Azərbaycan dünya miqyasında qəbul
olunan güclü idman dövlətidir
Dekabrın 18-də Milli Olimpiya
Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin foyesində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” mövzusunda sərgi ilə tanış oldular.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz dostlar, 2017-ci il başa çatır. Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirmişlər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.
Bu il bir çox idman qələbələrimiz olubdur. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmuşlar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.
Bu il bizim iki idmançımız - Məhəmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olmuşlar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.
Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olmuşdur. Bu da tarixi qələbədir.
Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etmişdir. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir.
Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək.
Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.
Əlbəttə ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri olmuşdur. Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış oldular.
Mən sadəcə olaraq bir neçə önəmli idman hadisəsini diqqətinizə çatdırdım. Ancaq qələbələrin sayı çox olubdur. Qeyd etdiyim kimi, 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər.
Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir. Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə olaraq Bakıda Formula-1 yarışı keçirilmişdir. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox Formula-1 yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə Formula-1 yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, Formula-1 ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür.
Beləliklə, təkcə sadaladığım bu hadisələr, bu qələbələr deməyə əsas verir ki, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.
Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır. Regional Olimpiya mərkəzlərinin tikintisinin səbəbi də məhz budur ki, idman kütləvi xarakter alsın.
Mən hər zaman idmançılarla görüşəndə qeyd edirəm ki, hər bir insan idmanla məşğul olmalıdır. Fiziki sağlamlıq hər bir insan üçün çox önəmlidir. Biz son illər ərzində bu istiqamətdə bir çox vəzifələri icra etdik. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Dövlət tərəfindən təşkil olunan dispanserizasiya, müayinədənkeçmə işləri aparılır. Hər il beş milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Ekoloji vəziyyət yaxşılaşır, təmiz içməli su layihələrinin icrası geniş vüsət almışdır. Əlbəttə ki, fiziki hərəkət sağlamlıq üçün əsas amillərdən biridir. İdmanın kütləviliyi idman nəticələri əldə etmək üçün yox, sadəcə olaraq, ona görə vacibdir ki, hər bir insan özünü yaxşı hiss etsin.
Mən şadam ki, gənc idmançılarımız da bizi qələbələrlə sevindirirlər. Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur. Əgər biz iştirak etdiyimiz bütün Yay Olimpiya Oyunlarının nəticələrinə fikir versək görərik ki, hər dəfə daha böyük sayda medallar qazanırıq. Yəni, idmançıların hazırlığı, gənclərin, yeniyetmələrin idman bölmələrinə gəlmələri bu nəticəni təmin edir. Son Rio Yay Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü yerə qalxmışdır. Bu, tarixi qələbədir. Bu qələbəni bir neçə il bundan əvvəl təsəvvür belə etmək mümkün deyildi. Bu qələbəni biz cəmi 25 il ərzində qazanmışıq. Müstəqilliyimizin 25 illiyinə təsadüf edən Rio Olimpiya Oyunlarında biz belə böyük qələbəni qazanmışıq və müstəqilliyimizə bunun çox böyük töhfəsi olmuşdur. Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir. Əgər idman nəticələrinə fikir versək görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdır.
Ona görə idmanın inkişafı inkişafımızın ümumi kontekstində mühüm yer tutur. Azərbaycan hər bir istiqamət üzrə son illər ərzində uğurlu inkişaf yolu keçmişdir. Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə, gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin.
Ona görə bu gün idmana sadəcə olaraq bir sahə kimi baxmaq mümkün deyil. İdman hər bir ölkənin ictimai həyatında çox böyük rol oynayır. Təsadüfi deyil ki, ölkələr çalışırlar beynəlxalq yarışlarda, dünya çempionatlarında, xüsusilə Olimpiya oyunlarında daha yüksək yer tutsunlar. Çünki bu, ölkələrə daha böyük şöhrət gətirir. Əgər İslam Həmrəyliyi Oyunlarının tarixçəsinə nəzər salsaq görərik ki, nə qədər gərgin mübarizə getmişdir. Eyni zamanda, Avropa Oyunlarında da gərgin mübarizə getmişdir. Əlbəttə ki, bu iki mötəbər yarışda birinci, ikinci yerləri tutmaq bizim tarixi qələbəmizdir.
İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır. Bu il biz, eyni zamanda, Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd etdik. O tədbirdə də mən öz fikirlərimi bildirdim. Bundan sonra da Azərbaycan dövləti idmançılara öz qayğısını əsirgəməyəcək, idmanın inkişafı üçün nə lazımdısa biz onu da edəcəyik. İdmançılara isə yeni qələbələr, yeni uğurlar arzulayırıq.
Mən bu fürsətdən istifadə edərək, - biz hər il ilin sonunda görüşürük, - bütün idmançıları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.
***
Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Azərbaycan Prezidenti ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahəddinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqif Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etdi.
Dövlətimizin
başçısı İlham Əliyev Elxan Məmmədova, Tahir
Gözələ və Fərid Qayıbova Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomunu təqdim etdi.
Ölkəmizdə idmanın
inkişafında xüsusi xidmətləri olan Əhəd
Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında sənədlər təqdim olundu.
Tədbirdə, həmçinin Azər
Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal
Əhmədov, Faiq Həsənov, Rəsul Məmmədov Milli
Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif
edildilər.
Prezident İlham Əliyev 2017-ci ildə
yüksək nailiyyətlər göstərmiş bir qrup
idmançıya və idman mütəxəssisinə yeni mənzillərin
orderlərini təqdim etdi.
Daha sonra Milli Olimpiya Komitəsinin
İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab
Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar
İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan
Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban
Əliyevaya xatirə hədiyyələri təqdim etdi.
Azərbaycan.-
2017.-19 dekabr.- S.1-2.