İstanbulda İslam
Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı
fövqəladə Zirvə toplantısı keçirilib
Azərbaycan Prezidenti
İlham Əliyev Zirvə toplantısında
iştirak edib
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.
“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Əvvəlcə birgə foto çəkdirildi.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.
İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.
İordaniya Kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirdi və qeyd etdi ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. “Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirdi ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.
Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. “Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”,- deyən Yusif Əl-Osaymin vurğuladı ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.
İran Prezidenti Həsən Ruhani bildirdi ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğuladı, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bismillahir-rəhmanir-rəhim.
Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli baş katib.
Zati-aliləri.
Zirvə görüşünün iştirakçıları.
İlk növbədə, fövqəladə
İslam Zirvə görüşünün təşkilinə
görə Prezident Ərdoğana təşəkkür
edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə
keçirilən bu Zirvə görüşü
Türkiyənin İslam
həmrəyliyi işinə
verdiyi töhfənin növbəti təzahürüdür.
Amerika Birləşmiş Ştatları
Prezidentinin beynəlxalq
hüquqa və BMT Təhlükəsizlik Şurasının
qətnaməsinə zidd
olan Qüds şəhərinin İsrailin
paytaxtı kimi tanınması və ABŞ
səfirliyinin bu şəhərə köçürülməsi
ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar
Fələstin-İsrail münaqişəsinin
ədalətli və hərtərəfli nizama salınması işinə
mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli
fəsadlara gətirib
çıxara bilər.
Hesab edirik ki, Amerika
Birləşmiş Ştatları
bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin
sülh yolu ilə, Şərqi Qüdsün Fələstin
Dövlətinin paytaxtı
olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il
bundan əvvəl Azərbaycan Fələstin
Dövlətinə yardım
məqsədilə İslam
Maliyyə Təhlükəsizlik
Şəbəkəsinin təsis
konfransına və Qüds şəhərinin
inkişafına dəstək
məqsədilə donor konfransına
ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında
Azərbaycanda BMT-nin Fələstin xalqının
ayrılmaz hüquqlarının
həyata keçirilməsinə
dair komitənin, BMT-nin humanitar məsələlər
üzə əlaqələndirmə
ofisinin, İƏT və
müxtəlif qeyri-hökumət
və vətəndaş
cəmiyyəti təşkilatlarının
iştirakı ilə
Qüds məsələsinə
dair beynəlxalq konfrans keçirilmişdir.
Konfransda
Şərqi Qüdsün
işğalı və
Əl-Aqsa məscidində
ibadət edənlərə
qarşı tətbiq
olunan məhdudiyyətləri
qınayan bəyanat qəbul edilmişdir.
Biz hər zaman
olduğu kimi, bu gün də
Fələstin xalqının
yanındayıq.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq
Təşkilatının fəal
üzvüyük. Azərbaycanın təşəbbüsü ilə
İƏT Gənclər Forumu,
İƏT Əmək Mərkəzi
və İƏT-ə üzv
dövlətlərin Jurnalistlər
Assosiasiyası yaradılmışdır.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya
qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci
ildə Azərbaycanda
IV İslam Həmrəyliyi
Oyunları keçirilib.
Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün
dünyaya göstərdi
ki, İslam sülh, mərhəmət,
bərabərlik dinidir.
Əməkdaşlığı və qarşılıqlı dəstəyi
gücləndirmək üçün
digər bir imkan bu ay Bakıda
keçiriləcək “İslam
Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.
Fürsətdən istifadə edərək,
İƏT-ə, onun üzv
dövlətlərinə və
dünyadakı müsəlman
cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllində Azərbaycana
göstərdikləri ədalətli
dəstəyə görə
təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır
ki, Ermənistan Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın
əzəli və tarixi torpaqlarıdır.
Ermənistanın təcavüzü nəticəsində 1 milyondan
artıq azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür.
İşğal olunmuş ərazilər
tamamilə etnik təmizləməyə məruz
qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.
Bununla bərabər, Ermənistan
müxtəlif müsəlman
ölkələri ilə
dostluq münasibətləri
qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya
müsəlmanları bilməlidirlər
ki, müqəddəs
məscidlərimizi dağıdan
Ermənistan müsəlman
ölkələrinin dostu
ola bilməz.
1993-cü ildə
BMT Təhlükəsizlik Şurası
Ermənistan silahlı
qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal,
tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları
yerinə yetirməkdən
imtina edir. İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təşkilatlar
oxşar qərar və qətnamələr
qəbul etmişdir.
Azərbaycan heç vaxt
erməni işğalı
ilə barışmayacaq,
münaqişənin həlli
yalnız və yalnız Azərbaycanın
tanınmış beynəlxalq
sərhədləri, ərazi
bütövlüyü çərçivəsində
həll olunmalıdır.
Təşəkkür edirəm.
***
Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti
Donald Tramp Qüdsün İsrail
Dövlətinin paytaxtı kimi
tanınması və Birləşmiş Ştatların səfirliyinin
bu şəhərə
köçürülməsi ilə bağlı qərarını
açıqlayıb. Bu qərar təkcə
müsəlman dövlətlərində deyil,
dünyanın əksər ölkələrində ciddi etirazlarla
qarşılanıb. Qərardan dərhal sonra
İslam Əməkdaşlıq Təşkilatının
hazırkı sədri Türkiyə Respublikası bununla əlaqədar İƏT-in fövqəladə
Zirvə toplantısının keçirilməsi təşəbbüsü
ilə çıxış edib.
Azərbaycan.- 2017.- 14 dekabr.- S.1-2.