Nəsir
İmanquliyev - milli jurnalistikamızda zamanı qabaqlayan patriarx
Müasir həyatımızı
internetsiz, xəbər portalları və sosial şəbəkələr
olmadan təsəvvür etmək mümkün deyil. Bunlar elə mənbələrdir
ki, hər birimizi maraqlandıran informasiyanı bu mənbələrdən
əldə edə bilirik. İnternet və
elektron KİV yaranana qədər oxucular mətbu
informasiyanı həmin gün ala bilmirdilər. Onlar bu
günə aid xəbərlə ən yaxşı halda
sabahkı qəzetlərdə tanış
ola bilirdilər. Lakin müdrik və bəsirətli,
gələcəyi görməyi, zamanı qabaqlamağı, cəmiyyətin
tələbatını təmin etməyi bacaran, öz
işinin peşəkarları sayılan insanlar bütün
dövrlərdə olub.
Görkəmli jurnalist, istedadlı
redaktor, pedaqoq və ictimai xadim, XX əsrin ortalarında, 60 il
bundan əvvəl yeni bir nəşr - Azərbaycan
paytaxtında baş verən hadisələrdən
insanların elə həmin gün xəbər tutmalarına
imkan verən axsam qəzeti yaratmaq təşəbbüsü
ilə çıxış etmiş Nəsir İmanquliyev məhz
belə müdrik, uzaqgörən və nurlu insan idi.
Professor Nəsir İmanquliyev 1911-ci il dekabrın 22-də Bakıda anadan olub. O,
bütün mənalı həyatını Azərbaycan mətbuatının,
mədəniyyətinin inkişafına, peşəkar jurnalist
kadrlar hazırlanmasına sərf edib.
Nəsir İmanquliyevin
yaratdığı və 30 il ərzində fasiləsiz rəhbərlik
etdiyi “Bakı” və “Baku” qəzetləri ötən əsrin
60-90-cı illərində Azərbaycan mətbuatının
inkişafında böyük rol oynayıb. Bu qəzetlərin
səhifələrində dərc edilən, həyatın
bütün sahələrini - iqtisadiyyat, mədəniyyət,
təhsil, sosial problemlər və başqa məsələləri
əhatə edən materiallar bu gün də öz
aktuallığını saxlayır. Azərbaycan
jurnalistikasının korifeyi öz müsahibələrinin
birində “Axşam qəzeti yaradılması zərurəti nə
ilə bağlı idi?” suala cavabında deyib ki, 1950-ci illərin
ortalarında Bakıda azərbaycandilli əhalinin, o cümlədən
ziyalıların sayının artması ilə əlaqədar,
operativ məlumat almağa zərurət hiss edilirdi. Buna görə o, belə bir qəzetin
yaradılmasını təklif edib. Nəsir
İmanquliyev xatırlayırdı: “Lakin bu məsələ təkcə
Bakıda həll edilə bilməzdi, bunun üçün mərkəzi
hökumətin - Moskvanın razılığını almaq
lazım idi. O vaxt mən Azərbaycan Radio Verilişləri
Komitəsinə sədr təyin edilmişdim. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsindən Şixəli
Qurbanov mənə zəng vurub bildirəndə ki, Moskvanın
razılığı alınıb, mənim sevincimin həddi-hüdudu
yox idi. Qəzetin yaradılması ilə əlaqədar
bütün təşkilati işlər və ona rəhbərlik
etmək mənə həvalə olundu. Mən axşam qəzetinin
nəşri barədə çoxdankı arzuma nail
olmuşdum, buna görə Radio Verilişləri Komitəsindəki
işimdən qəzet redaktorluğuna məmnuniyyətlə
keçdim, hərçənd məvacibim xeyli azaldı. Nəhayət,
1958-ci il yanvarın 10-da qəzetin birinci
nömrəsi çapdan çıxdı. Həmin
nömrədə Bakıda baş vermiş hadisələr barədə
xəbərlər, istehsalat yenilikləri dərc olunmuşdu.
Qəzetdə ədəbi
yaradıcılığa xeyli yer ayrılırdı.
