Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının səmərəli fəaliyyəti üçün hər cür
şərait yaradılıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər
təşkilatının inzibati
binasının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.
Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.
Məlumat verildi
ki, üçmərtəbəli
binanın foyesində Yeni Azərbaycan
Partiyasının yaradıcısı ulu
öndər Heydər Əliyevin büstü
qoyulub, Heydər Əliyev guşəsi
yaradılıb. Binada inzibati otaqlar, həmçinin deputat otağı, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti
ilə bağlı müxtəlif tədbirlərin,
seminarların və konfransların yüksək
səviyyədə keçirilməsi
mümkündür. Burada, eyni
zamanda, şəhərin
həyatında baş
verən əlamətdar
günlərlə bağlı
tədbirlər keçiriləcək.
Binada müxtəlif xidmət otaqları da fəaliyyət göstərəcək.
Onu da deyək ki,
respublikanın hər
yerində olduğu kimi, Sumqayıt şəhərində də
Yeni Azərbaycan Partiyasının üzvləri
fəallıqları ilə
seçilirlər. Onlar şəhərin
ictimai-siyasi həyatında
fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına
töhfələrini verirlər.
Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər
təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan
da 13 min 837-si qadınlar,
14 min 429-u isə gənclərdir.
Azərbaycan.- 2017.-16 dekabr.- S.3.