Ana dilimizin böyük təəssübkeşi
Azərbaycanın
özü qədər əbədi
“Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm”.
Heydər ƏLİYEV
Azərbaycan tarixində ən parlaq dövr ümummilli lider Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi gündən başlayır. Məhz həmin andan böyük rəhbərin titanik və uzaqgörən fəaliyyəti nəticəsində ölkə misilsiz inkişafa doğru yüksəlmiş, özünün əsl tərəqqi, intibah dövrünü yaşamışdır. Ulu öndər ölkəyə rəhbərlik etdiyi illər ərzində daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən mürəkkəb məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmiş, böyük fədakarlıqlar göstərmişdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və böyük uğurlar qazanan dahi şəxsiyyət cəmiyyəti həmişə irəli aparmış, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, insanların xoş gələcəyinə hesablanmış arzu və xəyallarını reallığa çevirmişdir. Əsl həqiqət odur ki, 1969-cu ildən bəri Azərbaycan tarixinin bütün dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur.
Ulu öndər cəmiyyətdə daim ziyalı missiyasına böyük önəm vermiş, xalqını və dövlətini sevənləri yüksək qiymətləndirmiş, yeri gələndə bu insanlarla məsləhətləşmələr aparmış, təkliflərini dəstəkləmiş, onlara inanıb arxalanmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin dövlətçilik siyasəti sayəsində ötən əsrin əvvəllərində repressiyaya məruz qalmış, mühacir həyatı yaşamış neçə-neçə alim, dövlət xadimi, şair və yazıçılar, incəsənət adamları, adı və xidmətləri unudulmaqda olan dəyərli ziyalılarımız yenidən xalqın mənəvi yaddaşına qaytarılmışdır. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi Heydər Əliyev dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarının fundamental prinsiplərini müəyyənləşdirmişdir. Təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqları qarşısında dözümlü olur və milli inkişafın əsasına çevrilir. Heydər Əliyev həm də azərbaycançılıq ideologiyasının banisidir. Bu, ilk növbədə, dilimizin, zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması, təbliği və yaşadılması deməkdir.
Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Böyük rəhbərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi - nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar. Azərbaycan KP-nin qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Heydər Əliyev bütün mürəkkəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilirdi. Belə siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də 70-ci illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Milli məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Bunda məqsəd dilimizin yüksək səviyyədə təbliği idi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Ulu öndər ziyalılarımızın, xüsusilə dilçilik sahəsində işləyən alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, böyük rəhbərə ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi.
O zaman: “Azərbaycan dilinin əsl sahibi bizim şair və yazıçılarımızdır, bizim bütün qələm çalan ziyalılarımızdır” deyən ulu öndər xalqın mənəviyyatının daşıyıcısı olan ana dilinin inkişafında həmişə iki amilin əsas olduğunu xüsusi vurğulayırdı: “Ana dili dövlət qayğısına və ziyalı yanğısına möhtacdır”.
1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın əksini tapmasının müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri cəmiyyətdəki mövqeyini, siyasi taleyini riskə qoyaraq bu həssas məsələnin həlli üçün təşkilati işlər aparmış, elmi və ziyalı qurumları da bu işə cəlb etmişdir. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. O vaxt bu hərəkət Moskvada böyük narazılıq yaratmışdı. Bəhanə bu idi ki, başqa respublikaların Əsas Qanununa həmin müddəa salınmamışdı. Belə bir vaxtda böyük siyasətçi Heydər Əliyev Moskvada partiya funksionerləri ilə ciddi danışıqlara başladı. Təcrübəli və uzaqgörən dövlət xadimi ən emosional məsələləri belə ancaq ağlın gücü ilə həll etməyə çalışırdı. Azərbaycanın mövqeyinə qarşı həmin dövrdə Ukrayna KP MK-nın ovaxtkı birinci katibi Şerbitski xüsusilə fəal çıxış edirdi. Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən Azərbaycan Respublikasının dövlət dili haqqında Konstitusiya maddəsinin müzakirəsindəki nitqində həmin hadisələri belə xatırlayırdı: “Mən ona dedim ki, sizə heç kim mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. İstəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz bizə nə üçün mane olursunuz? Mübahisəmiz gərgin oldu... Mən sizə deyim ki, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində bu müddəanın Konstitusiyamızda mövcudluğu çox böyük tarixi bir hadisə idi”.
Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində bu müddəa 1978-ci ildə qəbul edilən Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapdı. Bu, böyük qələbə, xalqın mənəvi sərvəti olan ana dilinin qorunması tarixində xüsusi mərhələ idi. Bir faktı qeyd edək ki, o zaman vətənpərvərliyi ilə seçilən Baltikyanı respublikaların, Belarusun, Ukraynanın konstitusiyalarında belə bir maddə yox idi. Yalnız bundan sonra yüksək məclislərdə Azərbaycan dilinə böyük səlahiyyət verildi, dövlət idarələrində ana dilinin tədricən yayılmasına, sənədlərin azərbaycanca hazırlanmasına başlanıldı. Respublika rəhbəri qurultay, konfrans, müşavirə, simpozium və s. mötəbər tədbirlərdə Azərbaycan dilində çıxış edir, ana dilinin hansı statusa və nüfuza malik olmasını hamıya çatdırırdı.