Bizim qəzetin səhifələrində Abdulla Şaiq,
Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, Rəsul
Rza, Hüseyn Abbaszadə, Qabil kimi sənət
adamlarının qələmindən çıxan bədii
nümunələrin dərc edilməsi ona marağı daha da
artırır, oxucuların sayı çoxalırdı. ...Tədricən
qəzetin tirajı artdı, biz bu qəzetə reklam əlavəsi
nəşr etməyə başladıq. 1962-ci
ildə isə rusdilli “Baku” qəzetinin nəşrinə
başladıq. Bizim qəzetlər təkcə
paytaxtda populyar deyildi, hətta Azərbaycanın ucqar
rayonlarında da abunəçilərimiz vardı, bizə
çoxlu oxucu məktubları gəlirdi”.
Nəsir İmanquliyev bu
müsahibəni 1998-ci ildə - artıq qanuni istirahətdə
olduğu dövrdə, vəfatından cəmi bir neçə
gün əvvəl verib. Azərbaycan jurnalistikasının korifeyi müxbirin
“Bakı” və “Baku” qəzetlərinin fəxri redaktoru kimi, qəzetlərimizin
bu günü ilə bağlı fikirləriniz və yetirmələrinizə
arzularınız...” sualına cavabında, sanki qarşıdan
gələn internet dövrünü qabaqcadan görərək
deyib: “Operativliyi artırmaq lazımdır. Axı
indi çox şeyi sürət həll edir”.
Nəsir İmanquliyevin nəvəsi
- M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin rektoru akademik Nərgiz Paşayeva babası
haqqında xatirələrində yazır: “Gün ərzində
elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə
işıqlandırılmasın. Bu gün
bütün hadisələri internet vasitəsilə izləmək
olar. Lakin o vaxt belə imkan yox idi.
Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və
“Baku” axşam qəzetləri bugünkü informasiya agentliklərinin
funksiyalarını yerinə yetirir, gün ərzində
baş vermiş hadisələr barədə oxuculara operativ məlumat
verirdi. Bu, heç də asan məsələ
deyildi. Jurnalist öz fəaliyyətində
fasilə edə bilməz və Nəsir İmanquliyev də
fasiləsiz işləyən peşəkar jurnalist idi. Jurnalist üçün ən əsas məsələ
sözün vaxtında istifadə edilməsidir.
Yazıçı öz fikirlərini və mülahizələrini
bu gün olmasa, sabah da yaza bilər. Amma jurnalist başqa cür hərəkət etməlidir.
Jurnalist operativ işləməlidir. Bu mənada Nəsir müəllimin fəaliyyəti
ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri
incəliklərinə qədər bilir və öz gündəlik
fəaliyyətində onlara riayət edirdi. Yadımdadır, o, hər gün evə qayıdandan
sonra gecə saat 2-3-ə qədər işləyirdi. Bütün materialları özü oxuyur, onları
gözdən keçirirdi”.
Nəsir İmanquliyev
informasiya janrına böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, hər bir mətbu
orqanın siması, onun nüfuzu, oxucu auditoriyası peşəkarlıqla
düşünülmüş informasiya siyasəti ilə
müəyyən edilir. O, uzaqgörən bir redaktor kimi
informasiyanın cəmiyyətdə və dünyada
mühüm rol oynadığını çox dəqiq
bilirdi.
“Bakı” və “Baku” qəzetlərinə
30 il fasiləsiz rəhbərlik etmiş və yüksək
peşəkar kollektiv formalaşdırmış Nəsir
İmanquliyevin müasir Azərbaycan jurnalistikasının
inkişafında xüsusi xidmətləri var. O, həyatının
50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
milli kadrlar hazırlanmasına sərf edib. Bu
fakültənin məzunlarından biri də mənəm.
Biz birinci kursda oxuyanda professor Nəsir İmanquliyev bizi
jurnalistikanın əlifbası - “Jurnalistikaya giriş” fənni
ilə tanış etdi. O, bizə təkcə
müasir jurnalistikanın nəzəriyyəsini öyrətməklə
kifayətlənmir, həm də özünün rəhbərlik
etdiyi qəzetlərin nümunəsində redaksiyanın adi
iş günləri, jurnalist materiallarının necə
yaranması, informasiyanın necə əldə edilməsi,
eyni bir mövzunu müxtəlif janrlarda necə açıqlamaq
mümkün olması barədə danışırdı.
Professor Nəsir İmanquliyev həm də bugünkü ali jurnalist təhsilinin simasını müəyyən
etmiş jurnalist kursları yaratmışdı.
