Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib

 

Elbay Qasımzadə yenidən Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib

 

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir qrup tanınmış memara mükafatlar təqdim olunub.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşdırılıb, müsabiqələr təşkil olunub.

Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olaraq şəhər və kəndlərimiz simasını dəyişir, yeni görkəm alır. Respublikamızın bölgələrində aparılan yenidənqurma işləri, - gözəl və müasir binaların, yolların tikintisi, - memarlarımızın səyləri nəticəsində mümkün olub. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyibu kimi digər memarlıq nümunələri qədim Bakının müasir simvollarına çevrilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açaraq qeyd edib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə möhtəşəm müasir binalar, beynəlxalq standartlara cavab verən mehmanxanalar, olimpiya idman kompleksləri tikilib. Bu tikililərin ərsəyə gəlməsində danılmaz xidmətləri olan memarlarımızın əməyi ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatları ilə təltif olunublar.

Sədr müavini, həmçinin diqqətə çatdırıb ki, Memarlar İttifaqının təşəbbüsü ilə mütəmadi olaraq sərgi müsabiqələr keçirilir, Azərbaycan memarlıq sənətinin nümunələri nümayiş olunur. Eyni zamanda, tanınmış memarlarımızın əsərləri beynəlxalq müsabiqələrdə də layiqli yer tutur.

Sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin təşkilatın 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.

E.Qasımzadə bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətinin əsas məqsədi Azərbaycan memarlığının inkişafına nail olmaq, memarlıq və şəhərsalmanın inkişaf istiqamətlərini müəyyənləşdirmək, orijinalmüasir layihələri müəyyənləşdirmək üçün sərgi və müsabiqələr təşkil etməkdir.

Qeyd olunub ki, hesabat dövründə Memarlar İttifaqının 10 plenumukatibliyin 49 iclası keçirilib, həmin iclaslarda respublika memarlığına dair aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının orqanı olanMemarelmi-analitik informasiya jurnalının ilk nömrəsi çapdan çıxıb. Jurnal ildə dörd dəfə olmaqla, 1000 nüsxə tirajla çap olunur.

Diqqətə çatdırılıb ki, Memarlar İttifaqının üzvləri Beynəlxalq Memarlar İttifaqının 2014-cü ildə Cənubi Afrika Respublikasının Durban şəhərində və 2017-ci ildə Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya konqreslərində və Baş Assambleyanın iclaslarında geniş nümayəndə heyəti ilə iştirak ediblər. Həmçinin Beynəlxalq Memarlar İttifaqına daxil olan II region ölkələri Memarlar İttifaqları prezidentlərinin görüşü 2017-ci ildə Bakı şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbir Azərbaycan memarlığının dünyada tanıdılması yolunda Memarlar İttifaqının atdığı mühüm addımlardan biridir. 2017-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir qrup xarici qonaqla birgə Azərbaycan Memarlar İttifaqına gələrək, qurumun fəaliyyəti və memarlarımızın yaradıcılığı ilə tanış olub.

Qurultayda Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinə Təftiş komissiyasına namizədlər irəli sürülüb. Elbay Qasımzadə yekdilliklə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Elbay Qasımzadəni yenidən Memarlar İttifaqının İdarə Heyətinə sədr seçilməsi münasibətilə təbrik edib, onun ötən beş ildəki fəaliyyətini və respublikanın şəhərsalma və memarlıq sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

 

Azərbaycan.- 2017.- 21 dekabr.- S.2.