Azərbaycan sivilizasiyalararası, dinlərarası əməkdaşlığın
uğurla gerçəkləşdiyi məkandır
Prezident İlham
Əliyev ölkədə dinlərarası münasibətlərin
yüksək səviyyədə tənzimlənməsini,
müsəlmanlar arasında mövcud olan birliyi və
qarşılıqlı anlaşmanı Azərbaycanı
gücləndirən əsas amillərdən biri kimi səciyyələndirdi
Dekabrın 21-də Bakıda, Heydər
Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi
İli: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.
Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli din xadimləri.
Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində Azərbaycanda və bir çox ölkələrdə beynəlxalq konfranslar, tədbirlər keçirilmişdir. Sonuncu beynəlxalq konfrans isə bu gün Bakıda öz işinə başlayır. Mən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm. Qeyd etməliyəm ki, bu gün konfransda 40-a yaxın ölkədən 150-dək xarici qonaq iştirak edir. Hörmətli qonaqlarımızın iştirakı bu konfransın və bu mövzunun əhəmiyyətini bir daha göstərir.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir.
Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.
Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.
Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.
Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.
Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.
Azərbaycan keçən ili “Multikulturalizm İli” elan etmişdi. Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni
zamanda, həyat tərzimizdir. Azərbaycanda
yaşayan bütün dinlərin, millətlərin nümayəndələri
bunu təsdiq edə bilərlər. Multikulturalizmin
alternativi yoxdur. Alternativ dünyanı,
ölkələri sarsıdan çox təhlükəli
meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür
ki, multikulturalizm yaşayır. Lakin
multikulturalizmlə bağlı bəzən çox bədbin
fikirlər səslənir, özü də yüksək səviyyədən.
Buna baxmayaraq, biz hamımız
çalışmalıyıq ki, bu ülvi dəyərləri
qoruyaq, möhkəmləndirək. Multikulturalizm
hər bir ölkə üçün adi hala çevrilməlidir.
Qeyd etdiyim kimi, Azərbaycanın
İslam ölkələri ilə İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində həm
özəl münasibətləri var, həm də Azərbaycan
bu təşkilat çərçivəsində fəal rol
oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda,
bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz
var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan
strateji tərəfdaşlıq sənədi
imzalamışdır. Yəni, bu da Avropa
İttifaqının üzvlərinin üçdəbir hissəsidir.
Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz
var. Bir sıra məsələlər ətrafında çox
ciddi iş gedir və bu ilin əvvəlində Avropa
İttifaqı ilə Azərbaycan arasında gələcək
saziş üzərində iş başlamışdır. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə
duran məsələlərə münasibətini, eyni zamanda,
bizim siyasətimizi əks etdirir. Azərbaycan
xalqı öz milli mənəvi köklərinə çox
bağlıdır. Müstəqil Azərbaycan
dövlətinin təməli məhz bu milli dəyərlərdir.
Bizim milli dəyərlərimiz isə ümumbəşəri
dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim
tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki
keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı,
bax, dinlərarası, mədəniyyətlərarası
dialoqun aparılmasında əvəzolunmaz ölkəyə
çevirir.
Bir məsələni də
qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə
dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu
istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir.
Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan
xalqı bu duyğularla, bu fikirlərlə yaşayır.
Bizim uğurlu inkişafımız göstərir
ki, dinlərarası, millətlərarası münasibətlər
lazımi səviyyədə olanda inkişaf da, sabitlik də
olur və bütün Azərbaycan vətəndaşları gələcəyə
də nikbinliklə baxırlar.
Bu il biz İslam Həmrəyliyi
Oyunlarını yüksək səviyyədə
keçirmişik. IV İslam Həmrəyliyi
Oyunları Bakıda keçirilmişdir. Əllidən
artıq ölkədən 3 mindən çox idmançı,
minlərlə qonaq gəlmişdi. Bu, həm
böyük idman yarışı idi, eyni zamanda, bu, bir dostluq
bayramı, qardaşlıq bayramı idi. Bütün
İslam ölkələrinin aparıcı
idmançıları Bakıda idilər. Əlbəttə,
biz fəxr edirik ki, Azərbaycan milli komandası bu
yarışların qalibi oldu, birinci yerə layiq
görüldü. Amma əsas məsələ
bunda deyil. Əsas məsələ
ondadır ki, bu Oyunlar bir daha göstərdi ki, İslam həmrəyliyi
var və gənc nəsil gərək gələcəkdə
bu gözəl dəyərləri daim dərk etsin və
gücləndirsin. İki il bundan əvvəl
isə Bakıda tarixdə ilk dəfə olaraq Avropa
Oyunları keçirilmişdir. Digər qitə
oyunlarından fərqli olaraq, Avropa Oyunları 2015-ci ilə qədər
heç vaxt keçirilməmişdir. İlk
Avropa Oyunları Azərbaycanda keçirilmişdir və
Avropadan 5 mindən çox idmançı burada
yarışırdı, minlərlə qonaq gəlmişdi.
Azərbaycan komandası bu Oyunlarda ikinci yerə
layiq görüldü.
Yəni, bu iki hadisə
özlüyündə bir göstəricidir. Əlbəttə
ki, bunlar böyük, möhtəşəm idman tədbirləri
idi. Amma, eyni zamanda, həm Avropa, həm İslam
Oyunlarının iki il ərzində bir şəhərdə,
bir ölkədə keçirilməsi həm Avropa, həm
İslam aləminin bizə olan münasibətini göstərir,
həmçinin onu göstərir ki, bir daha dediyim fikirlərə
qayıdıram - Azərbaycan sivilizasiyalar, dinlər və qitələr
arasında nadir rol oynayır.
Digər önəmli təşəbbüs
2008-ci ildə Azərbaycan tərəfindən irəli
sürülmüşdür. Bildiyiniz kimi, Azərbaycan,
eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa
Şurasının mədəniyyət nazirlərinin
toplantısına İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərini dəvət
edək. Tarixdə ilk dəfə olaraq iki
təşkilatın nazirləri Bakıda
görüşdülər. Çox səmərəli
görüş keçirilmişdir, çox səmimi fikir
mübadiləsi aparılmışdır. Biz hesab etdik ki, bu təşəbbüsün
davamı olmalıdır, yəni, bu, sadəcə olaraq, bir
görüş olmamalıdır. Bu məqsədlə
növbəti il biz İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin mədəniyyət
nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri
dəvət etdik. Yəni, bu, artıq ənənəyə
çevrildi və sonra bu təşəbbüsə “Bakı
Prosesi” adı verildi. Bu gün “Bakı
Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik.
“Bakı Prosesi” bütün beynəlxalq mötəbər
təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən
çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı
və Avropa Şurası arasında əlaqələrin
inkişafı üçün dünya miqyasında nadir bir
platformadır. Yenə də təşəbbüs
Azərbaycan tərəfindən gəldi.
Əminəm ki, biz belə təşəbbüslərlə
ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz
ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı
hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr
bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və
bütün dünyada sülh bərqərar olacaq.
Azərbaycan gənc müstəqil
dövlətdir. Müstəqilliyimizin cəmi 26
yaşı var. Müstəqilliyin ilk illəri çox
ağır keçmişdir, çox faciəvi hadisələr
baş vermişdir. 1993-cü ilə qədər
Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə
idi. Ölkədə xaos, anarxiya, iqtisadi
böhran hökm sürürdü, inflyasiya min faizlərlə
ölçülürdü, bütün sənaye müəssisələrimiz,
demək olar ki, fəaliyyətsiz qalmışdı və
ölkənin inkişafı üçün perspektivlər
çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı
hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə
start verdi və qardaş qanı
axıtdı. Mənfur qonşu Ermənistan
bundan istifadə edərək torpaqlarımızın bir hissəsini
işğal etmişdir. Yəni, Azərbaycan
demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə Azərbaycan xalqı
özünə xas olan müdriklik göstərərək
böyük lider Heydər Əliyevi hakimiyyətə dəvət
etmişdir və 1993-cü ildən bu günə qədər
Azərbaycan inkişaf və tərəqqi yolu ilə gedir.
1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq
arenada rolumuzun artması, ölkə daxilində bütün
qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi,
vətəndaş müharibəsinin dayandırılması,
yeni Konstitusiyanın qəbul edilməsi və ölkəmizin
strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar
xalqımızı ağır vəziyyətdən
çıxara bildi və bu gün də Azərbaycan
uğurla inkişaf edir. Eyni zamanda, müstəqilliyin
ilk illərində Azərbaycanda dinlərarası, millətlərarası
münasibətlər də demək olar ki, pozulmuşdu.