Bugünkü media
kapitanlarının əksəriyyəti vaxtilə Nəsir
müəllimin tələbələri olublar. Onun keçmiş tələbələrindən
biri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) baş direktoru Aslan Aslanov unudulmaz müəllimi
haqqında xatirələrində yazır: “Nəsir müəllim
ömrünün sonunadək Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl
universiteti “Bakı” və “Baku” qəzetləri olub. Professor Nəsir İmanquliyev universitet
auditoriyalarında tələbələrə yalnız
jurnalistikanın əsaslarını öyrədirdi.
“Bakı” və “Baku”nun “auditoriyalarında” isə bizə qəzetçilik
işinin incəlikləri ilə bərabər, jurnalistika məharəti,
redaktə bacarığı, səbirlə işləmək
vərdişləri, ən başlıcası isə Nəsir
İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq,
alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət
və böyüklük - ağsaqqallıq, təmkinlilik kimi
məziyyətləri təlqin edirdi...”
Oxucuların yaşlı nəslinin
nümayəndələri hər gün
axşamçağı “Bakı” və “Baku” qəzetləri
üçün köşklərin qarşısında
növbəyə dayandıqları illəri yaxşı
xatırlayırlar. Öz işinin xüsusiyyətinə görə həm
ölkədə, həm də xaricdə baş verən
bütün yenilikləri hər gün izləyən Aslan
Aslanov qeyd edir ki, Nəsir müəllim hələ yarım əsr
bundan əvvəl jurnalistikanın informasiya janrını
yüksək qiymətləndirir, onun buraxdığı qəzetlərin
səhifələrində operativ, dəqiq, maraqlı və rəngarəng
xəbərlərin yerləşdirilməsinə
üstünlük verirdi. Aslan Aslanov müəlliminə həsr
etdiyi “Ustad dərsi unudulmur...” sərlövhəli məqaləsində
yazır: “Bu, şəhər qəzetlərini o zaman digər
mətbu nəşrlərdən fərqləndirən əsas
cəhətlərdən biri idi”.
Jurnalistikamızın
ağsaqqalı, Bakı Dövlət Universitetinin professoru
Şirməmməd Hüseynov “Mənəvi təmizlik
ölçüsü” adlı məqaləsində Azərbaycan
jurnalistikasının korifeyini xatırlayaraq yazır ki, Nəsir
İmanquliyev onun üçün həm müəllim, həm
də istər müəllimlik, istərsə də elmi fəaliyyətində
həmkar olub. Professor Şirməmməd Hüseynov yazır:
“1966-cı ildə “Azərnəşr” kafedramızın
hazırladığı “Jurnalistika məsələləri” dərs
vəsaitini nəşr etdi. Bu kitabın əsas
müəlliflərindən biri də Nəsir İmanquliyev
idi. “Qəzetdə xəbər” bölməsini
Nəsir müəllimlə mən birgə
yazmışdıq. Tələbələr
indi də bu dərs vəsaitindən istifadə edirlər”.
Ş.Hüseynov Nəsir müəllimin jurnalist
kadrlarının bir neçə nəslinin müəllimi
olmasını vurğulayaraq qeyd edir ki, jurnalistika fakültəsində
işgüzar ab-havanın, orada hökm sürən tələbkarlıq,
ədalət, nəciblik və səmimiyyətin əsasını
məhz Nəsir İmanquliyev kimi pedaqoqlar qoyublar.
1980-ci illərin əvvəlində
jurnalistikada ilk addımlarını atan bir müxbir kimi, bu sətirlərin
müəllifinə müasir jurnalistikanın klassiki Nəsir
İmanquliyevin mühazirələrini dinləməklə bərabər,
onunla bir binada işləmək xoşbəxtliyi nəsib olub. O vaxt əksər qəzet və
jurnalların redaksiyaları həmin binada yerləşirdi. Mən “Vışka” qəzetində işləyirdim,
mənimlə bir kursda oxuyan rəfiqəm isə “Baku” qəzetinin
əməkdaşı idi. Tez-tez onların
redaksiyasına baş çəkirdim. Bu redaksiyanın
iş ritmi məni həmişə heyran edirdi - kollektiv
şövqlə, operativ və dinamik
çalışırdı. Qəzeti səhifələnməyə
və çapa vaxtında təqdim etmək lazım idi ki,
axşam oxucular onu alıb cari günə aid xəbərləri
öyrənsinlər. Hesab edirdim ki, Nəsir
müəllim çox tələbkar və bir qədər sərt
adamdır. O vaxt redaksiyada işləyən gənc
jurnalistlər isə deyirdilər ki, Nəsir müəllimin
zahiri sərtliyinə baxmayaraq, öz kollektivinin üzvlərinə,
xüsusən gənc kadrlara münasibətdə ata kimi
xeyirxah və qayğıkeşdir, onlara etimad göstərir və
kömək edir, lakin, eyni zamanda, tələbkardır, hərçənd,
özünə qarşı daha artıq dərəcədə
tələbkar idi.
