"Heydər Əliyev" ordenli Ömər Eldarov

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Xalq Rəssamı, heykəltəraş Ömər EldarovaHeydər Əliyevordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovu qarşıdan gələn yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı. Ömər Eldarovun sənətinin artıq neçə onilliklərdir hamımızı sevindirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin xalqımızın maddi-mədəniyyət nümunəsinə çevrildiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Ömər Eldarovun yaratdığı əsərlər ölkəmizdə, həmçinin bir çox keçmiş sovet respublikalarında məşhurdur. Ulu öndər Heydər Əliyevin Ömər Eldarovun sənətini hər zaman yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı onun yaratdığı əsərlərin yüksək mədəniyyət nümunəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin Azərbaycan mədəniyyətinin bir sıra məşhur simalarının – Məhəmməd Füzulinin, Natəvanın, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Niyazinin və digərlərinin abidələrinin müəllifi olan Ömər Eldarovun ölkəmizin hüdudlarından uzaqlarda da tanındığını, onun yaratdığı abidələrin xarici ölkələrdə də ucaldıldığını məmnunluqla qeyd etdi. Ömər Eldarovun Rəssamlıq Akademiyasının rektoru kimi də fəaliyyətini yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev gənc kadrların hazırlanmasında onun böyük rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Ömər Eldarovun Vətəninə və xalqına ləyaqətlə xidmət etdiyini, dərin istedada malik şəxsiyyətinin böyük maraq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev Ömər Eldarovu fəaliyyətinin və xidmətlərinin dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, 1997-ci ildə xalqımızın Ümummilli Lideri tərəfindən “İstiqlalordeni ilə, 2009-cu ildə Heydər Əliyev mükafatı ilə, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunduğunu dedi, indi isə Azərbaycanın ən yüksək mükafatına – “Heydər Əliyev” ordeninə layiq görüldüyünü bildirdi, ona fəaliyyətində yeni uğurlar arzuladı və mükafatı Ömər Eldarova təqdim etdi.

Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və “Heydər Əliyev” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdibundan qürur duyduğunu dedi. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini dərin ehtiramla yad edən Ömər Eldarov Ümummilli Liderin bir çox abidələrinin müəllifi olmaqdan şərəf hissi duyduğunu vurğuladı və qeyd etdi ki, bundan sonra da xalqımıza və Vətənimizə öz yaradıcılığı ilə xidmət göstərməkdə davam edəcək.

 

Azərbaycan.- 2017.-21 dekabr.- S.1.