Yumşaq desək, bu sahədə, çox
böyük səhvlər, dəqiq desək, cinayətlər
törədilmişdir. Məhz Heydər
Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda
bu sahədə də dönüş yarandı, dövlət-din
münasibətləri lazımi səviyyədə quruldu.
Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə
və mahiyyətinə görə Azərbaycan bir çox
ölkələr üçün nümunə ola bilər.
Bu gün 26 ildir müstəqil
dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm
dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən
tanınan torpaqlarımızın 20 faizini 20 ildən
çoxdur ki, işğal edib. Bu
torpaqlardan bir milyondan çox vətəndaş qovulub,
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Xalqımıza
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır. Ermənilər
qanlı cinayət – Xocalı soyqırımını törətmişlər.
Erməni quldurları tərəfindən 600-dən
çox günahsız, dinc insan, onların arasında 100-dən
çox qadın, 60-dan çox uşaq qətlə
yetirilmişdir. Xocalı
soyqırımını 10-dan çox ölkə artıq
soyqırımı kimi tanıyıb.
BMT münaqişə ilə
bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni silahlı
qüvvələri işğal edilmiş torpaqlardan dərhal
və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb.
Bu qətnamələri qəbul edənlər bu
məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz
işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda
bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz
ermənilər tərəfindən dağıdılıb.
Bu dağılmış məscidlərin
fotoşəkilləri indi internetdə kifayət qədər
dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb.
ATƏT işğal edilmiş torpaqlara iki dəfə
faktaraşdırıcı missiya göndərmişdir.
O missiyalar dediyim mənzərə ilə üzləşmişlər
və öz məruzələrində bunu əks etdirmişlər.
Münaqişə ilə
bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq
hüquqa tam əsaslanır. İlk növbədə,
Dağlıq Qarabağ Azərbaycanın əzəli
torpağıdır, tarixi torpağıdır, digər tərəfdən,
beynəlxalq hüquq baxımından Azərbaycanın
ayrılmaz hissəsidir. Bütün
dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda
münaqişə yalnız və yalnız beynəlxalq
hüququn norma və prinsipləri əsasında
öz həllini tapmalıdır, BMT Təhlükəsizlik
Şurasının qətnamələri, - bu sənədlərdən
daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir
və ölkəmizin ərazi bütövlüyü bərpa
olunmalıdır. Azərbaycan dövləti və
Azərbaycan xalqı öz torpağında ikinci erməni
dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
O ki qaldı, xalqların öz
müqəddəratını təyin etməsi məsələsinə,
bu məsələ ölkələrin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapa bilər. Qeyd etdiyim kimi,
dünyanın əksər ölkələri çoxmillətli,
çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını
təyin edib, onların öz dövlətləri var.
İkinci erməni dövlətinin tarixi Azərbaycan
torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt
imkan verməyəcək. Bu, əslində
çox zərərli, təhlükəli və xəstə
bir məntiqdir. Ermənilər bir çox
ölkələrdə yaşayırlar. İndi
əgər onlar yaşadıqları bütün ölkələrdə
Azərbaycandakı kimi öz müqəddəratını təyin
etmək arzusuna düşərlərsə və aqressiv
separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin
siyasəti necə olacaq.
Bu gün dünyada gedən
proseslər bizim mövqeyimizi dəstəkləyir və
gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq
hüquq, həm tarix, həm potensial baxımından bizim
mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir.
Görün, Avropa ölkələrində
separatizmə qarşı hansı addımlar atılır.
Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri
soyqırımı törətmişlər, zor gücü ilə
torpaqlarımızı işğal etmişlər,
günahsız insanları bu torpaqlardan qovmuşlar və bu
gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar.
Mən tam əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və
son hadisələr – keçən ilin hadisələri bunu bir
daha göstərir. Ölkəmizin ərazi
bütövlüyü bütün başqa ölkələrin
ərazi bütövlüyü qədər qiymətlidir və
dəyərlidir.
Bu böyük və çətin
problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada
çox etibarlı tərəfdaşa çevrildik, bir
neçə il bundan əvvəl 155
ölkənin səsi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçildik. Bu, bizim
böyük siyasi qələbəmiz idi. Çünki o
vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil
ölkə kimi yaşayırdı və bu illər ərzində
beynəlxalq ictimaiyyətin rəğbətini qazana
bilmişdir. Ölkədə çox ciddi
iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf
baxımından Azərbaycan son 14 il ərzində
dünyada ən sürətlə inkişaf edən ölkədir.
İqtisadiyyatımız, ümumi daxili məhsul
3 dəfədən çox artmışdır.
Biz, eyni zamanda, çox ciddi
sosial siyasət aparırıq və bunun nəticəsində
Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan
kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç
mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi
tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol
inşa edilmişdir və digər lazımi sosial infrastruktur
yaradılır. Beynəlxalq maliyyə
qurumları Azərbaycanda aparılan islahatları çox
yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi
demək kifayətdir ki, bu barədə təsəvvür
olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı
ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə
görə 35-ci yerə layiq görüb. Yəni,
bu, çox böyük göstəricidir və biz bu göstəriciyə
enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin
enerji resursları var və bu resurslardan biz səmərəli
şəkildə istifadə edirik. Amma
ölkələrin rəqabətqabiliyyətliliyi digər
parametrlər üzərində hesablanır və bu göstərici
bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli
iqtisadiyyatlar arasına daxil edir.
Məndə və bilirəm ki, cəmiyyətdə
ölkəmizin gələcək inkişafı ilə
bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan
nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri
olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz
ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı
inkişafını dəstəkləyəcək.
Azərbaycan bölgədə
çox önəmli nəqliyyat mərkəzinə
çevrilir.
İki ay bundan əvvəl istifadəyə verilən
Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa
ilə ən qısa yolla birləşdirdi. Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi
üzərində işləyirik. Bu istiqamətdə də
çox önəmli nəticələr var. Biz ilin sonuna qədər
növbəti nəticələri gözləyirik ki, qısa
müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə
birlikdə istifadəyə verək. Beləliklə,
bundan sonra həm Şərqdən Qərbə və əks
istiqamətə, həm də Şimaldan Cənuba və əks
istiqamətə dəmir yolları Azərbaycan ərazisindən
keçəcəkdir. Bu, bizə əlavə
iqtisadi mənfəət və əlbəttə ki, siyasi
dividendlər gətirəcək. Bu,
regional əməkdaşlığa da çox ciddi müsbət
təsir göstərəcək. Eyni
zamanda, əminəm ki, bu, bizim bugünkü
konfransımızın burada yazılan mövzusuna da öz
müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası,
mədəniyyətlərarası dialoqun aparılması
üçün hesab edirəm ki, sadəcə olaraq, söz
danışmaq kifayət deyil. Konkret layihələr,
konkret maraqlar olmalıdır, maraqların uzlaşması,
balansı və qarşılıqlı asılılıq
olmalıdır. Bizim regionda icra etdiyimiz
layihələr bu qarşılıqlı maraqları təmin
edir.
Əlbəttə ki,
bütün bu nailiyyətləri biz qonşularımızla
birlikdə əldə etmişik. Tranzit olmaq istəyən
hər bir ölkə gərək öz qonşuları ilə
yaxın münasibətlər qursun. Bizdə
də bu, belədir. Biz
qonşularımızla çox sıx əlaqələr
qurmuşuq. Əlbəttə ki, bu, regional
təhlükəsizliyə və sabitliyə də öz
müsbət təsirini göstərir.
Bir sözlə, əziz
dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik
dövründə mədəniyyətlərarası dialoqun
inkişafında və İslam həmrəyliyinin güclənməsi
işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla
gedəcəyik.
Fürsətdən istifadə
edərək, sizə - bütün qonaqlara Bakıya gəldiyiniz
üçün bir daha təşəkkürümü
bildirirəm və konfransa uğurlar arzulayıram. Sağ olun.
***
İran Prezidenti Aparatının rəhbəri
Mahmud VAEZİ çıxış edərək dedi:
- Azərbaycan Respublikasının
Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.
Hörmətli qonaqlar,
xanımlar və cənablar.