Tanınmış jurnalist, uzun illər
“Bakı” qəzetində işləmiş Dağbəyi
İsmayılov “Mətbuatımızın siması və ya
ustadımın portretindən ştrixlər” adlı məqaləsində
yazır ki, Nəsir müəllim ona universitetdə beş il dərs deyib, ali məktəbi bitirəndə
isə onu “Bakı” qəzetinin redaksiyasına işə dəvət
edib. D.İsmayılov öz xatirələrində yazır:
“İndi iftixar hissilə demək olar ki, Nəsir müəllimin
redaktoru olduğu şəhər qəzetlərinin
redaksiyası özünəməxsus dəst-xəttə, təlim
və tərbiyə üsullarına malik milli jurnalistika
universiteti idi. Bu universitetə qəbul olunmaq, vicdanlı, təmiz,
mənəviyyatlı və peşəkar qəzetçiliyin
sirlərinə yiyələnmək, qələm əhlinin əzablı
həyat tərzinə alışıb, onun
ağrı-acılarına tablaşmaq nə qədər
çətin idisə, hansı səbəbdənsə
oranı tərk etmək, başqa iş yerinə getmək
ondan da qat-qat çətin idi. Son dərəcə
qayğıkeş və rəhmli bir insan olan Nəsir müəllim
hər nədə desən güzəştə gedərdi,
amma kadr məsələsində yox. O, kadrların qədrini-qiymətini
bilirdi. Nəsir müəllim öz kollektivini
çox sevirdi, 30 il fasiləsiz bu kollektivə rəhbərlik
edib”. Dağbəyi İsmayılov öz böyük
müəlliminin bu sözlərini sitat gətirir: “Mənim
iki evim, iki ailəm vardır. Biri yaşadığım ev, biri də çalışdığım
redaksiyadır. Hər ikisi mənə doğma və
əzizdir”. Bu, həqiqətən belə
idi. O, doğrudan da, hər iki evi, hər iki ailəsi ilə
nəfəs alırdı. Bu sevginin, bu istəyin nəticəsi
idi ki, Nəsir müəllim təqaüdə
çıxandan sonra da redaksiya ilə müntəzəm əlaqə
saxlayır, “Bakı” və “Baku”nun hər sayını
alıb diqqətlə oxuyur, dərhal da zəng vurub
iradlarını deyir, tövsiyələrini verirdi. Hərdən
zarafatla deyirdi: “Məni “Bakı”ya müxbir götürsələr
böyük həvəslə gəlib işləyərəm”.
Nəsir İmanquliyevin öz
kollektivinə, öz tələbələrinə
bağlılığını onun nəvəsi, akademik Nərgiz
Paşayeva da öz xatirələrində qeyd edir: “O,
çoxlarının mənəvi atası idi. Onun
təkcə bir uşağı yox idi, onun yetirmələri, qəzet
əməkdaşları, jurnalistlər onun övladları
idi”.
Görkəmli jurnalist, sözün həqiqi
mənasında, peşəkar, həmişə öz
dövründən bir neçə addım irəlidə gedən
novator, həssas və qayğıkeş pedaqoq, öz tələbələrinə
nəzəri biliklərlə yanaşı, həm də
jurnalistin əxlaq kodeksini aşılayan, sadə dildə desək,
bu peşədə nəyin yaxşı və nəyin pis
olduğunu başa salan, incə qəlbli, nurlu və təmiz
insan, qayğıkeş ailə başçısı, Aida
xanım İmanquliyeva kimi gözəl bir övlad
böyütmüş ata...
Bütün bu ifadələr
bir nəfərə - professor Nəsir İmanquliyevə aiddir.
Deyirlər insan
başqalarının qəlbində və yaddaşında
öz əməlləri ilə yaşayır. Bu mənada
Jurnalist və Müəllim Nəsir İmanquliyev özünə
ölməzlik qazanıb.
AZƏRTAC
Azərbaycan.- 2017.-21 dekabr.- S.10.