Mövcud əməkdaşlıq həm böyük
Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verir
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də
Böyük Britaniyanın
ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın
həmsədri Baronessa
Rona Feyrhedin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası
komissiyanın həmsədri
Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin
ikitərəfli münasibətlərin
inkişafına xidmət
etdiyini bildirdi. Dövlət
müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın Böyük
Britaniya ilə bir sıra sahələrdə
əməkdaşlıq qurduğunu
deyən Azərbaycanın
Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi
vurğuladı və
bu əlaqələrdə
Böyük Britaniyanın
BP şirkəti ilə
əməkdaşlığı qeyd etdi. BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini
deyən Mehriban Əliyeva ölkəmizdə
bu əməkdaşlığın
çox yüksək
qiymətləndirildiyini diqqətə
çatdırdı. Bildirdi
ki, bu il “Azəri-Çıraq-Günəşli”
layihəsinin yeni mərhələsinə start verilib,
yeni müqavilə imzalanıb. Bu isə
mövcud əməkdaşlığın
həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. “Şahdəniz-2” layihəsində
BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin
başa çatacağını
deyən Azərbaycanın
Birinci vitse-prezidenti qeyd etdi ki,
bu layihələrlə
Azərbaycan Avropanın
enerji təhlükəsizliyinə
töhfə verir.
Gələcəkdə iqtisadiyyatın
digər sahələrində,
o cümlədən qeyri-neft
sektorunda da geniş və uğurlu əməkdaşlığın
qurulmasının vacib
olduğunu deyən Mehriban Əliyeva diqqətə çatdırdı
ki, ticarət dövriyyəsinin artması,
turizm, kənd təsərrüfatı, yüksək
texnologiyalar, nəqliyyat
sahələrində əməkdaşlığın
genişləndirilməsinin böyük perspektivləri
var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq
baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə
etdi.
Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd etdi, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirdi.
Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğuladı. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyən Mehriban Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirdi.
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışdı, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Azərbaycan.- 2017.-15 dekabr.- S.1-2.