Əvvəlcə, “İslam Həmrəyliyi
İli”nin sonuncu toplantısında
iştirak etdiyim üçün şad olduğumu, bu
mühüm tədbiri təşkil edənlərə, dost və
qardaş Azərbaycan Respublikasındakı və gözəl
Bakı şəhərindəki qardaşlarımın qonaqpərvərliyinə
görə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
çox məzmunlu nitqinə görə təşəkkür
edirəm. Cənab Prezidentin bu təşəbbüsünü
çox yüksək qiymətləndirirəm. İstəyirəm ki, bu fürsətdən istifadə
edərək İran İslam Respublikasının Prezidenti Həsən
Ruhaninin dostluq və qardaşlıq mesajını Azərbaycan
Respublikasının Prezidentinə və bütün qonaqlara
çatdırım. Onu da bildirmək istəyirəm
ki, 2017-ci ildə Azərbaycan Respublikası İslam həmrəyliyi
sahəsində çox böyük işlər
görmüşdür.
Sonra Mahmud Vaezi İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin
müraciətini oxudu.
İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaninin müraciəti
“Bismillahir-rəhmanir-rəhim.
İran İslam
Respublikası Azərbaycan Respublikasının möhtərəm
Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsini müsbət qarşılayaraq dəstəklədi. İran bu təşəbbüs
çərçivəsində beynəlxalq konfrans və
toplantılardan birinin cari ilin avqustunda Tehranda keçirilməsini
təşkil etdi. Bakıda keçirilən
IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizdən
çoxlu sayda idmançının iştirak etməsi bu təşəbbüsü
dəstəkləməyimizin başqa bir göstəricisidir.
İslam dini məhəbbət,
rəhmət, mehribanlıq və insansevərlik dinidir. Müqəddəs
İslam dininin mesajı bütün insanlara qarşı sevgi
və məhəbbət mesajıdır. Allah
İslam peyğəmbərini bütün aləmlərə
rəhmət olaraq göndərib. Digər
tərəfdən, “Qurani-Kərim”in nurlu ayələri, Məhəmməd
Peyğəmbərin kəramətli təlimləri və
imamların dəyərli tövsiyələri müsəlmanlar
arasında birliyin qorunmasına və hər növ təfriqədən
uzaq olmağa təkid edir. Biz İslam
ölkələri dinin bu vacib əmrini yerinə yetirməkdə
böyük məsuliyyət daşıyırıq. Təəssüf ki, dünyanın hazırkı
siyasi şəraitində müsəlmanlar arasında birliyin
böyük maneələrlə üzləşdiyinin
şahidiyik. Bu maneələrin
böyük hissəsi müsəlmanlar arasında vəhdətin
yaranmasını özlərinin siyasi mənafeyi əleyhinə
hesab edən düşmənlərin bədxah niyyətlərinin
nəticəsidir. Bunun bir hissəsi də
İslam ümməti arasında yaranan ixtilaflara və
ayrı-ayrı qruplara bölünməyə aiddir. Biz inanırıq ki, əgər müsəlmanlar
bir-birinin yanında olsalar, dünya gücləri heç vaxt müsəlmanların
elit qibləsinə əl uzatmağa cəsarət etməzlər.
Əgər İslam ölkələri və
xalqları vəhdət və qardaşlıq səmtinə
yönəlsələr, İslam torpağına qarşı
bu qədər təcavüzün və müsəlmanların
didərgin düşmələrinin şahidi olmarıq.
Bu, cənab Prezidentin də qeyd etdiyi çox
gözəl bir məqamdır. İslam
ölkələrinin ərazi bütövlüyü məsələsində
bu, çox önəmli bir məsələdir. Əgər müsəlmanlar dinin həqiqi təlimlərini
dünyaya tanıtdırsalar, İŞİD və digər
radikal terrorçu qruplar heç vaxt özlərini dünyaya
İslam dininin carçıları kimi təqdim etməyə
və gəncləri azdırmağa imkan tapmazlar. Bu qruplar İslam dininə etiqad etmirlər. Çünki onları İslam ümmətinin
düşmənləri olan bəzi qüvvələr
yaradırlar. Bu qrupların fəaliyyəti
ixtilaflara, münaqişələrə, dağıntılara
və İslam dininin gözdən salınmasına səbəb
olub.
İndi artıq hamıya bəlli
olmalıdır ki, ABŞ İslam ölkələri
arasında ixtilaf və intriqa yaratmaq niyyətindədir və
sionist rejimin qeyri-qanuni mənafeyini təmin etməkdən
başqa məqsədi yoxdur. Trampın Qüds
şəhərini İsrailin paytaxtı kimi tanıması və
ABŞ səfirliyinin bu şəhərə
köçürülməsi barədə qərarı, eləcə
də BMT Təhlükəsizlik Şurasının son
iclasındakı səsverməyə veto qoyması Birləşmiş
Ştatların anti-islam və anti-Fələstin siyasətinin
bariz nümunələrindəndir. Xoşbəxtlikdən
keçən həftə İstanbulda baş tutan İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
fövqəladə Zirvə toplantısı İslam ölkələrinin
ABŞ-ın qəbul etdiyi bu qərara qarşı
açıq-aydın və qətiyyətli mövqeyini, eləcə
də Fələstin amalına qəti dəstəklərini
nümayiş etdirdi. Bunun özü də məzlum
Fələstin xalqı üçün aydın gələcəyin
müjdəsini verir.
Cənab Prezident, hörmətli
konfrans iştirakçıları.
ABŞ və sionistlər Fələstin
məsələsinin İslam dünyasında bir nömrəli
məsələ kimi gündəmdə qalmasını istəmirlər. İslam
ölkələri arasında ixtilaf və təfriqə yaradan
mövzuların gündəmə gətirilməsi Fələstin
məsələsinin unutdurulması məqsədini
daşıyır. Biz heç vaxt İslam
düşmənlərinin bu planlarının müsbət nəticələnməsinə
icazə verməməliyik. Buna görə
də hamımız Fələstinin və Fələstin
xalqının müdafiəsi məsələsini özlərinin
qanuni hüquqlarını bərpa edənə, yəni
Qüdsün paytaxtlığı ilə bütün Fələstin
torpaqlarında müstəqil Fələstin dövlətinin təşkil
olunmasına qədər özümüzün əsas vəzifəmiz
hesab etməliyik.
Bu gün birlik və vəhdət
müsəlmanların ən şəfaverici dərmanı və
dərdlərinin məlhəmidir. Təfriqə və
ayrılıq isə daim İslam ümmətinə
böyük zərbələr vurmuşdur. Əgər İslam ölkələri birlikdə
olsalar və bir-birini əzmək əvəzinə bir-birinə
dəstək versələr, İslama düşmən olan
qüvvələrə müraciət etməyə ehtiyac
qalmayacaq.
İran İslam Respublikası
özünün prinsipial siyasətinin davamı olaraq, müsəlmanlar
arasında birliyin qurulması və İslam
qardaşlığının gücləndirilməsi yolunda əlindən
gələni əsirgəməyəcək. İslam
ümməti böyük siyasi, mədəni və iqtisadi
potensiala malikdir. Bu birlik sayəsində bu
potensialdan İslam ümmətinin rifahı və əmin-amanlığı
üçün istifadə etmək vacibdir.
“İslam Həmrəyliyi
İli”nə həsr olunmuş sonuncu tədbir müsəlmanların
birliyini düşünən insanların bu maneələrin
patologiyasını öyrənmək və İslam ölkələri
arasında vəhdətin və əməkdaşlığın
daha da güclənməsi üçün yeni həll
yolları təqdim etmək baxımından yaxşı
fürsətdir.
Vəs-səlamu əleykum və
rəhmətullahi və bərəkatuhu.
Həsən Ruhani, İran
İslam Respublikasının Prezidenti”.
***
Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfransa
müraciətini oxuyan Türkiyənin Diyanət İşləri
Başqanı Əli ƏRBAŞ dedi:
- Azərbaycan Respublikasının
möhtərəm Prezidenti İlham Əliyev həzrətləri,
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın Zati-alilərinizə göndərdiyi
məktubu diqqətinizə çatdırıram:
Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın müraciəti
“Cənab Prezident, hörmətli
qonaqlar.
Qafqaz Müsəlmanları İdarəsi
və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
tərəfindən təşkil olunan “2017 - İslam Həmrəyliyi
İli: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda keçirilən konfransın uğurlu
olmasını arzu edirəm.
Bütün dünyada
münaqişələrin, gərginliyin, islamofobiyanın,
ksenofobiyanın və mədəni irqçiliyin
artdığı bir vaxtda təşkil olunan bu konfransın
son dərəcə önəmli olduğunu
düşünürəm. Populist siyasətçilərin
və məsuliyyətsiz kütləvi informasiya vasitələrinin
təşviqi ilə get-gedə daha çox yayılan nifrət
atmosferi təkcə müsəlmanlara deyil, dili, dini və mədəniyyəti
fərqli olan milyonlarla insana öz mənfi təsirini göstərir.
