlarımızdan səmərəli istifadə edə biləcəyik.

Ayrı-ayrı neft yataqlarında stasionar dəniz özül və platformalarının tikintisi üçün müxtəlif həcmli sifarişlər uğurla yerinə yetirilir. Bunun üçün hər il müəssisədə xeyli dəyişikliklər olur. Başlıca məqsəd həcmini artırmaq, istehsal mədəniyyətini yüksəltməkdir. Onu da qeyd edək ki, bu gün zavod icarə üsulu ilə işləyir. Nəhəng  işlərin həyata keçirilməsində xarici mütəxəssislər də çalışırlar. Amma bir vaxtlar ulu öndərin dediyi kimi, müəssisə yerli mütəxəssislərin işə cəlb olunmasına daha çox üstünlük verir. Əsasən gənc mütəxəssislərin formalaşması və yetişməsi üçün şərait yaradılır. Təsadüfi deyil ki, bu gün müəssisədə gənclərin sayı daha çoxdur. Onlar peşə vərdişlərinə yiyələnir, ixtisaslı mühəndis kimi formalaşıb yetişirlər. Bu gün ən çətin texniki əməliyyatların yerinə yetirilməsində yerli mütəxəssislərin gücündən daha çox istifadə olunur. Belə qarşılıqlı anlaşma şəraitində görülən işlər gələcək nailiyyətlər üçün stimul yaradır, kollektivi bir məqsəd uğrunda səfərbər edir. Ulu öndərin adını daşıyan bu müəssisə illər sonra da uğurlu nəticələrə imza atacaq, qarşıdakı hədəflərə çatmaq üçün bütün imkanlarından istifadə edəcək.

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2017.- 12 dekabr.- S.10.