Azərbaycanın müstəqillik illərində də ümummilli lider ana dilinin qorunması və inkişafı sahəsində böyük işlər gördü. 1995-ci ildə Konstitusiya Komissiyasının sədri Heydər Əliyev layihədə dövlət dili haqqında maddə ilə bağlı geniş müzakirələr keçirdi. Xatırladaq ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə 1992-ci ilin dekabrında Milli Məclisdə dövlət dili haqqında qanun müzakirə olunmuş və dilimizin adı dəyişdirilərək “türk dili” kimi təsdiq edilmişdi. Bu qərar qəbul ediləndə Heydər Əliyev Naxçıvanda işləyirdi. 1995-ci ildə Konstitusiya Komissiyasının sədri Heydər Əliyev sözügedən qanunun necə qəbul edilməsinin bütün təfərrüatını öyrəndi. Bu maddəni aradan götürən qanun, Konstitusiyaya görə, üçdəiki səs çoxluğu ilə qəbul edilməli idi. Lakin Milli Məclisin iclasının stenoqramı göstərdi ki, həmin tələb kobud şəkildə pozulmuşdu. Qanun qəbul edilən iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak etmiş, onlardan da yalnız 26 deputat dilimizin “türk dili” adlanmasına, 7 nəfər əleyhinə səs vermiş, qalan 6 deputat isə bitərəf olmuşdur. Ölkə rəhbəri öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, ana dili məsələsi bir qrupun, bir dəstə adamın inhisarında ola bilməz. Məhz belə inhisarçılığın nəticəsində o zaman qanunsuz qəbul edilən qərar cəmiyyətdə çaşqınlıq yaratmışdı. Hətta ana dilini öyrədən dərsliklərin üzərində “Türk dili” yazılmışdı. Bu məsələyə aydınlıq gətirən ümummilli lider demişdir: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır...” 1995-ci ildə Konstitusiya layihəsində bu maddə müzakirə olunanda komissiyaya 1400-dən artıq təklif gəlmişdi. Bu təkliflərdən ancaq 18-i ana dilinin “türk dili” kimi yazılmasına tərəfdar çıxmışdı.
Ulu öndər ana dili problemlərini diqqət mərkəzində saxlamaqla kifayətlənmirdi, cəmiyyətin bütün imkanlarını bu işə səfərbər edirdi. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə məsələni məhz belə şəkildə qoymuşdu: hər şeydən əvvəl, ana dilinin ən müxtəlif funksional-üslubi sferalarda inkişafına şərait yaradılmalı, onun tədrisi yaxşılaşdırılmalı, elmi qrammatikasının yaradılması sahəsində tədqiqatlar genişləndirilməlidir. Çünki ana dili hər xalqın milli varlığının əsas şərtidir. Dövlət başçısının 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərmanın uzunmüddətli proqram səciyyəsi daşıyan qərar hissəsində dünyanın heç bir yerində olmayan bir qurumun - Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması göstərilmişdir. Fərmanda Azərbaycan dilinin inkişafı və daha geniş tətbiqi ən yüksək səviyyədə öz əksini tapmışdır. Həmin ilin avqustunda ölkə başçısı tərəfindən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında” yeni fərman imzalandı. Bu sənəd ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul yaratdı, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi.
2003-cü il yanvarın 2-də ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu qanunun hər bir maddəsi xalqın bugününə və sabahına qayğı ilə aşılanmışdır. Qanunda deyilir: “İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları cilalanmış kamil, qrammatik quruluşu, zəngin söz fondu, geniş istifadə imkanları, mükəmməl əlifbası, yüksəksəviyyəli yazı normaları mövcuddur”. Dilimizi seviriksə, onun saflığını qorumalıyıq.
Ulu öndərin ana dilimiz qarşısında əhəmiyyətli olan daha bir tarixi xidməti isə bu dili dünyanın ən yüksək tribunalarına daşıması idi. Yüksək natiqlik məharəti ilə dilimizin zənginliyini, hüdudsuz ifadə imkanlarını həmin tribunalarda bütün dünyaya sərgiləməsi oldu. Əsrlər boyu müəyyən obyektiv səbəblərdən kargüzarlıq sistemindən, diplomatik fəaliyyətdən, hərbi, müəyyən qədər elmi sahələrdən, qanunvericilik sənədlərindən xeyli kənarda saxlanmış Azərbaycan dilini bütün parametrlər üzrə, sözün əsl mənasında, dövlətçilik dilinə çevirməsidir.
Bu gün ulu öndərin milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı tarixin ən qüdrətli mərhələsinə yetirən Prezident İlham Əliyev ulu öndərin milli dil əmanətinə də sadiqdir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, ayrı-ayrı toplantılarda dilimizin inkişafı ilə bağlı irəli sürdüyü tezislər, müasir dövrdə ana dilimizin inkişafına təkan verən tarixi addımlar olmuşdur. Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalamışdır. Həmin sərəncamda ana dilimizlə bağlı müşahidə olunan bir çox problemlər öz əksini tapmış və onların aradan qaldırılması üçün vəzifələr müəyyənləşdirilmişdir.
Milli dilimizin saflığının qorunması, onun qloballaşma şəraitində inkişafının təmin olunması istiqamətində bu günlərdə atılan tarixi addımlar xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibi yenidən formalaşdırıldı. Ölkə rəhbərinin şəxsən özünün rəhbərlik etdiyi və tanınmış ictimai-siyasi xadimlərin, alimlərin, ədəbiyyat adamlarının təmsil olunduğu bu komissiyanın əsas missiyası azərbaycançılıq məfkurəsi işığında dövlət dilimizin saflığının qorunması, ədəbi dilimizdən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasıdır. Azərbaycan dili dövlətimizin əsas atributlarından olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun siyasi və sosial-mədəni təməli kimi müəyyənləşmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, zənginləşərək nüfuz qazanması, dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti və yürütdüyü dil siyasəti ilə bağlı olmuşdur. Bu gün həmin siyasət uğurla davam etdirilir.
İradə ƏLİYEVA
Azərbaycan.-
2017.- 13 dekabr.- S.6.