Hamısından daha vacibi
odur ki, bu mənzərə bütün bəşəriyyətin
sülh, əmin-amanlıq şəraitində, birlikdə
yaşamaq iradəsinə də zərbə vurur. Bunun son acı nümunələrini
Arakanda gördüyümüz kimi, sırf inanclarına
görə 650 min insan doğma yurdlarından didərgin
düşdü və çoxu uşaq, qoca və qadın
olan minlərlə Rohinca müsəlmanları vəhşicəsinə
qətlə yetirildi.
Şübhəsiz ki, 25 ildir
vətən həsrəti ilə evlərindən uzaqda
yaşayan bir milyondan çox azərbaycanlı
qardaşımız etnik təmizləmə, işğal və
qətliamın nə demək olduğunu ən yaxşı
bilənlərdəndir. Buna bənzər zülmlər
bütün dünyanın gözü qarşısında
Suriyadan Fələstinə qədər yaxın
coğrafiyamızda yaşanmaqdadır.
Qlobal ədalət, təhlükəsizlik
və sabitliyin təminatına cavabdeh olan qurum və dövlətlər
isə təəssüflər olsun ki, bu prosesdə öz vəzifələrini
yerinə yetirə bilmirlər. Daha dəhşətlisi
ABŞ hökumətinin Qüdslə bağlı sonuncu bəyanatında
olduğu kimi, BMT Təhlükəsizlik Şurasının qərarlarını
saymayan, beynəlxalq hüquqa zidd olan, gərginlik və
münaqişəni daha da artıran qərarlar verməsidir.
Bu mənfi gedişata
qarşı məsuliyyətli insanlar olaraq öhdəmizə
düşən vəzifə gələcəyimiz,
övladlarımızın gələcəyi naminə
addımlar atmaqdır. Ötən həftə İslam Əməkdaşlıq
Təşkilatının Qüds məsələsi ilə
bağlı İstanbulda keçirilən fövqəladə
Zirvə toplantısı bu istiqamətdə atılmış
tarixi addımdır.
İstər qəbul olunan qərarlar,
istərsə də toplantıya göstərilən
böyük maraq Amerika Birləşmiş Ştatları
hakimiyyətinin İsrailin işğalçı siyasətini
mükafatlandıran qərarına qarşı İslam
ölkələri arasındakı həmrəyliyi
açıq şəkildə ortaya qoydu.
Arzumuz ABŞ hökumətinin fanatiklərin
çörəyinə yağ sürtən,
müsəlmanlarla birlikdə xristianların da Qüds üzərindəki
haqlarını yox sayan bu qərarını ən qısa
vaxtda dəyişdirməsidir.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin rəhbərliyi ilə keçirilən bu
konfransın digər mövzularla yanaşı, Qüds
üçün də önəmli bir addım
olacağını inanıram.
Konfransın keçirilməsində
əməyi olan Azərbaycanın bütün dövlət rəsmilərini
təbrik edir və 2017-ci ili “İslam Həmrəyliyi
İli” elan edən əziz qardaşım Prezident İlham
Əliyevə xüsusilə təşəkkür edirəm.
Bu fikirlərlə səmimi
dəvətinizə görə təşəkkürümü
bildirir, konfransda iştirak edən bütün
qonaqlarımızı ürəkdən salamlayıram.
Rəcəb Tayyib
Ərdoğan, Türkiyə Respublikasının Prezidenti”.
***
Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin konfransa müraciətini oxuyan
Prezidentin dövlət müşaviri Rüstəm KAMİLOV
dedi:
- Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
İlk növbədə, Özbəkistan
nümayəndə heyətinin belə mötəbər
konfransda iştirak etmək dəvətinə görə təşəkkürümü
bildirmək, Şavkat Miromonoviç Mirziyoyevin
salamlarını Azərbaycan Prezidenti Zati-aliləri İlham
Əliyevə çatdırmaq və konfrans
iştirakçılarına onun müraciətini oxumaq istərdim:
Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin müraciəti
“Hörmətli konfrans
iştirakçıları. Belə mötəbər
beynəlxalq konfransın iştirakçılarını -
dövlət, din və ictimai xadimləri, beynəlxalq təşkilatların
rəhbərlərini, tanınmış alimləri səmimi
qəlbdən salamlamağa şadam və sizə öz dərin
hörmət və ən xoş arzularımı
çatdırıram.
Bizim müqəddəs
dinimiz İslama xas olan müxtəlif mədəniyyətlərin
və sivilizasiyaların nümayəndələri arasında əsl
humanizm, alicənablıq və xeyirxahlıq, sülh və
maarifçiliyə, hörmətə və
qarşılıqlı anlaşmaya səylər, bu alicənab
dəyərlər bu gün daha böyük əhəmiyyət
kəsb edir. Bu nöqteyi-nəzərdən, Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu
Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan edilməsi xüsusilə
diqqətəlayiqdir. Bizim üçün
Özbəkistanda ilin tədbirlərindən birini - “Özbəkistanın
və Azərbaycanın timsalında İslam həmrəyliyi”
beynəlxalq konfransı qəbul etmək böyük şərəf
idi. Bu nüfuzlu forumun
iştirakçıları qeyd etdilər ki, hazırkı
qeyri-sabit vaxtda İslamın əsl sülhsevər mahiyyətinin
beynəlxalq ictimaiyyətə çatdırılması
xüsusilə mühüm və aktual məsələyə
çevrilir. Bu məqsədlə Özbəkistanda az iş görülmür. Təkcə bu il biz ölkədə İslam Mədəniyyəti
Mərkəzinin, imam Buxarinin və imam Tirmizinin beynəlxalq
elmi-tədqiqat mərkəzlərinin yaradılması
haqqında qərar qəbul etmişik. Biz, həmçinin
Özbəkistanın İslam Akademiyasını təsis
etmişik. Məşhur Mir Ərəb Mədrəsəsi
bazası əsasında daha bir ali dini tədris
müəssisəsi yaratmışıq. Bürhanəddin Mərqənnani,
imam Maturidi, Bəhauddin Nəqşibəndi elmi-dini məktəblərini
bərpa etmişik.
Böyük əcdadlarımızın
misilsiz irsi bu gün də öz elmi və dini əhəmiyyətini
itirməyib. Şübhəsiz ki, bu, bugünkü çətin
və həyəcanlı zamanda bəşəriyyət
qarşısında qoyulan kəskin vəzifə və problemlərin
həllində böyük rol oynayır, gənc nəsli
düzgün yola yönəltməyə kömək edir.
Qeyd etmək lazımdır ki, bizim bütün
bu xeyirxah təşəbbüslərimiz İslam
dünyasında, o cümlədən qardaş Azərbaycanda dəstəklənir.
Əziz dostlar, biz dinc və
sakit həyatın, bütün dünyada
qarşılıqlı hörmət, razılıq və
tolerantlıq ab-havasının möhkəmləndirilməsinin
mühüm amili kimi müqəddəs dinimizi və İslam
mədəniyyətini yüksək qiymətləndiririk. Biz
İslamı zorakılıq və qan axıdılması ilə
bir sıraya qoyanları, öz qərəzli siyasi məqsədləri
üçün istifadə etməyə
çalışanları qətiyyətlə pisləyirik.
Buna görə də təsadüfi deyil ki, BMT-nin Baş Məclisinin
72-ci sessiyasında Özbəkistan xüsusi “Maarifçilik və
dini tolerantlıq” qətnaməsinin qəbul olunması təşəbbüsü
ilə çıxış etdi.
Əminəm ki, Azərbaycanda
“İslam Həmrəyliyi İli”nin
yekunlarına həsr olunmuş bu beynəlxalq konfrans müsəlman
ölkələrinin əməkdaşlığının
möhkəmlənməsinə, dinlərarası və mədəniyyətlərarası
dialoqun genişlənməsinə öz layiqli töhfəsini
verəcək. Konfransın bütün
iştirakçılarına cansağlığı, xoşbəxtlik
və tədbirin işinə uğurlar arzulayıram.
Şavkat Mirziyoyev, Özbəkistan
Respublikasının Prezidenti”.
***
Vatikanın Dinlərarası Dialoq
üzrə Pontifik Şurasının İslam ilə dialoq
departamentinin rəhbəri Xaled AKAŞE Müqəddəs
Taxt-Tacın adından çıxış edərək dedi:
- Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri, hörmətli Şeyxülislam həzrətləri
Allahşükür Paşazadə.
