Hisslərini əsərlərində yaşadan sənətkar

 

Ömrünün 40 ildən çoxunu heykəltəraşlıq və rəssamlıq sahələrinə həsr edən, bir çox monumentaliri heykəltəraşlıq əsərləri ilə sənətdə sözünü deyən Şərif Şərifov təkcə ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılmış abidəsinə görə özünü dünyanın ən xoşbəxt insanı hesab edir.

Heykəltəraş kimi ilk işi Gəncədə görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsi olub. “Mənim müasirlərim” silsiləsindən hazırladığı abidə yüksək sənətkarlıq nümunəsi sayılaraq müəllifə uğur gətirib. Bu abidəyə görə Şərif Şərifov 1980-ci ildə dövrün ən nüfuzlu mükafatlarından olan Lenin komsomolu mükafatına layiq görülüb. Bu nailiyyətdən ruhlanan gənc heykəltəraş sonralar “Əlillər” kompozisiyası yaradıb.

İllər keçdikcə, istedadlı heykəltəraş yeni sənət əsərləri yaratmışdır. Paytaxtdan kənarda yaşasa da, istedadlı heykəltəraş Bakıda, Moskvada, eləcə də bir sıra beynəlxalq sərgilərdə fəal iştirak etmiş, sənətsevərlərin zövqünü oxşayan əsərlər ortaya qoymuşdur.

Hazırda Gəncənin baş rəssamı vəzifəsində çalışan Şərif Şərifovun qədim Nizami yurdunda çoxlu əl izləri var. Onunla söhbət edirik. Gördüyü işlərlə bağlı çox danışmağı xoşlamayan heykəltəraş deyir ki, Gəncə qədim şəhərdir. Hələ orta əsrlərdə Gəncə sivilizasiya mərkəzi olubAran memarlıq sənətinə uyğun olaraq bu şəhərdə kərpic əsas tikinti materialı hesab edilib. Odur ki, bu qədim şəhərdə abadlıq və quruculuq işləri apararkən həmin tikinti materialı diqqət mərkəzində saxlanılır.

“Gəncəyə giriş” və “Xəmsə” arxitektura kompleksləri haqqında danışarkən sənətkar vurğuladı ki, tikintilərin aparılması indi hər bir gəncəliyə rahatlıq bəxş edib. Artıq bu yurda gələn istər yerli, istərsə də xarici qonaqlar ilk dəfə Qoşa Qala ArxeologiyaEtnoqrafiya Muzeyi, eləcə də bu torpağın yetişdirdiyi dahi Nizami Gəncəvinin məqbərəsi və əsərlərinə qoyulmuş abidə ilə qarşılaşırlar. Şəhərin girişində yaradılmış bu kompozisiya boyu geniş bir ərazini əhatə edən yaşıllıq zonası salınmışdır.

Həyatının bütün anlarını yaradıcılığa həsr edən Şərif Şərifov ömrünün ahıl yaşındadır. Bu müddət ərzində çəkdiyi əziyyət ona yeni-yeni uğurlar gətirib. Rusiya Rəssamlıq Akademiyasının üzvü olan sənətkar keçən il akademiyanın ən ali mükafatına layiq görülüb. O, ümummilli lider Heydər Əliyevin və görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Akademiyanın prezidenti Zurab Sereteli medalı təqdim edərkən onun haqqında dediyi xoş sözləri Şərif Şərifov Azərbaycan incəsənətinə verilən yüksək qiymət kimi dəyərləndirir. Lakin onun üçün ən ali mükafat müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini yaratmasıdır. Şərif Şərifov 1971-ci ildə Stroqanov adına Moskva Ali Bədii-Sənaye İnstitutunu bitirib Azərbaycana, doğma Gəncəyə qayıdanda heç ağlına da gəlməzdi ki, nə vaxtsa dahi bir insanın, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin obrazını yaradacaq. Lakin illər ötdükcə bu arzu gerçəkləşmiş və dahi şəxsiyyətin monumental obrazını yaratmışdır.

Bu yaxınlarda ölkə rəhbəri İlham Əliyevin ona təyin etdiyi Prezident təqaüdünü isə Şərif Şərifov müstəqil Azərbaycanın ən ali mükafatı kimi qəbul edir. Uzun illər səmərəli fəaliyyətinə verilən bu qiymətə görə, görkəmli sənətkar dövlət başçısına minnətdarlıq etməklə yanaşı, yaradıcılığı üçün yeni imkanlar açıldığını söyləyir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2017.- 13 dekabr.- S.6.