Anam Azad Azərbaycan
Anam Azad Azərbaycan
Özünə də, dostlara da
gün ağladı.
Bakı, Tbilisi, Ceyhanla
Dostlarına bel bağladı.
Odlar oğlu öz yaratmaq həvəsiylə,
Yanar odlu nəfəsiylə
Kəmər çəkdi
Avropanı qucaqladı.
Qədim ipək
yoluna da
Can verdi,
can!
Mənim anam Azərbaycan.
(bəziləri
deyinsə də)
Yeni dəblə geyinsə də
Qədim ipək yoludur bu.
Bu yol deyil,
Millətlərin, ölkələrin
Bir-birini qucaqlayan
qoludur bu.
Bu yol gedir gələcəyə,
Qan-qadasız bir sabaha.
Yolumuzu Çin səddi də kəsmir daha.
Dostluq bütün qapıları
açır bizə.
Dostluq varsa,
Ehtiyac yox artıq sözə.
Bəd əllərdə
od - Yanğındır,
Dost əlində
od - Ocaqdı.
Yolu kəsmək -
Dostluq üçün
uzadılan
Qolu kəsmək olacaqdı.
Sən alovdan yoğrulmusan
Məhəbbətdən doğulmusan.
Anam gözəl adının da
Təməli - “Can” - Azərbaycan!
Mehriban ana ruhuna
Canım qurban
Azərbaycan!
Fikrət QOCA
Azərbaycan.- 2017.- 21 dekabr.- S.12.