Hörmətli dini rəhbərlər,
Zati-aliləri, xanımlar və cənablar, əziz dostlar.
Hamımız bilirik ki, 2016-cı il
oktyabrın 2-də bu gözəl ölkəyə səfər
etmiş Zati-müqəddəsləri Papa Fransisk qardaş və
bacı kimi bir-biri ilə görüşmək məqsədilə
müxtəlif dinlərin nümayəndələrini bir araya
gətirmək və yaralardan əziyyət çəkən
bəşəriyyətə ümid
çırağını yandırmaq məqsədi
daşıyan bütün təşəbbüslərə dəstək
verməkdədir.
Zati-müqəddəsləri
ilə Şeyxülislam Allahşükür Paşazadə, eləcə
də digər dini rəhbərlərlə Heydər Məscidində
keçirilmiş dinlərarası görüş Papanın
səfərinin nəinki çox əhəmiyyətli aspektinə
çevrildi, həmçinin bütün dünya
xalqlarına güclü mesaj oldu. Dinlər sülhə
və qardaşlığa aparır. Tanrı
adı altında qətl törətmək absurddur. İbadət üçün toplaşmış
insanları məhv etmək, - bir neçə gün əvvəl
Pakistanda baş vermiş hadisə buna misaldır, -
hamımızın nəinki pislədiyimiz, o cümlədən
onun qarşısını almalı olduğumuz imansız
barbarlıq aktıdır. Bu baxımdan,
dinlərarası və mədəniyyətlərarası
dialoq nadir rola malikdir. Bu iki növ dialoqun vacibliyindən
məlumatlı olaraq Katolik Kilsəsi təqribən 50 il bundan əvvəl Dinlərarası və Mədəniyyətlərarası
Dialoq üzrə Pontifik şuralarını yaratdı.
Dinlərarası Dialoq üzrə
Pontifik Şurasının sədri kimi mən bu konfransda
iştirak edən sizlərə - dini rəhbərlərə
və hörmətli iştirakçılara və sizin
simanızda ölkələrinizə, dini icmalara, təsisat və
təşkilatlarınıza sülh, təhlükəsizlik və
əmin-amanlıq kimi ən xoş arzularımı
çatdırmaqdan məmnunam. Vatikan
Dekasteriyası adından mən Azərbaycan xalqına, Azərbaycan
Prezidentinə, hökumətinə və dini qurumlara təşəkkürümü
bildirir, onların hamısına Tanrıdan xeyir-dualar diləyirəm.
Natiqlərə verilmiş qısa
vaxtı nəzərə alaraq, dinlərarası dialoq kimi
ülvi məqsəd üçün mən
qarşınızda çıxışımı dekalogiya
formasında davam etdirmək istərdim:
Birincisi, mən hər zaman hər
bir insanın və ya qrupun ayrılmaz hüquqlarının,
onun ləyaqətinin qorunmasında, müdafiəsində, təşviq
olunmasında iştirak edəcəyəm.
İkincisi, mən dini
seçimə gəldikdə, hər bir insanın istənilən
bir yerdə etdiyi seçimə hörmətlə
yanaşacağam.
Üçüncüsü,
mən hamı üçün ədaləti təşviq etməklə
sülhün qorunmasına çalışacağam.
Dördüncüsü, mən
yoxsullara, xəstələrə, immiqrantlara, insan alverinin
qurbanlarına hər zaman öz yardımımı göstərəcəyəm.
Beşincisi, mən vəd
edirəm ki, öz çıxışlarımla, - xüsusən
də əgər mən dini rəhbərəmsə, - hər
zaman ədavətin və zorakılığın aradan
qaldırılması məqsədilə dostluğu və
qardaşlığı yayacağam.
Altıncısı, mən əlimdən
gələni edəcəyəm ki, bütün Yer Kürəsi
bizim ümumi evimiz olsun və bütün təbii nemətlərdən
hamımız yararlanaq.
Yeddincisi, mən humanist
yanaşmanı qardaş və bacılarıma təşviq
edəcəyəm, onları həvəsləndirəcəyəm. Çünki
Ulu Tanrı bütün bunları bizim üçün
yaratdı.
Səkkizincisi, Tanrıya
üzümü tuturam və bildirirəm ki, mən
sülhün və barışın carçısı
olacağam.
Doqquzuncusu, mən hər kəsin
ən xoş arzularına çatması üçün dua
və ibadət edəcəyəm.
Nəhayət, onuncusu, mən
öz davranışımla çalışacağam
ardıcıl olum, etimadı qazanım, digərlərinin
köməyinə yetişim. Xüsusən də əgər
siz valideynsinizsə, dini rəhbərsinizsə və müəllimsinizsə
bunu etməlisiniz və o mövqedə olmalısınız
ki, təhsil vasitəsilə insanları bu yola məhz sövq
edə, öz şəxsi nümunənizi göstərə
biləsiniz.
Mən Ulu Tanrıdan
hamıya xeyir-dua diləyirəm və uğurlar
arzulayıram.
Sağ olun, Ulu Tanrı sizi qorusun.
***
Konstantinopol Patriarxı I Varfolomeyin
müraciətini oxuyan Fransa Mitropoliti və Ekonomik
Patriarxlığın eqzarxı Emmanüel ADAMAKİS dedi:
- Zati-aliləri, cənab Prezident
İlham Əliyev.
Böyük məmnuniyyətlə
burada Ekümenik Patriarx həzrətləri I Varfolomeyin
müraciətini oxuyuram:
Konstantinopol
Patriarxı I Varfolomeyin müraciəti
“Ekümenik Patriarxlığın
adından Sizi “2017 - İslam Həmrəyliyi İli: Dinlər
və mədəniyyətlərarası dialoq” mövzusunda
beynəlxalq konfrans münasibətilə təbrik etmək istəyirəm.
Biz bu mühüm təşəbbüsə
verdiyi dəstəyə görə Azərbaycan
Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham
Əliyevə və Şeyxülislam Allahşükür
Paşazadəyə xüsusi minnətdarlığımızı
bildiririk.
Bu gün keçirilən
beynəlxalq konfransın mövzusu dialoqun və həmrəyliyin
təşviq olunmasının əhəmiyyətindən,
onların mütləq bağlılığından xəbər
verir.
2016-cı ildə Pravoslav Kilsəsinin müqəddəs və
böyük şurası peyğəmbər dili ilə bəyan
etmişdir: “Dinlərarası sağlam dialoq
qarşılıqlı etimadın artmasına, sülhün təşviqinə
və barışa töhfə verir. Kilsə səmavi səltənətdə
olan sülhün Yer üzündə daha yaxşı hiss edilməsinə
çalışır. Əsl sülh
silahın gücünə deyil, yalnız özgəni
özündən seçməyən məhəbbətlə
əldə olunur. İmanın nuru özgənin
yaralarına məlhəm olmalı, onları sağaltmalı,
yeni ədavət odunu alovlandırmamalıdır. Həmrəylik sözü azadlıq, məhəbbət
və ədalət kimi məfhumlara istinad edərək sosial
ruhun tam mərkəzini özündə ehtiva edir. O, ədalətli
cəmiyyət uğrunda aparılan mübarizədə yenilməzliyi,
sosial siniflər arasında hər hansı fərq qoymadan insan
ləyaqətinə hörmətlə yanaşmanı nəzərdə
tutur. Hesab edirik ki, bəşəriyyətin gələcəyi
həmrəylik mədəniyyətinin qurulmasından
asılıdır”.
Dini ənənələrə
artıq bir-birindən ayrıca baxıla bilməz. Əksinə,
qloballaşma kimi fenomenə görə, dinlər həmrəylik
mədəniyyətinin bərpası naminə dövlət
qurumları və vətəndaş cəmiyyəti ilə
yanaşı, bir-biri ilə daha sıx işləməlidir.
Gəlin, səmimi
danışaq, bu gün dünyada özgəyə etimadın
olmaması, özgənin qeyri-düzgün şəkildə
təsvir olunması səbəbindən həmrəyliyin
böhranı yaşanır. Bizim üçün
həmrəyliyin böhranı, həmçinin məhəbbətin
böhranıdır. İlahiyyatçı müqəddəs
Con birinci məktubunda yazırdı: “Bir-birimizi Tanrıya olan
eşq naminə sevək. Eşqli hər bir məxluq
Tanrıdan dünyaya göz açır. Tanrı
onun üçün pənahdır. Eşqi
əskik olan bəndələr Tanrını tanımır,
onun eşqinə sığınmır”.
