Prezident Sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans

 

Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Prezident Sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, ölkəmizdə Sərəncama əsasən Şərqdə ilk parlamentli respublikanın – AXC-nin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunacağını bildirib.

AXC-nin yaranma tarixindən, onun süquta uğramasının səbəblərindən danışan akademik müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, ölkəmizin beynəlxalq aləmdə tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini, dahi rəhbərimizin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb. Respublikamızın dövlət müstəqilliyinin tədqiqində AMEA-nın Tarix İnstitutunun gördüyü işlərdən danışan İsa Həbibbəyli bildirib ki, bu elm müəssisəsində AXC-nin tarixinə dair elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib. Xalqımızın bu şərəfli tarixi dövrü barədə hazırlanan ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” isə bu işlərin içərisində xüsusi yer tutur.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Şərqdə ilk demokratik dövlət dəyərlərini yaratmış AXC-nin istiqlaliyyətimizi elan etməsi ilə xalqımızın müstəqillik əzminin nümayişindən danışıb. Azərbaycanın bütün Şərq üçün nümunə göstərdiyini vurğulayan Yaqub Mahmudov deyib: “Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb”.

İnstitutun direktoru bildirib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Tarix İnstitutu 2004-2005-ci illərdə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Sonda çıxış edən tarixçi alimlər diqqətə çatdırıblar ki, AXC tariximizin şərəf səhifəsidir. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz AXC dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.

 

Azərbaycan.- 2017.-20 dekabr.- S.4.