İqtisadi və sosial
problemlər öz həyatını yaşayan insanları
caynaqlarına alır, onların azadlığına, ləyaqətinə
müdaxilə edir. Dinlər gözəl mərhəmət və
həmrəylik ənənələrini inkişaf etdiriblər.
Hətta dinə bu gün rəqib
çıxanlar imanın sosial qüdrətinə, onun təsirinə
mat qalırlar. Dinlərarası dialoq, ətraf
mühit məsələləri və həmrəylik mədəniyyəti
təkcə bu nəslin məsuliyyəti olmalı deyil. Gələcək nəsillər, həmçinin
güruh və zorakılıqdan azad, çirklənməyə
və təbii dağıntılara məruz qalmayan dünyaya,
məkanı həmrəylik olan cəmiyyətə malik
olmalıdırlar.
2017-ci ilin aprelində
Əl-Əzhər Universitetində olduğumuz səbəbə
görə bu gün də müsəlman dostlarımızla
birgəyik.
Bu gün biz təkrar etmək istərdik: “Dinlərarası
dialoq dini ənənələrin fərqlərini etiraf edir,
xalqlar və mədəniyyətlər arasında sülh
şəraitində yan-yana yaşamanı və əməkdaşlığı
təşviq edir. Dinlərarası dialoq kiminsə
imanını inkar etmək deyil, əksinə, bir insanın
digərinə aid rəyinə və ya davranışına
hörmətlə yanaşmaq deməkdir. Beləliklə,
o, yanlış düşüncələri sağalda bilər,
onları havaya sovurar və münaqişələrin
qarşılıqlı anlaşma və sülh yolu ilə həllinə
töhfə verər. Yanlışlıq və
səhv düşüncələr dinin qeyri-düzgün təfsirindən
doğur. Bu gün burada bu mühüm
konfransda olmağımızla biz ən azı bir
yanlışlığa qarşı olduğumuzu bildirmək
istərdik – İslam terrorçuluqla bərabər
tutulmalı deyil. Çünki
terrorçuluq hər hansı dinə yaddır. Bu səbəbdən dinlərarası dialoq qorxunu,
şübhələri dəf edə bilər. O, sülh
üçün əhəmiyyətlidir. Lakin
qarşılıqlı etimad və hörmət daxilində olmalıdır”.
Dialoq olmadan həmrəylik mövcud ola bilməz. Dialoq fundamentalizmin məlhəmidir.
O, davranışdır və daha böyük həmrəyliyin
mənbəyidir. Yad bəndə ilə dialoq
bizim özünəməxsusluğumuza hədə deyil, əksinə,
o, əlaqələri dərinləşdirir və zənginləşdirir.
Dialoq fanatizmə və nisbiliyə müqavimətdir.
O, müxtəlifliyi və mədəniyyətlərarası
mübadiləni təmin edir. Dialoq ümidverici
fürsətdir və müsbət tapşırıqdır.
Fərqli olmaq qorxusu və yadlıq öz mədəniyyətinin
məcrasına qapanmaq deməkdir və nəticədə o,
fundamentalizmə sürükləyir.
Xanımlar və cənablar,
əziz dostlar, dünyada insanlar arasında dialoqun və həmrəyliyin
təşviqinə əlavə olaraq Pravoslav Kilsəsinin
birlik rəmzi olan Ekümenik Patriarxlığının
salamlarını sevinc hissi ilə sizə
çatdırırıq. Biz dini sosial əhatəlilik
vasitəsi kimi görməliyik və bu, bizim digər bir məsuliyyətimiz
olmalıdır. Dini əməkdaşlıq
vəzifəsi sosial çərçivəmizi aşan
metafizik çıxışlarla dinlərin sosial fəaliyyətini
daha əhatəli etmək cəhdlərimiz arasında
düzgün tarazlığın tapılmasından ibarətdir.
Belə olan halda biz düzgün yola
çıxa bilərik. Başqa sözlə
desək, biz əl-ələ verərək müqəddəs
ilə dünyəvi kəlamlar arasında formal fərqlənməni
bir araya gətirməliyik. Dini lider kimi
rolumuz yad bəndəni düzgün təsvir etmək,
dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin
təşəbbüslərinə dəstək vermək
olmalıdır. Biz əsrlər boyu
inkişaf etdirdiyimiz bacarıqları təşviq etməliyik.
Dialoq, qarşılıqlı tanınma, mədəniyyətlərarası
və dinlərarası əlaqələr və nəhayət,
həmrəylik. Sağ olun.
I Varfolomey, Konstantinopol
Patriarxı”.
***
Moskva və bütün Rusiyanın
Patriarxı Kirillin konfransa müraciətini oxuyan Novqorod və
Starorus Mitropoliti LEV dedi:
- Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev.
Möhtərəm Paşazadə.
İcazə verin, Patriarx Kirill müqəddəslərinin
təbrik məktubunu oxuyum:
Moskva və
bütün Rusiyanın Patriarxı Kirillin müraciəti
“Əziz qardaş və
bacılar. Hazırda Azərbaycan paytaxtına toplaşanları
salamlayıram. Bu konfransla “İslam Həmrəyliyi
İli” çərçivəsində Qafqaz Müsəlmanları
İdarəsinin və Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin keçirdiyi tədbirlər silsiləsi
başa çatır. Bu layihənin mədəniyyətlərarası
dialoqun və əməkdaşlığın inkişafı
üçün xüsusi əhəmiyyətini qeyd etmək və
bu təşəbbüsün digər ölkələrdə
laqeyd qalmayan insanları ilhamlandıracağına ümidvar
olduğumu bildirmək istərdim.
Müasir cəmiyyət bir çox
ciddi dünyagörüşü
çağırışları ilə toqquşur, ənənəvi
ədəb normaları korroziyaya məruz qalır, Xeyir ilə
Şər arasında sərhədlər silinir, din ictimai həyatın
kənarına sıxışdırılır, psevdodini
ekstremizm ideyaları və dözümsüzlük geniş
yayılır. Əminəm ki, dünyəvi
dinlərin liderləri bu çağırışlara layiqli
və qəti cavab verərək qarşılıqlı
hörmətə əsaslanan əməkdaşlığın,
etiqadın və mənəviyyatın müdafiəsi mexanizmlərinin
axtarışı nümunəsi göstərəcəklər.
Qeyd etmək fərəhlidir
ki, ötən illər ərzində Azərbaycan olduqca
mühüm dinlərarası və mədəniyyətlərarası
dialoq mərkəzi statusunu özü üçün qəti
möhkəmləndirib. Şübhəsiz ki, bu məsələdə
ölkənin dövlət rəhbərliyinin böyük xidməti
var. Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadəyə
çoxillik səmərəli və etimada əsaslanan əməkdaşlığa
görə xüsusi minnətdarlığımı bildirmək
istərdim. Ümidvar olduğumu bildirirəm
ki, hazırkı konfransın işi xalqlarımızın həyatında
ənənəvi dini-mənəvi dəyərlərin təsdiqinə,
dinlərarası sülhün və regionda əməkdaşlığın
möhkəmlənməsinə kömək edəcək.
Konfrans iştirakçılarına bol-bol ruhi və
cismani qüvvə, məhsuldar diskussiya, xoş təşəbbüslərində
uğurlar və xeyir-dua diləyirəm.
Kirill, Moskva və
bütün Rusiyanın patriarxı”.
***
Ümumgürcüstan
Katolikos-Patriarxı II İliyanın konfransa müraciətini
oxuyan Axaltsixi və Tao-Klarcet Mitropoliti, Katolikos-Patriarx II
İliyanın Vikarisi və xüsusi nümayəndəsi
TEODOR dedi:
- Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə həsrətləri.
Dini qurumların nümayəndələri
və “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda beynəlxalq konfrans
iştirakçıları.
İcazə verin,
Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın
müraciətini səsləndirim:
Ümumgürcüstan
Katolikos-Patriarxı II İliyanın müraciəti
“Zati aliləri, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə həzrətləri.
Dini təşkilatların nümayəndələri
və “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası
dialoq” mövzusunda beynəlxalq konfrans
iştirakçıları.
Qədim Gürcüstan
Pravoslav Kilsəsi adından və şəxsən öz
adımdan hamınızı salamlayıram. Şeyxülislam
Allahşükür Paşazadəyə, eləcə də
konfransın təşkilatçılarına belə mötəbər
tədbirdə iştirak etmək imkanı yaratdıqlarına
görə dərin hörmətlə minnətdarlığımızı
bildiririk.
Bu konfransın da xidmət
etdiyi dinlər və mədəniyyətlər arasında
dialoq bütün dünyada öz tərəfindən
sülhü və sabitliyi təmin edən fundamental istiqamətdir. Hamı bununla
razılaşır ki, hazırda etiqad müxtəlifliyi
xalqların dinc yanaşı yaşamasına mane
olmamalıdır. Bizim dövlətlərimiz - Azərbaycan
ilə Gürcüstan, ölkələrimiz və
xalqlarımız, Gürcüstan Pravoslav Kilsəsi ilə
Qafqaz Müsəlmanları İdarəsi arasında
qarşılıqlı münasibətləri, eləcə də
mənimlə Şeyxülislam Allahşükür Paşazadə
arasında çoxillik şəxsi sıx bağları
qardaşlıq məhəbbəti nümunəsi
adlandırmaq olar. Lakin təəssüf ki,
müvafiq nümunələrə hazırkı dövrdə
artıq tez-tez rast gəlinmir.
Son vaxtlar müxtəlif
ölkələrdə baş vermiş terror aktlarını və
Yaxın Şərqdə vəziyyəti nəzərə
alaraq hesab edirik ki, müasir dünya qarşısında duran
bütün yeni və mürəkkəb
çağırışların əsas səbəbi mənəvi
dəyərlərin alçaldılması və inkar edilməsidir. Bu da
qarşılıqlı anlaşmanın və etimadın
itirilməsinə gətirib çıxarır. Bunun nəticəsində də qarşıdurmalar və
münaqişələr yaranır. Buna
görə də belə çətin dövrdə həm
siyasi, həm də dini liderlərin üzərinə
xüsusi vəzifələr düşür. Bu liderlər cəmiyyətə düzgün istiqamət
təklif edərək, sülhə və tolerantlığa cəhdləri
möhkəmləndirməlidirlər. Konfranslar,
görüşlər və müxtəlif tədbirlər
bunun üçün münbit şərait yaradır. Təhsil, elmi, tibbi, sosial, mədəni və digər
sahələrdə də birgə layihələrin həyata
keçirilməsi ciddi fayda daşıyır.
Qeyd etmək lazımdır
ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü
və dəstəyi, Şeyxülislam Allahşükür
Paşazadənin iştirakı ilə öz dəyərli
töhfəsini və müasir çağırışlara
cavab verən xeyli mühüm layihələr işlənib
hazırlanıb. Əminik ki, hazırkı konfransın
yekunları da həm regional, həm də beynəlxalq miqyasda
çox faydalı olacaq, ümummənəvi dəyərlərin
qorunmasına və möhkəmlənməsinə təkan
verəcək. Bu da insanların və
xalqların qarşılıqlı hörmət və
uzunmüddətli dinc yanaşı mövcudluğu
üçün təməldir. Belə ki, müqəddəs
peyğəmbər David Vaiz yazırdı: “Dünyada ən
böyük gözəllik insanların birlikdə dinc
yaşamasıdır”. Bizim ən xoş
arzularımızı qəbul edin.
II İliya,
Ümumgürcüstan Katolikos-Patriarxı”.
***
Sonra ISESCO-nun baş direktoru
Əbdüləziz Əl-Tuveycri çıxış etdi.
Baş direktor
Əbdüləziz Əl-Tuveycrinin çıxışı
-Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev.
Hörmətli konfrans
iştirakçıları.
2017-ci il “İslam
Həmrəyliyi İli”ndə dinlər və mədəniyyətlər
arasında dialoqa həsr olunmuş bu konfransda Sizi görməkdən
məmnunluq hissi duyuram. Əvvəlcə bu vacib
konfransın təşkilinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü
bildirmək istəyirəm. Eyni zamanda, bu
vacib və əhəmiyyətli konfransın keçirilməsi
bütün dünya qarşısında İslam aləminin həmrəyliyinin
bariz nümunəsidir. Xüsusən də hesab edirik ki,
müsəlmanların ilk qibləsi olan Qüdsi-Şərifin
müdafiə olunmasında və bu problemin tezliklə ədalətli
həllinin tapılması istiqamətində bu cür
konfransların böyük əhəmiyyəti var. Eyni zamanda,
hesab edirik ki, Fələstin dövlətinin yaradılması
və Qüdsi-Şərifin onun paytaxtı elan olunması
bizim mədəniyyətimizin və dinimizin ayrılmaz hissəsidir.
Bu fürsətdən istifadə
edərək, Azərbaycan Respublikasının sabit, davamlı
mövqeyini və Azərbaycan Prezidenti İlham Əliyevin
davamlı səylərini və İslam aləmində həmrəyliyin
gücləndirilməsi üçün göstərdiyi səyləri
xüsusi qeyd etmək istəyirəm.
Biz hesab edirik ki,
anlayışın və tolerantlığın, xalqlar
arasında birgə yaşayışın təşviqi
işində Azərbaycanın rolu danılmazdır. Eyni zamanda,
ümmətimizin qarşılaşdığı problemlərin
və çağırışların həllində, həmçinin
ümmətimizin daha da inkişafı və rifahı istiqamətində
atılan addımlar da təqdirəlayiqdir. Biz İslam aləmində dinlər və mədəniyyətlər
arasında anlayışın və əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində səylərimizi əsirgəmirik.
Gündən-günə inkişaf edən
Bakı şəhərində Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə vacib əhəmiyyət kəsb
edən bir sıra konfranslar və forumlar keçirilib. Bu forumlarda, konfranslarda müxtəlif dinlərin, mədəniyyətlərin
nümayəndələri iştirak ediblər. Ona
görə mən hesab edirəm ki, 2017-ci ilin Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan olunması çox
müdrik bir qərardır və İslam aləmində həmrəyliyin
möhkəmlənməsinə göstərilən səylərin
bariz nümunəsidir. Bu qərar əlbəttə
ki, İslam ölkələri arasında əməkdaşlığın
möhkəmləndirilməsini, əlaqələrin daha da
gücləndirilməsini və koordinasiyasını tələb
edən vacib qərardır.
Azərbaycan
Respublikasının möhtərəm Prezidenti İlham
Əliyev və hörmətli konfrans
iştirakçıları. Mən
düşünürəm ki, biz İslam mədəniyyətinin
və əxlaqının gələcək nəsillərə
daha da yaxşı aşılanması üçün əlimizdən
gələni etməliyik və onları həmrəylik hissləri
ilə böyütməliyik. İslam aləminin
gələcəyinin qurulması gələcək nəsillərin
üzərinə düşəcək. İslam
ölkələrinin gələcəkdə davamlı
inkişafı və rifahı məhz bizim gələcək nəsillərin
səylərindən asılı olacaq. Arzu
edirəm ki, İslam aləmində təhlükəsizlik,
sülh və əmin-amanlıq bərqərar olsun. Mən bu fürsətdən istifadə edərək
təklif edirəm ki, İslam həmrəyliyi mövzusu
bütün İslam aləmində məktəblərin,
universitetlərin tədris proqramlarına daxil edilsin. Hesab edirəm ki, ISESCO və İslam ölkələrinin
universitetləri bu məsələnin
araşdırılmasına başlayacaq.
Gələcək nəsillərin
İslam həmrəyliyi ruhunda tərbiyə olunması,
İslam ölkələrinin inkişafı üçün
böyük tədbirlər görülməlidir. İslam aləminin
üzləşdiyi çağırışa qarşı
biz birgə səylər göstərməliyik. Əlbəttə, hesab edirəm ki, bütün
İslam aləminin xalqları, eyni zamanda, dünyada mövcud
olan bütün xalqlar işğala qarşı
olmalıdırlar. Azərbaycan neçə
illərdir ki, Ermənistan tərəfindən işğala məruz
qalıb və Azərbaycan xalqı bu işğaldan əziyyət
çəkir. Bu məsələdə
beynəlxalq qurumların qərarları və qətnamələri
yerinə yetirilmir. Hesab edirik ki, azərbaycanlı
məcburi köçkünlər və qaçqınlar
tezliklə öz doğma yurdlarına
qayıtmalıdırlar.
Eyni zamanda, Mərkəzi
Afrika Respublikasında baş verən hadisələr də
dediklərimizin bariz nümunəsidir. Çünki bəzi
ölkələr hesab edirlər ki, onlar xristian ölkələridir.
Burada baş verən hadisələr də bizi
çox narahat edir.
İslam bütün
dünya üçün mərhəmət dini kimi göndərilib. Biz İslam
ölkələrinin bir-birinə qarşı
çıxış etdiyinin, bir-birini
qırdıqlarının şahidi olanda çox pis oluruq.
Arzu edirik ki, İslam aləmində baş verən
bütün mənfi hadisələr aradan qalxacaq, həmrəylik
və qardaşlıq hisləri daha da güclənəcək.
Bunun üçün ədalətli və
insaflı şəkildə əməkdaşlıq etmək
lazımdır.
Əlbəttə ki, biz
torpaqdan yaranmışıq və torpağa dönəcəyik. Allah-Təaladan
arzu edirik ki, o, bizi düz yola yönəltsin. Allah-Təala öz peyğəmbərlərini yerə
rəhmət, mərhəmət kimi göndərib. Hesab edirik ki, bütün dünyadakı mömin
insanlar bəşəriyyətin çiçəklənməsi
uğrunda səylərini əsirgəməməlidirlər.
Diqqətinizə görə çox sağ
olun. Hamınıza təşəkkürümü
bildirirəm. Allah sizin bütün işlərinizi
müvəffəq eləsin. Hamınıza
uğurlar arzu edirəm.
Allah-Təala bu gözəl
ölkəni – Azərbaycanı qorusun. Azərbaycan
bütün dünya üçün birgə
yaşayışın, dostluğun, qardaşlığın,
dinlər və mədəniyyətlər arasında dialoqun
bariz nümunəsidir. Bütün
bunların hamısı Azərbaycan Prezidenti İlham
Əliyevin müdrik siyasətinin nəticəsidir. Bu, Prezidentin müsəlmanın, xristianın və
yəhudinin bir ölkədə qardaş kimi yaşaması
istiqamətində səylərinin və onun arzularının
bariz nümunəsidir. Bu ölkə, qeyd
etdiyimiz kimi, doğrudan da bütün dünya
üçün bir nümunədir. Cənab Prezident,
Allah Sizə bütün işlərinizdə uğurlar nəsib
etsin. Azərbaycana, Sizə uğurlar diləyirəm.
Çox sağ olun.
***
Daha sonra Qafqaz Müsəlmanları
İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri
Şeyxülislam Allahşükür Paşazadə
çıxış etdi.
Şeyxülislam
Allahşükür Paşazadənin çıxışı
-Bugünkü mötəbər tədbirimizdə
iştirak edən möhtərəm dövlət, din, elm və
ictimaiyyət xadimlərini salamlayır, Zirvə
görüşümüzün işinə Uca Rəbbimizdən
xeyir-dualar diləyirəm.
Tarix boyu Azərbaycan
multikulturalizm, dini həmrəylik mühitinin və
sivilizasiyalararası dialoqun təşəkkülündə,
İslam mədəniyyətinin dünyada yayılmasında
mühüm rol oynayıb. Bu gün də
multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər,
yəhudilər və digər din mənsubları dostluq,
qardaşlıq şəraitində yaşayır, dövlətin
diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin
nadir nümunəsi mövcuddur.
Möhtərəm konfrans
iştirakçıları, dini və milli zəmində
ekstremizm, terrorizm, islamofobiya, radikalizm təzahürlərinin
tüğyan etdiyi, miqrant böhranının
yaşandığı müasir dövrdə Azərbaycan
dövlətinin başçısı Zati-aliləri Prezident
İlham Əliyev xalqımızın ənənəvi milli,
tarixi irsinə istinadən 2017-ci ili “İslam Həmrəyliyi
İli” elan etməklə dilindən, dinindən asılı
olmayaraq dünyamızı ümumbəşəri önəm
kəsb edən sülh və ədalət ideyalarının ətrafında
cəm olmağa çağırır.
Azərbaycan liderinin İslam
həmrəyliyi çağırışı bəşəriyyətin
ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs
yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət
nümunəsi təqdim edən dövlətimizin
başçısının
çağırışları həm siyasət, həm də
din xadimləri tərəfindən yüksək dəyərləndirilir,
beynəlxalq ictimaiyyətin rəğbətini qazanır.
Bugünkü beynəlxalq konfransımıza təşrif
buyurmuş dəyərli qonaqlarımızın
coğrafiyası – dünyanın müxtəlif qitələrindən
gəlmiş mötəbər şəxsiyyətlərin tədbirimizdə
təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər
Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri
ümumi, bəşəri məramlara xidmət edən
missiyadır və Azərbaycan dövlətinin dünyada gedən
proseslərə özəl, dəyərli töhfəsidir.
Bizim dövlətimiz bu uğurlara
multikulturalizm və dini həmrəyliyin bünövrəsini
qoyan ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq
məfkurəsi sayəsində nail oldu. Zati-aliləri
Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan
bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək
qüdrətinə malikdir. Azərbaycanın
Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım
Əliyevanın beynəlxalq müstəvidə fəaliyyəti
ölkəmizin bu istiqamətdə söz sahibinə
çevrilməsinə xidmət edir.
Biz Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə birlikdə istər
Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri
çərçivəsində dünyanın müxtəlif
nöqtələrində - Böyük Britaniyada,
İspaniyada, İsveçdə, Finlandiyada, Özbəkistanda,
Rusiyada, Türkiyədə, İranda keçirdiyimiz beynəlxalq
tədbirlərdə dövlətimizin
başçısının irəli sürdüyü
ideyaların mənəvi əzəmətinin, həm müsəlmanlar,
həm də qeyri-müsəlmanlar tərəfindən
böyük ehtiram və dəstəklə
qarşılandığının bilavasitə şahidi
olduq.
İnsan həyatının
qorunub saxlanılması, sülhün və sabitliyin bərqərar
edilməsi yönündə addımların
atılmasının zəruri olduğu narahat dünyamızda
dini hisslərdən siyasi məqsədlər üçün
sui-istifadə yolverilməzdir. Qüds ətrafında
son günlər cərəyan edən hadisələr BMT-nin
Qüdsə dair tarixi qərarının yerinə yetirilməsi
vacibliyini bir daha gündəmə gətirdi. Necə ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin
zamanında yerinə yetirilməməsi səbəbindən Azərbaycanın
20 faiz ərazisi indiyədək Ermənistanın işğalı
altındadır. Biz dünyada bütün
münaqişələrin beynəlxalq hüququn normaları əsasında
sülh yolu ilə ədalətli həllində israr edirik.
Zati-aliləri, İslam həmrəyliyinin
bariz nümunəsi olan İstanbul Zirvə
görüşündə Qüdsi-Şəriflə
bağlı çıxışınızı bütün
müsəlman dünyası olduqca yüksək dəyərləndirir. Yeri gəlmişkən, həmin
mötəbər tədbirdə İslam həmrəyliyinə
dair Bakı konfransını xatırlatmanız bugünkü
tədbirimizə verdiyiniz önəmin və qiymətin ali göstəricisi oldu.
Zati-aliləri, Siz bizlərə - Azərbaycan
xalqına və bütün dünyaya “İslam Həmrəyliyi
İli”ni bəxş etdiniz. Əslində,
Siz “İslam Həmrəyliyi İli” elan etməklə
miqyasına və əhəmiyyətinə görə Azərbaycanın
sərhədlərinə sığmayan, zaman baxımından
il çərçivəsi ilə məhdudlaşmayan
bir ideya irəli sürmüş oldunuz.
Zati-aliləri, ümumbəşəri
önəm kəsb edən tarixi
çağırışlarınız narahat
dünyamızın ehtiyac duyduğu dəyərli
missiyadır.
Dünyada sülh naminə insan həmrəyliyinə
xidmət edən qlobal səyləriniz Uca Yaradanımıza
xoş gələn əməllərdir. Qoy,
Allah-Təala Sizin ədalətin təntənəsi naminə
gördüyünüz işlərə rəvac versin, gələcək
qlobal fəaliyyətlərinizə yeni zəfərlər bəxş
etsin. Müqəddəs Kitabımız “Qurani-Kərim”də
buyurulduğu kimi:
“Ey insanlar! İçərinizdə
(insanları) xeyrə çağıran, yaxşı işlər
görməyi əmr edən və pis əməlləri
qadağan edən bir camaat olsun! Məhz onlar
nicat tapmış kimsələrdir” (Ali-İmran, 104).
Möhtərəm konfrans
iştirakçıları, sizlərə bir daha Azərbaycana
“Xoş gəlmisiniz” deyir, bugünkü beynəlxalq
konfransımızın işinə Uca Allahdan xeyir-dualar diləyirəm.
Vəs-səlamu əleykum və
rəhmətullahi və bərəkatuhu.
***
Sonda xatirə şəkli
çəkdirildi.
***
Beynəlxalq konfrans işini
plenar iclasla davam etdirdi.
Azərbaycan.- 2017.- 22 dekabr.- S. 1-4.